Gənc cüdoçularımız DÇ-da yarışacaqlar
5-8 oktyabr günlərində Perunun paytaxtı Limada gənc cüdoçular arasında dünya çempionatı keçiriləcək. Dörd gün davam edəcək turnirdə Azərbaycan cüdoçuları da tatami üzərinə çıxacaqlar. ACF-dan verilən məlumata görə, ölkəmiz bu yarışda 5 çəki dərəcəsində 8 (6 oğlan və 2 qız) idmançı ilə təmsil olunacaq.
Baş məşqçisi Rüstəm Alimli və məşqçisi Elxan Rəcəbli olan oğlanlardan ibarət komandamızın heyətində Nihad Məmişov, Fərid Qarayev (hər ikisi 60 kq), Məhəmməd Musayev, Nizamı İbrahimov (hər ikisi 66 kq), Süleyman Şükürov (81 kq) və Ramazan Əhmədov (+100 kq) yer alıb.
Baş məşqçi Amina Abdellatif və məşqçi Saşa Herkenart-Vimarin rəhbərliyi altında mundiala qatılacaq gənc qızlardan ibarət yığma komandanın heyətinə isə Xədicə Qədəşova və Aydan Vəliyeva (hər ikisi 52 kq) cütlüyü cəlb edilib.
Dünya çempionatında 66 ölkəni təmsil edən 454 (242 oğlan və 212 qız) medallar uğrunda mübarizə aparacaq.
İNTİQAM Məmmədov


