Əlizaman Baxışın şeirləri
Əlizaman Baxış (Baxışov Əlizaman Əsgər oğlu) 1950-ci ildə Masallı rayonunun Hacıtəpə kəndində anadan olub. 1969-cu ildə Lənkəran Pedoqoji məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirib. 2015-ci ilədək müəllim işləyib.
Gənc yaşlarından müxtəlif mətbuat orqanlarında publisistik və bədii yazıları ilə çıxış edib. “Hacıtəpə - keçmişdə və indi”, “Qayaların dağ harayı”, “Ömür kitabı”,“Kəndimizin qartalları” bədii-publisistik, “Yaxşı ki varsan”, “Analı dünyamdan gəlmişəm” şeirlər və hekayələr kitabının müəllifidir.
“AZpress.AZ” İnformasiya Agentliyi 75 yaşlı şairin sayca yeddinci kitabından bir neçə şeirini oxuculara təqdim edir:
ŞƏHİDİM
Neçə papaq başsız qaldı,
Vətən neçə daşsız qaldı!
Yaşlanmadı, yaşsız qaldı,
ŞƏHİDİM!
Görünməyən tarix yazdı,
Yağılara qəbir qazdı!
Dəmir yumruğuyla əzdi,
ŞƏHİDİM!!
Torpaq oldu sözü, andı,
Əhd elədi: “Qana qandı!”
Qarabağ Azərbaycandı –
ŞƏHİDİM!
Döyüşməyə ellə getdi,
Vətən sevgisiylə getdi!
Düşmən üstə güllə getdi,
ŞƏHİDİM!
“Əbədi Məşəl” yanacaq!
Xalqım min illər anacaq!
Unudulmayacaq sonacan –
ŞƏHİDİM!!
27.09.22.
RƏSSAM, MƏN ÇƏKİM
Rəssam, bu Torpağın rəsmini səksən,
Dağların özün çək, düzün mən çəkim!
Çəkdiyin dənizin, bulağın, çayın
Harayın mən çəkim, sözün mən çəkim!!
Sən çək şairlərin duyğularını,
Elinə, yurduna sayğılarını!
Şəhid anasının qayğılarını –
Yollara boylanan gözün mən çəkim!
Sən çək başım üstə qara buludu,
Bəxtimin mabədi qardı, doludu!
Çəkdiyin yol ki var, tale yoludu –
Qoy bəxtin, taleyin özün mən çəkim!!
Ömrümün gördüyün bu çağın sən çək,
Qara günlərimin apağın sən çək!
Yurdumun-yuvamın ocağın sən çək,
Alovun mən çəkim, közün mən çəkim!!!
Rəssam, çək yurdumun incə gülünü,
Ayna bulağını, durna gölünü!
Ruhuna çatanda saxla əlini,
Dərgaha baş vurum, gəzim, mən çəkim!
Bu Vətən, bu Torpaq, bu sonsuz səma,
Çək, halalın olsun, çəkmirəm, demə!
Qardaş, insanlara çatanda amma
Çörəyin mən çəkim, duzun mən çəkim!!
08.12.22.
ŞƏHİD ANA
(Oğulları şəhid olmuş analar da şəhiddir)
Şəhid ana, bu dərdi tək ağlama,
Gəl qolunu boynuma sal, ağlayaq!
Doğma oğul olmaq sənə çətindir,
Oğul kimi qoynuna al, ağlayaq!
Lənət deyim xeyirəmi, şərəmi?
Göz yaşları dərdimizə çarəmi?
Aşıq, bu gün çalma Yanıq Kərəmi,
“Vağzalı” çal, “Vağzalı” çal, ağlayaq!
Şəhid ana, özünə gəl, dur, ayıl,
Bu, tək sənin çəkəcəyin dərd deyil!
Nə dizlərin bükülməsin, nə əyil,
Ayaq üstə mərdanə qal, ağlayaq!
Şəhid ana, xalq hamısı birhallı,
Neçə oğul tək ayaqlı, tək əlli,
Necə verək analara təsəlli!?
İmkan verin, qoyun bol-bol ağlayaq!
Şəhid ana, hər dərdimiz Vətəndir,
Şəhid olan hər mərdimiz Vətəndir!
Yolunda qan tökdüyümüz Vətəndir –
Vətən yaşa, Vətən sağ ol!! Vətəndə
qoy sevincdən, qoy fərəhdən ağlayaq!
26.09.23.
GƏLSİN
Bahar havası tək qarşıma çıxdın,
Azarın-bezarın üstümə gəlsin!
Sanki şimşək vurdu, yandırdın-yaxdın,
Ellər tamaşaya tüstümə gəlsin!
Harda qaldı o əhdimiz, sözümüz,
Aydı, ildi yolda qalıb gözümüz!
Öyrəşmişdi üzümüzə üzümüz,
Cəzası nədirsə, qəsdimə gəlsin!
Dünya başımıza dar gələr, gedər,
Dağlara sis gələr, qar gələr, gedər!
Baharda bağlara bar gələr, gedər,
Xeyirliyə danış, nəs demə, gəlsin!
Vallah, ürəklər də daş olub indi,
Ayaqda dolaşan baş olub indi.
Taleyim namərdə tuş olub indi,
Tanrı verdiyinə pis demə, gəlsin!
04.07.22.
YAR KİMİ SEVDİM SƏNİ
Aləmi-rüsva edib məni oda salan yar,
Eşqimiz dastan olub bu cahana yayıldı.
Sən təzətər növcavan, mən naümid ixtiyar,
Yuxuda gördüklərim aşkar kimi sayıldı.
Heç bilmədim, yox kimi-var kimi sevdim səni!!!
Tanrı payı sandığım yar kimi sevdim səni!!!
Nəfəsinin ətiri də dağdan əsən meh kimi,
Qoymur özümə gəlim, huşum alıb aparır!
Mən də qoşub gedirəm ağılsız səfeh kimi,
Seh(i)rləyib ruhumu, cadulayıb aparır –
Sevdim səni kor kimi, kar kimi sevdim səni!!
Tanrı payı sandığım yar kimi sevdim səni!
Nə bəladır düşmüşəm, bu nə oddur, yandırır,
Ya Rəbb, mənə verməyə özgə dərdin yoxdumu?
Bu dünyada çəkdiyim cəhənnəmi andırır,
Elədiyim günahlar savabımdan çoxdumu?
Neyləyim, oldum günah+kar kimi sevdim səni,
Tanrı payı sandığım yar kimi sevdim səni!
Söz vermişdin, baharda durnalarla gələrsən,
İndi bağın-bağçanın xəzəllənən vaxtıdır!
Ay insafsız, vəfasız, bir də gəlib görərsən,
Vaxt yetişib, başıma qar ələnən vaxtıdır!
Qışda xəstə istəyən nar kimi sevdim səni,
Tanrı payı sandığım yar kimi sevdim səni!
Demə, həyat nağılmış, sən də mahir nağılçı,
Məni ovutmaq üçün nağıllar uydurubsan!
Sən bir afəti-eşqsən, mən isə eşqin acı,
Nağılı yedizdirib, nağılla doydurubsan!
Uydurduğun nağıllar kimi sevdim səni,
Tanrı payı sandığım yar kimi sevdim səni!!
23.11.22.
SEVƏRSƏNMİ
Mən özümlə tək qalandan sənsiz günüm qaradır!
Dağ basılıb ürəyimə, cismim para-paradır!
“Peş(i)manam!” söyləməkdən dil-dodağım yaradır,
Günahımdan keçərsənmi, yenə sənə gələrsəm?
Sevərsənmi, qollarının arasında ölərsəm?
Sənsiz keçən günlərimin tamı itib, dadı yox,
Qəbahətdir bu etdiyim, bunun özgə adı yox!
Məhəbbət bir bəladır ki, nə doğması, yadı yox –
Məni xoşbəxt edərsənmi, bu bəlaya gedərsəm?
Sevərsənmi, qollarının arasında ölərsəm?
Vallah, səni həyatımın Dan ulduzu sanmışam,
Sənsiz keçən günlərimdə çatır-çatır yanmışam!
Uçub getdi səadətim, mən necə insanmışam?
Bu eşqimin arxasınca mən də pərvaz edərsəm,
Sevərsənmi, qollarının arasında ölərsəm?
Bilirəm ki, sevgi dolu ürəyini qırmışam,
Ruhum-hissim buz bağlamış, sazaqmışam, qarmışam?
Hansı bədxah gözdən keçib, səndən uzaq durmuşam?
Yeri varmı, ağ bayraqla yenə sənə dönərsəm,
Sevərsənmi, qollarının arasında ölərsəm?
15.04.21.
SEVGİ DƏ BİR NAĞILDI
Gedək
Gəl verək əl-ələ, gəzək dünyanı,
Hüdudsuz göylərə baş vuraq, gedək!
Hicranı, həsrəti doğrayıb tökək,
Verək küləklərə, sovuraq, gedək!
Geyək məhəbbətin ağ köynəyini,
Unudaq hicranın ox göynəyini,
Gözləyək taleyin yol gəlməyini,
Üç yol ayrıcında şax duraq, gedək!!
Gəl şirin eləyək dilimizi də,
Tanrıya uzadaq əlimizi də!
Sonacan bir gedək yolumuzu da,
Bu eşqi tarixə yazdıraq, gedək!!
Həyatı nağıltək keçdik, ötüşdük,
Bu yolda gör neçə divlə döyüşdük!
Acılı-şirinli nə var, bölüşdük,
Xaini-xəbisi azdıraq, gedək!
Yanvar 2024.
A KÖHNƏ KİŞİLƏR
Köhnə kişilərin sözü var idi,
Çörəyi var idi, duzu var idi!
Onda kişiliyin özü var idi,
Pulun əvəzinə söz verərdilər!!
Dediyi hər bir söz daşdan ağırdı,
Verdiyi hər bir söz başdan ağırdı!
Yerin bilərdilər böyük-kiçiyin,
Xətir də, hörmət də yaşdan ağırdı!!
Götürüb getdilər qeyrəti, arı,
Əmanət qoydular əhdi, ilqarı!
Onlara tay ola bilmədik, qardaş,
Geysək də onlardan qalan paltarı!!
Köhnə kişilərin sözü qalmayıb,
Sönüb ocaqları, közü qalmayıb!
Ləzzəti dəyişib süfrələrin də,
İtib dadı-tamı, duzu qalmayıb!!
Ay köhnə kişilər, köhnə kişilər,
Bir az gileyliyəm sizlərdən yana!
Kişilik dərsini vermədiz bizə,
Nə vaxt qayıdarsız bir də bu yana!??
ANA ÜRƏYİ
Anadır övladın arxa-dayağı,
Məlhəmdir, dərmandır ana ürəyi!!
Durub arxasında bir dağ sayağı,
Tükənməz ümmandır ana ürəyi!!
Odur təsəllisi dərdin-sərin də,
Göz də işıqlanır onu görəndə!
Dünyanın əlçatmaz, ucqar yerində
Olsan da, duyandır ana ürəyi!!
Sənin özündən də tez duyur səni,
Öpür üz-gözündən, oxşuyur səni!
Baxır, qürur duyur, hey öyür səni,
Boyuna heyrandır ana ürəyi!!
Daima uşaqsan ana gözündə,
“Can bala! Qurbanam sana!” sözündə!
Sevgidə fərq qoymaz, oğlun-qızın da
Dərdinə şayandır ana ürəyi!!!
Dayaqdır, həyandır ana ürəyi!!
11.07.23.
QORXURAM
İndi mənim üçün çöl bayır kimi,
Nə qardan, çovğundan, qışdan qorxuram!
Adıma deyilən böhtandan-şərdən,
Ardımca atılan daşdan qorxuram!
Yola vermək olar qarlı qışı da,
Lap elə tutaram kəsək-daşı da!
Allah göstərməsin, axmaq naşıda
Vecə yaramayan başdan qorxuram!!
İçdik badəsini dərdə dözümün,
Verdik fatihəsin aqil sözünün!
İndi düşməniyəm özüm özümün,
Duyğusuz, ürəyi boşdan qorxuram!!
Hələ bunlar nədir, insanlar, deyin,
Neçə ürəksizin, duyğusuz keyin,
Gerizəkalının, ağıldan səyin,
Dəm-dəm buraxdığı “quş”dan qorxuram!!
Əli də yollaşır bu zor Zamanla,
Azad gələcəyə ümid, gümanla!
Yollara dikilən, ahla-amanla
Gözlərdən süzülən yaşdan qorxuram!!
27.11.2024.
GEDƏR
Bu dünyanın dərd yükünü
Öz çiynində çəkən gedər!!
Qənimət bil bu gününü,
Yatan qalar, yetən gedər!!
Gəl göstər gerçək halını,
Gizlətmə qeylü-qalını.
Azma, lələ, düz yolunu,
Yolda-izdə itən gedər.
Qoru vətən torpağını,
Yandır yurdun çırağını!
Yaxşı saxla yarağını,
Yağı gələr, Vətən gedər!!
Sözü sözə calayanlar,
Sözdən ocaq qalayanlar,
Sözün dalın yalayanlar,
Sözdən uzaq ötən gedər!
Ömr elədim, vurdum başa,
Nəğmə qoşdum qələm-qaşa!
Gah savaşa, gah barışa,
Yol üstündə bitən gedər!!
YÜZÜ OLMUR
Üzü dönsün bu dünyanın,
Nə yazırsa, pozu olmur!
Çəkdirdiyi əzabların
Çoxu olur, azı olmur!!
Qucaq açır oğrulara,
Dodaq büzür doğrulara,
Gördüyümüz yuxulara
Ürəkaçan yozu olmur!
Dərd üstünə gələnlərin,
Dərdi çoxdu gülənlərin!
Xeyir işlər görənlərin
Əllərinin duzu olmur!??
Mərdə quyu qazanların,
Haqq yolunu azanların,
Əhdi-sözü pozanların
Astarı var, üzü olmur!!!
Ömür keçir narın-narın,
Üzü dönüb dostun-yarın!
Sədaqətin, etibarın
Biri olur, yüzü olmur!
18-19.12.22.
ŞEİRİMİ
Dağlardan süzülən qaynar bulaqlar
Paklayır şehirli suda şeirimi!
Laləli, süsənli, güllü yaylaqlar
Gətirir ləzzətə, dada şeirimi!!!
Vətəndən yazıram, eldən yazıram,
Alma yanaqlardan, teldən yazıram!
Yaralı bülbüldən, güldən yazıram,
Vermərəm güdaza, bada şeirimi!!
Hər misram düşməni ox kimi dələr,
Dosta məlhəm olar, üzünə gülər!
Ürək rahatlanar, ruhlar dincələr,
Verməyin, siz Allah, yada şeirimi!!
Yazıram dilimin gözəlliyindən,
Yurdumun əbədi-əzəlliyindən!
Xalqımın tarixi özəlliyindən,
Artırır qədrini bu da şeirimin!!
01.06.23.
DAŞDI ADAM
(Satirik)
Adama bax, İlahi,
Daş oğlu, daşdı adam!
Yalı-yalağı artdı,
Yolunu çaşdı adam!
Başında daşı var, çox,
Başında başı var? Yox!
Ağzında dişi var, qorx,
Kəllədi, xaşdı adam!
Baxırsan, tir, ərəndi,
Həp, gözündən görəndi!
Mazzanandı, girəndi,
Göz üstə qaşdı adam!
Ennənən dalı da var,
Dalında xalı da var!
Qabında yalı da var,
Təmiz oğraşdı adam!
Gündüzü zil gecədi,
San, islanməş cücədi!
İndi kefin necədi?
İşləri yaşdı, adam!
17.02.24.
XOŞ GƏLDİN
(Bahar şeiri)
Açıb güllər, tər çiçəklər, bahardı,
Dan sökülüb, Günəş çıxıb, səhərdi!
Neçə gündür, halım da birtəhərdi,
Nə yaxşı ki, gördüm səni, xoş gəldin!!
Səni gördüm, ağlım çıxır sərindən,
Az qalıram, dağ oynadım yerindən!
Tanrı, bizi qoru şeytan şərindən,
Uzaq eylə canı-cini, xoş gəldin!!
Arzu tutdum, bir gün bizə yar gəlsin,
Ürəyində insaf-mürvət var, gəlsin!
Qorxum yoxdu, boran gəlsin, qar gəlsin,
Pişvaz edəm, çıxam deyəm:”Xoş gəldin!”
Halal olsun sevgi ömrü sürənə,
Bu sevgini düzüb-qoşub qurana!
And içirəm o imama, Qurana –
Ürəyimdən oldu, bizə xoş gəldin!!!
24.02.23.


