İtaliyada keçirilən Avropa çempionatında üç Azərbaycan güləşçisi finala yüksəlib
İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında Azərbaycanın üç yunan-Roma güləşçisi finala yüksəlib.
İlk yarış günündə Turan Daşdəmirov (55 kq) gürcüstanlı Koba Karumidze (4:4), erməni Levon Kazaryan (1:1) və ukraynalı Nazariy Babinskiyə (3:1) qalib gələrək finala yüksəlib.
O, həlledici görüşdə rusiyalı İvan Solominlə qarşılaşacaq.
Tural Əhmədov (63 kq) italiyalı Emanuele Pollino (8:0), bolqar Kristian Milenkov (4:0), macar Bende Olas (3:1) və yunan Marios Kapantaisi (11:1) məğlub edərək finala vəsiqəni təmin edib. Həlledici görüşdə Tural rusiyalı İqor Punçenko ilə güləşəcək.
Davud Məmmədov (77 kq) moldovalı Konstantin Taska (11:0), türk Yusuf Tosun (3:3) və erməni Samvel Terteryanı (4:1) məğlub edərək finala vəsiqə qazanıb. Davud qızıl medal uğrunda gürcüstanlı Anri Putkaradze ilə döyüşəcək.
Qeyd edək ki, final döyüşləri sabah baş tutacaq.


