Startap yolunda ilk addım: Tələbə gənclər Hakatonda bacarığını nümayiş
etdirir
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə Azərbaycan
Memarlıq və İnşaat Universitetində (AzMİU) həyata keçirilən “ConstructionTech
Incubation” layihəsinin ikinci mərhələsi olan Hakaton mayın 13-də start götürüb
və iki gün davam edəcəkdir.
İnşaat və memarlıq sahəsində innovativ həllərin axtarıldığı bu mərhələdə 21
komanda 6 əsas istiqamət üzrə müəyyən olunmuş problemlər üzərində 48 saat
ərzində intensiv işləyir. Tələbələrdən ibarət komandalar real problemlərə kreativ
yanaşmalar tətbiq edərək prototiplər hazırlayır, bu prototipləri məhsul formatında
təqdim etmək üçün ideyalarını texniki baxımdan reallaşdırmağa çalışırlar.
Hakatonun əsas məqsədi tələbələri real iş mühiti və rəqabət şəraiti ilə tanış etmək,
komanda şəklində işləmə və sürətli qərarvermə bacarıqlarını inkişaf etdirməkdir.
Bu mərhələdə komandalar arasında həm rəqabət, həm də əməkdaşlıq ruhu hökm
sürür. Tədbir müddətində iştirakçılara mentorlar və sahə üzrə ekspertlər də dəstək
göstərir.
Qiymətləndirmə meyarlarına əsasən Hakatonun sonunda təqdim edilən layihələr
münsiflər heyəti tərəfindən dəyərləndiriləcək. Yarışın qalibləri aşağıdakı şəkildə
mükafatlandırılacaq:
• I yer – 2000 AZN
• II yer – 1500 AZN
• III yer – 1000 AZN
Bu mükafatlar tələbələrin gələcək startap fəaliyyətlərinə təkan vermək və onları
daha da motivasiya etmək məqsədi daşıyır.
Layihənin birinci mərhələsi olan SSJ (Student Startup Journey) tələbə düşərgəsi
artıq uğurla başa çatıb. Düşərgəyə ümumilikdə 199 AzMİU tələbəsi müraciət edib,
onlardan 101 nəfər seçim mərhələsini keçərək təlimlərdə iştirak hüququ qazanıb.
İki ay ərzində 10 təlimçi ilə 20 təlim, 3 ekspertlə ustad dərsləri təşkil olunub. Təlim
müddətində iştirakçıların fəaliyyətləri müəyyən meyarlarla qiymətləndirilib və
təlimləri 31 tələbə uğurla tamamlayıb, 8 nəfər isə yalnız iştirakçı statusu ilə bitirib.
Sonda seçilən 3 tələbə 1000 AZN məbləğində mükafatlandırılıb.
Hakaton başa çatdıqdan sonra layihənin üçüncü mərhələsi – inkubasiya proqramı
başlayacaq. Bu mərhələdə:
• 10 təlimçi ilə 20 ixtisaslaşdırılmış təlim,
• 5 ekspertlə ustad dərsləri,
• eləcə də mentor dəstəyi həyata keçiriləcək.
İnkubasiya mərhələsində seçilmiş komandalar öz ideyalarını daha da
təkmilləşdirmək, onları real məhsula çevirmək və startap bazarına çıxmaq üçün
dəstək alacaqlar.
“ConstructionTech Incubation” layihəsi 2025-ci ilin iyul ayında yekunlaşacaq.
Layihənin sonunda ölkənin innovasiya ekosistemində yeni nəsil ixtisaslaşmış
kadrlar formalaşacaq, gənclərin ideyaları reallaşaraq startaplara çevriləcək və
universitetin elmi potensialının kommersiyalaşdırılması üçün möhkəm zəmin
yaranacaq.


