Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gənc istedadların səhnə uğuru – “GəncliyimİZ Teatrda – I Teatr Festivalı” uğurla baş tutdu +FOTO=16

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə “GəncliyimİZ Teatrda – I Teatr Festivalı” öz qapılarını tamaşaçılar üçün açdı. Gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, teatr sahəsinə marağının artırılması və sənət mühitində fəal iştirakının təşviqi məqsədilə keçirilən bu festival Ə.Əmirov adına Mədəniyyət Sarayının təşəbbüsü və ev sahibliyi ilə, “GəncliyimİZ Teatrda” Müstəqil Teatr Truppası, “Gənclərin Töhfəsi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı şəhəri Gənclər və İdman İdarəsi və Azərbaycan Teatr Xadimləri İttifaqının tərəfdaşlığı ilə həyata keçirildi.

Festivalın açılışında çıxış edən “GəncliyimİZ Teatrda” Müstəqil Teatr Truppasının təsisçisi və bədii rəhbəri Orxan Hacıyev tədbir iştirakçılarını salamlayaraq layihənin yaranma məqsədi, məramı və bu kimi təşəbbüslərin gənclərin estetik tərbiyəsindəki rolu barədə geniş məlumat verdi. O, festivalın hər bir iştirakçısı üçün dəyərli təcrübə məkanı olduğunu vurğulayaraq, komandaları teatr dünyasında daha uğurlu gələcək addımlar atmağa ruhlandırdı.

Festival çərçivəsində tələbə və məktəblilər tərəfindən səhnələşdirilən və müxtəlif janrları əhatə edən dörd tamaşa nümayiş olundu:

- Üzeyir Hacıbəylinin “Arşın mal alan”

- Luigi Pirandellonun “Ağzı çiçəkli adam”

- Vladimir Siqarevin “Şeytan ailəsi”

- Frans Kafkanın “Çevrilmə”

Tamaşalar peşəkar münsiflər heyəti - Azad Şükürov, Məhəmməd Verdizadə, Sevda Teymurova, Hafiz Quliyev tərəfindən qiymətləndirildi. Festivalın sonunda aşağıdakı nominasiyalar üzrə qaliblər elan olundu:

 Ən yaxşı tamaşa – “Çevrilmə”

 Ən yaxşı rejissor – Elşən Kərimov

 Ən yaxşı aktyor – Feyruz Bayramov

 Ən yaxşı aktrisa – Nərmin Məmmədova

Qaliblərə xüsusi hazırlanmış plaketlər təqdim olundu. Eyni zamanda festivalda iştirak edən bütün yaradıcı heyətlər və könüllülər təşkilatçılar tərəfindən sertifikatlarla təltif olundu.

Bağlanış mərasimində “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev çıxış edərək festivalın gənclər üçün yaratdığı imkanlardan və belə təşəbbüslərin cəmiyyət üçün daşıdığı sosial-mədəni əhəmiyyətdən söz açdı. Daha sonra Bakı şəhər Gənclər və İdman İdarəsinin nümayəndəsi Zamin Əhmədov çıxış edərək iştirakçılara təşəkkürünü bildirdi və teatr fəaliyyətində uğurlar arzuladı. Tədbirin sonunda münsiflər heyəti çıxış edərək nümayiş etdirilən tamaşalar barədə təhlillərini paylaşdı, iştirakçılara yaradıcı tövsiyələr verdi və onların peşəkar teatr həyatında uğurlu başlanğıc etdiklərini qeyd etdilər.

Best coffeeshop in Berlin