Gənc Sahibkarlar Lənkəranda bir araya gəldilər. -

Gənc Sahibkarlar Lənkəranda bir araya gəldilər.

Lənkəran şəhərində Azərbaycan Gənclər Fondunu və "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Macarıstan Gənc Sahibkarlar Assosiyasiyası”- nın dəstəyi ilə "Gənc Sahbkarlar üçün Yay Məktəbi| Biznes İnkubatorlar" layihəsi keçirildi. Yay məktəbinin əsas məqsədi Azərbaycanda biznes-inkubatorların yaradılması sahəsində xarici metodologiyaya əsaslanan baza biliklərin formalaşdırılması və bu istiqamətdə gənc sahibkarların maarifləndirilməsidir.

Azərbaycanda ilk dəfə olaraq təşkil olunan yay məktəbində “Azərbaycan Gəncliyi 2011-2015 – ci illərdə” Dövlət Proqramına əsasən ölkənin müxtəlif regionlarını təmsil edən fəal gənclər və tələbə gənclər təşkilatları nümayəndələri iştirak edib. Yay məktəbində iştirakçılara dəvət olunmuş xarici və yerli ekspertlər tərəfindən biznes-inkubatorların mahiyyəti, gənc sahibkarlığın inkişafında rolu, biznes İnkubatorların yaradılması və onlardan faydalanma imkanları, bu sahədə xarici metodologiya mövzuları tədris olunub. Yay məktəbində xarici ekspert qismində “Macarıstan Gənc Sahibkarlar Assosiyasiyası”-nın prezidenti, “Avropa Gənc Sahibkarlar Konfedarasiyası”-nın vitse-prezidenti Patrik Kovaks çıxış edib və bu sahədə təcrübəsini gənc sahibkarlarla bölüşüb. O, biznes-inkubatorlar sahəsində Azərbaycanla əməkdaşlığı müsbət qarşıladıqlarını qeyd etdi: “Azərbaycanda bu cür tədbirlərin təşkilini görmək çox xoşdur. Əlbəttə biz Azərbaycanla bu səpkidə əməkdaşlıq əlaqələrinin gücləndirilməsini və təcrübə mübadiləsinin aparılmasını müsbət qarşılayırıq. Hətta bu sahədə artıq bir sıra təşkilatlarla əməkdaşlıq əlaqələri qurulub və yaxın zaman ərzində qarşılıqlı səfərlərin keçirilməsi planlaşdırılır. ”

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin İcraçı Direktoru Seymur Hüseynov isə yay məktəbinin Azərbaycanda biznes-inkubatorların formalaşmasında öz tövhəsini verəcəyini vurğuladı:
“Son illərdə dünyanın ən inkişaf etmiş ölkələrində biznes-inkubatorların yaradılması xüsusilə aktuallaşmışdır. Gənc sahibkarlarlıq daima ölkə iqtisadiyyatının hərəkət verici və çevik qüvvəsi hesab olunur, bu da gənc sahibkarlığın inkişafı naminə biznes-inkubatorların formalaşdırılmasına əsas yaradır. Bugün ölkəmizdə də Biznes İnkubatorların yaradılması üçün münbit şəraitin olması və son illərdə bu istiqamətdə investisiya yatırımlarının genişlənməsi gənc sahibkarların bu sahədə bilik və bacarıqlarının artırlmasına, inkişaf etmiş ölkələrin metodologiyalarına və təcrübələrinə yiyələnmələrinə zərurət yaradır. Düşünürük ki, bu yay məktəbi ölkəmizdə biznes-inkubatorların formalaşmasında ilk addımlardan biri kimi öz tövhəsini verəcək.”

Qeyd edək ki, Yay Məktəbi “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin əsas istiqamətlərindən biri olan Biznes İnkubatorlar proqramı çərçivəsində “Azərbaycan Gəncliyi 2011 – 2015 – ci illərdə” Dövlət Proqramının dəstək məqsədi təşkil olunur. Bu istiqaməti inkişaf etmək məqsədi ilə təşkilat 2011-ci ildə Milli Biznes İnkubatorlar Assosiyasiyasının “Qızıl” statuslu üzvü olmuşdur və 2012-ci ildə Avropa Gənc Sahibkarlar Assosiyasının üzvü olan Macarıstan Gənc Sahibkarlar Assosiyasiyası ilə qarşılıqlı anlaşma haqqında memorandum imzalanmışdır. Bu istiqamət üzrə fəaliyyətini davam etdirərək təşkilat 2012- ci ildə Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) üzvü olmuşdur.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !