Reklam yayıcılarının və istehlakçıların nəzərinə! - - VİDEO

Reklam yayıcılarının və istehlakçıların nəzərinə! - VİDEO

Sinxron: Günel Bəhramqızı - Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi.



Bazar subyektləri bir sıra hallarda daha çox alıcı cəlb etmək məqsədi ilə əmtəələrin (malların) qiymətlərində endirimlər tətbiq edirlər. Xüsusən də, bayram günləri və mövsümü tətbiq olunan endirimlərlə bağlı istehlakçıları məlumatlandırmaq və satışı stimullaşdırmaq məqsədi ilə reklamlardan istifadə olunur.


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan müraciətlərin araşdırılması zamanı bəzi hallarda endirimlərlə bağlı reklamların düzgün və dolğun verilmədiyi, istehlakçıların çaşdırıldığı müəyyən edilir.


Nəzərə alınmalıdır ki, əmtəələrin (malların) alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçim sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması, istehlakçıların çaşdırılması haqsız rəqabətə səbəb olur. Bu cür reklam üsulları qanunla qadağandır və belə hallara yol verən sahibkarlara qarşı məsuliyyət tədbirləri nəzərdə tutulur.


Bazar subyektləri qanun pozuntusuna yol verməmək və məsuliyyətə cəlb edilməmək üçün endirimlərlə bağlı reklam verərkən mütləq qaydada “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq reklamda aşağıdakı məlumatların göstərilməsini təmin etməlidirlər:


- qiymətin dəyişməsi kampaniyasının başlanma tarixi və müddəti;


- qiyməti dəyişdirilən əmtəələrin (malların) siyahısı;


- qiyməti dəyişdirilən əmtəənin (malın) mövcud qiyməti;


- əmtəənin (malın) qiymətinin əvvəlki qiymətlə müqayisədə mütləq yaxud nisbi ifadə ilə dəyişməsi.


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçıların endirimli mal təklif edən mağazaların reklamlarında yuxarıda sadalanan məlumatların mütləq qaydada qeyd olunmasına və təqdim edilən endirimlərin şərtlərinin reklamda verilən məlumatlarla uyğunluğuna xüsusi diqqət yetirmələrinin vacibliyini bildirir.


İstehlakçılar ticarət obyektlərində endirimlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqda, Xidmətin qaynar xəttinə (498-15-01 və 498-15-04) müraciət edə bilərlər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !