Gənc rəssam Mahizər Sadıqlının şagirdlərinin əsərlərindən ibarət “Sevgi Palitrası” adlı sərginin açılışı keçirildi +FOTO=19
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Qayğı – Sağlam Nəsil Naminə İctimai Birliyinin dəstəyi ilə
28 noyabr, saat 19:00-da Muzey Mərkəzində baş tutan “Sevgi Palitrası” adlı rəsm sərgisi müxtəlif inkişaf məhdudiyyətli, o cümlədən daun sindromlu uşaqların yaratdığı əsərlərdən ibarətdir. Sərgi 3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü çərçivəsində keçirilən tədbirlər silsiləsinə daxil edilərək, həm sosial bir çağırış, həm də insani bir duyarlılığın ifadəsinə çevrilmişdir.
AZpress.AZ xəbər verir ki, bu sərgi sadəcə rəsm nümayişi deyil, hər bir uşağın öz daxili aləmini, hislərini, xəyal dünyasını və düşüncələrini rənglərlə ifadə etdiyi bir duyğu platformasıdır. “Sevgi Palitrası” yaradıcılığın məhdudiyyət tanımadığını, əksinə, hər bir fərdin içindəki gözəlliyin doğru şəraitdə necə çiçəkləndiyini göstərir. Bu layihənin əsas məqsədi, məhdudiyyətli uşaqların cəmiyyətə daha fəal inteqrasiyasına dəstək vermək, onların yaradıcılıq qabiliyyətlərini geniş auditoriyaya tanıtmaq, uşaqların özünə inamını gücləndirmək və onların daxili potensialını ortaya çıxarmaq, ictimaiyyətin diqqətini həssas sosial mövzulara cəlb etmək, cəmiyyətdə inklüzivlik mədəniyyətini təşviq etməkdir.
Sərgidə 20 ədəd qarışıq texnikalı əsər nümayiş olunur. Bu əsərlər 21 uşağa məxsusdur. Sözügedən rəsmlər bəzən bir uşağın sükuta bürünmüş iç dünyasını, bəzən isə həyəcanını, sevincini, narahatlığını, arzularını və dünyaya özünəməxsus baxışını ifadə edir. Sərginin ideya müəllifi və uşaqların müəllimi, gənc rəssam Mahizər Sadıqlı bu layihənin ən böyük ilham qaynağıdır. Onun fəaliyyəti sadəcə müəllimlik deyil, qəlbə toxunan sənət yolçuluğudur. Klassik müəllim anlayışından fərqli olaraq, o, uşaqlara sadəcə rəsm çəkməyi öyrətmir, onlara özlərini kəşf etməyə, duyğularını kətan üzərinə axıdaraq rahatlamağa, hislərini sözsüz danışmağa imkan yaradır. Mahizər Sadıqlının fədakarlığı, səmimiyyəti və tükənməz səbrinin nəticəsi olaraq “Sevgi Palitrası” sərgisi dünyanı başqa gözlə görməyin mümkün olduğunu sübut edir.
Sərgi eyni zamanda onun illərlə göstərdiyi zəhmətin, yaradıcılıq enerjisinin və uşaq qəlbinə toxunan dərin sevginin bəhrəsidir.
Sərginin koordinatoru - Ziyarət Cabarova Qəhrəmanovadır. Onun peşəkarlığı, təşkilatçılıq bacarığı və sərgi konsepsiyasının düzgün qurulmasına verdiyi töhfə layihənin uğurunda mühüm rol oynayır. Açılış mərasimində Qayğı – Sağlam Nəsil Naminə İctimai Birliyinin nümayəndələri, bir çox tanınmış rəssamlar, ictimai xadimlər və sənətsevərlər iştirak etdi. Ziyarətçilər uşaqların yaratdığı əsərlərlə onların xəyal dünyasına səyahət edərək, duyğularını rənglərlə necə dilə gətirdiklərini görüb, uşaqların cəmiyyətin dəyərli bir parçası olduqlarını hiss açıq-aydın hissetdilər.
“Sevgi Palitrası” sərgisi sevginin, fədakarlığın və inanmanın gücünü bir daha ortaya qoyur. Bu sərgi bütün insanları bir daha düşünməyə, hiss etməyə və uşaqların rəngli dünyasını anlamağa dəvət edir.
Sərgi iki gün gün davam edəcək.


