Döyüşçü-Jurnalist Mahir Süleymanovun cəbhə albomundan - -Dünənimizdən nümunə (FOTO)

Döyüşçü-Jurnalist Mahir Süleymanovun cəbhə albomundan -Dünənimizdən nümunə (FOTO)

Rusiyanın hərtərəfli dəstəyi ilə 30 ilə yaxındır torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Atəşkəs elan olunması isə o demək deyil ki, xalqımız və dövlətimiz bu vəziyyətlə barışıb və biz düşmən tapdağı altında qalan ərazilərimizi birdəfəlik yaddan çıxarmışıq. Əksinə, zaman-zaman sülh danışıqlarının mənasız, vaxt itkisi olduğunu, işğalçıların xeyrinə işlədiyini dilə gətirmiş, sözün Azərbaycan Ordusuna verilməsinin vacibliyini vurğulamışıq. Əslində gecikmişik, özü də çox gecikmişik. İşğalçıların havadarı olan Rusiyanın ədalətsiz mövqeyinin dəyişəcəyinə, BMT Təhlükəsizlik Şurasının daşdan keçən məlum dörd qətnaməsinin tələblərinə qeyd-şərtsiz əməl olunacağına ümid etmişik. Təəssüf ki, Azərbaycanın xeyrinə heç bir əməli addım atılmamış, qovluqdakı qətnamələrin üstünə diplomatiya baxımından uğurlu sayıla bilən daha iki-üç beynəlxalq sənəd əlavə olunmuş və başımızın altındakı üzü-astarı süzülmüş yumşaq yastıq götürülərək yerinə ondan da rahat - qu tükü ilə doldurulmuş yeni yastıq qoyulmuşdur.
Sevindirici və ümidverici haldır ki, artıq bu nağıllara qulaq asmaqdansa, olub-keçənlərdən maksimum ibrət dərsi götürərək torpaqlarımızın azadlığı uğrunda yeni-yeni qəhrəmanlıq dastanları yazmağa üstünlük verilməsini istəyənlərin sayı ümumi əhalimizin böyük əksəriyyətini təşkil edir. Son günlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti idarələrinin qarşısındakı izdihamlar fikrimizə əyani sübutdur. Vaxtilə mən özüm də belə yüksək əhval-ruhiyyə ilə yeni yaranan Azərbaycan Ordusunda xidmətə yollanmışam. Orada qəlbi Vətən, Qarabağ eşqi ilə alışıb-yanan əsgər və zabitlərimizi görəndə ürəyim dağa dönüb, fərəhlənmişəm. Həmin gənclərin arasında hərbi komissarlığın çağırışını gözləmədən Qarabağımızın müdafiəsinə gələnlərin də sayı az deyildi. Əslən Cəlilabad rayonunun Zəhmətabad kəndindən olan, Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinin əyani şöbəsində oxuyan Nazim Baxşəliyev də belə igid, qorxmaz döyüşçülərimizdən idi.
İnsana və döyüşçüyə xas müsbət keyfiyyətləri ilə fərqlənən pulemyotçu Nazim Baxşəliyevi çoxuna nümunə göstərirdik. Təşəbbüskarlığı ilə də seçilən Nazim komandirlərinin əmrlərini sözsüz yerinə yetirər, müdafiə etdiyimiz ərazini dəqiqliklə öyrənər, ən çətin anda belə yoldaşını darda qoymaz, döyüş hazırlığını daim artırardı...
Ehtiyata buraxıldıqdan sonra cəbhə yoldaşımla cəmi bircə dəfə görüşmüşəm. 1998-ci ildə redaksiyaya gəlmişdi. Bəzi təşkilatlarda laqeydliklə qarşılaşdığını dedi və Qarabağ müharibəsi veteranı statusu almaq üçün köməyimə ehtiyac duyduğunu bildirdi. Bir-iki sənədi çatışmırdı. Tezliklə gətirəcəyinə söz verdi və sağollaşıb ayrıldıq.
O vaxtdan Nazimi bir daha görməsəm də, bu məğrur döyüşçü mənim yaddaşıma 1992-ci ilin cəsur, qorxmaz, mərd Azərbaycan əsgəri kimi həkk olunub...
İllər öncə nümunəvi döyüşçüm haqqında yazdığım kiçik məqaləni “Səhər” qəzetində dərc etdirmişdim. Hərbi-vətənpərvərlik tərbiyəsi baxımından bu gün də əhəmiyyət daşıdığını nəzərə alaraq cəbhə albomumda qorunan həmin yazının reproduksiyasını “AZpress.az” saytının oxucularına təqdim edirəm.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !