"Şəhidləri kitablarda yaşadırıq" adlı tədbir keçirildi
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı şairə Esmira Günəş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin dəstəyi ilə şanlı zəfərimizin 5 illiyi ərəfəsində şəhidlər haqqında yazdığı kitabların Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təqdimatını keçirib. Tədbirdə fərqli bölgələrdən gələn Şəhid ailələri, qazilər, hərbiçilər, şairlər, jurnalistlər, musiqiçilər, "Şəhid ailələrinə qayğı" İB-nin nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbir Şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut və Azərbaycan Respublikasının Himni ilə açıq elan olunduqdan sonra bəddi və rəsmi hissənin ahəngi tədbir boyu davam edib. Bir-birindən maraqlı çıxışlarla yanaşı, tədbirdə şairə Esmira Günəşin şəhidlərə həsr etdiyi şeirlər səslənib, şeirlərinə bəstələnən musiqilər Ruslan Əkbərov və Leyla Məmmədova tərəfindən ifa olunub. Tədbirdə həmçinin bəstəkar Lalə Şirinin şair Rafiq Yusifoğlunun sözlərinə bəstələdiyi musiqilər də Sumqayıt şəhər Səid Rüstəmov adına musiqi məktəbinin xor kollektivi tərəfindən ifa olunub.
Tədbirin gedişatında gitarist Həsən Persiyaninin müşaiyəti ilə şairə Esmira Günəşin öz qiraəti tədbirə bir başqa abu-hava qatıb.
Tədbir boyu monitorda şairə Esmira Günəşin şəhidlərin xatirəsinə həsr etdiyi kitabların PDF-i canlandırılıb. Kitabda yer alan şəhidlərin şəkilləri şagirdlər tərəfindən səhnəyə çıxarılıb. Tədbirin sonunda şairə xanıma şəhid ailələri tərəfindən TƏŞƏKKÜRNAMƏ və gül buketləri təqdim olunub. Xüsusilə də Şabrandan gələn şəhid ailələri ilk Qarabağ savaşlarının canlı şahidləri kimi illər sonra şəhidlərinin unudulmadığını hiss etdikləri üçün tədbirin təşkilatçılarına təşəkkür ediblər.
Qeyd edək ki, şairə Esmira Günəş ölkəmizdə yaradıcılığını tamamilə şəhidlərə həsr edən yeganə yazardır. Yaşı az olsa da, 32 kitabın müəllifidir. Kitablarından 27 si məhz şəhidlərimizin xatirəsinə həsr olunub.


