"Ehsan, mərhəmət və yardımlaşmanın təzahürü" - -Akif Ağayev yazır

"Ehsan, mərhəmət və yardımlaşmanın təzahürü" -Akif Ağayev yazır

Vətəndaşlıq borcumuz

Ehsan- mərhəmət və yardımlaşmanın təzahürü

Təəssüf ki, ehsandan söhbət düşəndə bəziləri yalnız yas mərasimlərindəki yemək süfrəsini başa düşür. Amma həqiqətdə bu sözün mənası “başqasına yaxşılıq etmək”, ”etdiyi işi gözəl etmək” və s. deməkdir.
Ehsan, insanlara qarşı mərhəmətlə davranışı ifadə edir. Eyni zamanda ifratçılıqdan qaçma, qətilik, cəsarət, gözütoxluq və comərdlik də ehsan məfhumunun əhatə etdiyi fəzilətlərdəndir. Bir sözlə, ehsan – məsuliyyətimizin və fitrətimizdəki sevginin, tolerantlığın, yardımlaşmanın təzahürüdür.
Hüzn sahibinə təsəlli və təskinlik vermək dinimizin tövsiyə və təşviq etdiyi yaxşı əməllərdəndir. Elementar məntiqlə yanaşsaq, rəhmətə getmiş şəxsin yaxınlarına əziyyət vermək nə dərəcədə etikdir? Yaxud birinə ehsan (yaxşılıq) etmək üçün gözləməliyik ki, hansısa yaxınımız rəhmətə getsin? Və ya ehsan yasda və ya digər mərasimlərdə verilən o yeməklə məhdudlaşır? İmkansıza kömək etmək, kimsəsizə, xəstəyə, kasıb tələbəyə əl tutmaq və digər bu kimi xeyirxah əməllər ehsan deyilmi?
Yaxını dünyasını dəyişmiş şəxs dərd-kədər, hüzn içində olur. Bir insanın ağır günündə ona kömək etmək, ürək-dirək vermək, mənəvi dəstək göstərmək gərəkdir.
Yaxınını itirmiş şəxsin “ehsan” süfrəsi açması, israfçılıq və ifratçılıq etməsi İslam ədəb-ərkanına sığmır. Yəni dinimizdə belə bir qayda yoxdur və bu kimi davranışlar xoş qarşılanmır.
Ehsan məfhumunu daraldıb, yas sahibinin yemək-içmək süfrəsi açmaq öhdəliyilə dəyərləndirmək olmaz. Borc edərək, hətta kredit götürərək, yaxud qiymətli əşyalarını sataraq ehsan süfrəsi açmaq, bahalı başdaşı qoymaq, sonra aylarla, illərlə onu qaytarmaq məcburiyyətində qalmaq nə dərəcədə məntiqə uyğundur? Bu yolla vəfat etmiş doğmalarına dini-mənəvi borclarını qaytardıqlarını zənn edənlərin, qohum-qonşunun qınağından ehtiyatlananların israfçılığı dini savadsızlıqdan irəli gəlir, desək yanılmarıq.
Bəzən səxavət deyiləndə daha çox maddiyyat, pul yada düşür. Səxavətli olmaq insanı mənəvi cəhətdən dirçəldir, münasibətləri tənzimləyir. Bundan ötrü varlı olmaq şərt deyil. Kimin imkanı nəyə çatırsa, ətrafındakı insanlara yaxşılıq edib, səxavətlə davransa kifayətdir: bir-birimizə qarşı diqqət və sayğı göstərsək, çətinliyimizin həllində səfərbər olsaq, münasibətlərimizdə xeyirxahlıq, dözümlülük və məhəbbət hökm sürsə və s.
İnsanları halallığa, paklığa səsləyən Qurban bayramında da əsas mahiyyət kəsilən qurbanları istənilən dindən olan kimsəsiz və imkansızlarla bölüşmək, onları sevindirmək həmrəyliyimizin, humanizm və səxavətimizin ali göstəricisidir.
Xeyirxahlıq, Allaha inam və sevgi rəmzi Orucluqda, Ramazan bayramında olduğu kimi – nəcib əməllərimizlə cəmiyyətdə birlik və bərabərlik ovqatı bəxş etməyə çalışırıq.
Və nəticədə Allahın xoşuna gələcək əməllərin icrası nəticəsində mərhəmət görən insanların qəlbinə, ruhuna sevinc hissi dolur. Bütün bu sadalanan xeyirxah missiyalar milli-mənəvi dəyərlərimizin, sosial yardımlaşmanın, şəfqət duyğularının təcəssümünə çevrilir.
Koronavirus pandemiyasının yayıldığı dövrdə Məhərrəmlik mərasimlərində verilən ehsanlar yoxsulların ərzaq və qida məhsulları ilə təminatı şəklində olsa, daha müvafiq olar.
Ümumiyyətlə, ehsan süfrələrinə xərclənən məsrəfi digər xeyirxah işlərə yönəltmək lazımdır. Bu lüzumsuz xərclərin əvəzinə küçələrin təmiri, artezian quyularının qazılması, bulaq yaradılması, ehtiyacı olanlara qan verilməsi, xəstələrə digər vasitələrlə yardım və s. kimi alqışalayiq müsbət nümunələr geniş yayılmalı, təbliğ edilməli, cəmiyyət tərəfindən dəstəklənərək örnək kimi dəyərləndirilməlidir.
Dövlətimiz vətəndaşların sağlamlığını, təhlükəsizliyini qorumaq, virusun kütləvi yayılmasının qarşısını almaq üçün bütün imkanlardan istifadə edir, ölkəmizdə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun addımlar atılır. Kimliyindən, vəzifəsindən asılı olmayaraq hər kəs karantin məhdudiyyətlərini tənzimləyən qaydalara riayət etməlidir.
Sağlamlığımız naminə istənilən mütərəqqi addımı dəstəkləmək vətəndaşlıq borcumuzdur. Qlobal pandemiya dövründə qəbul edilən qanunların aliliyini hər şeyin fövqündə dayandığını dərk etməklə bugünkü müvəqqəti çətinliyi, məhdudiyyətlərin tətbiqini təbii proses kimi qəbul etməliyik. Qadağaların tətbiqinə əks reaksiya göstərməklə uğurlu nəticəyə nail ola bilmərik
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !