YAP-ı islah edib Milli Məclisi buraxmalı… - Azər HƏSRƏT təklif edir...

YAP-ı islah edib Milli Məclisi buraxmalı… Azər HƏSRƏT təklif edir...

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın hazırkı prezidenti Ramiz Mehdiyevin mal-mülkü haqqında xəbərlər yayılır. Hətta bəlli olur ki, bu adam radikal-söyüşçü müxaliflərə belə şərait yaradıb, dəstək olub. Əlbəttə, onun özünün də bununla bağlı açıqlaması maraqlı olardı. Lakin hələlik eşitmirik, ona görə də deyilənlərin həqiqət olduğunu qəbul edirik.

Əslində, Ramiz Mehdiyevin var-dövlət sahibi olması mübahisəsiz məsələdir. Çünki adam doğrudan da hədsiz zəngin birisidir. 2005-ci ildə nazir və deputat kimi dövlətə zidd – zərərli əməllərə yol verdiyi üçün həbs edilmiş dönəmin Səhiyyə naziri Əli İnsanovun mal-mülkünün nümayişi indi də yadımızdadır. Adam sanki orta əsr padşahlarından biri idi. O qədər ləl-cəvahirat, zənginlik sahibi idi ki, 1 milyon qaçqın-köçkünü olan, torpaqları Ermənistanın işğalı altında qalan ölkənin vətəndaşı bunu heç cür həzm edə bilməzdi. Üstəlik də bu adam indi Ermənistan adlanan qədim Azərbaycan torpağı – Qərbi Azərbaycandan olmasıyla diqqət çəkirdi. Bizim təfəkkürümüzə görə, oradan çıxmış insanlar daha çox millət üçün faydalı olmağa çalışmalıdır, nəinki şəxsi varidatını artırmaq üçün milləti çapıb-talamalıdır.

İndi bu Ramiz Mehdiyevin var-dövlətinin heç də Əli İnsanovdan az olmadığı aşkar olunub. Demək ki, bu adam da illərdir ona göstərilən yüksək etimaddan məhz şəxsi varidatını artırmaq üçün istifadə edibmiş…

Bir də onu deyirlər ki, Ramiz Mehdiyevə vəzifəli şəxslər, deputatlar, iş adamları çox bahalı hədiyyələr bağışlayıbmış. Hətta dəyəri milyonlarla ölçülən mülklərə qədər…

Hə, burada bir məsələni demədən keçə bilmərik. Hər kəs bilir, hər parlament seçkisində deputatların müəyyən edilməsi işində Ramiz Mehdiyevin adı ön sırada keçirdi. Və xalq arasında deyilirdi ki, bu adam konkret şəxslərdən filan qədər milyon alaraq onları deputat təyin edir. Bu cür xəbərlər yenilik deyil. Doğrudan da elə hallar haqqında ötən illərin mətbuatında N qədər yazıya rast gəlmək olar.

Ramiz Mehdiyevin seçki proseslərinə belə dağıdıcı-yırtıcı münasibətinin nəticəsi idi ki, Milli Məclis daha çox susqun və bioqrafiyası şübhəli olan adamlardan təşkil edilirdi. Nəticə nə idi? Nəticə də o idi ki, Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq platformalarda tək başına mübarizə aparmalı olurdu. Halbuki belə hallarda onun yanında parlament üzvlərimiz də fəal şəkildə görünməli idi. Bu, baş vermirdi. Təbii ki, kiçik istisnalarla. Səbəb də o idi ki, Ramiz Mehdiyevin birbaşa müdaxiləsilə formalaşmış parlament təsadüfi, çox zaman da zərərli adamlardan ibarət olurdu…

Bir də Milli Məclisin indiki tərkibi haqqında. Gendən gəldik ki, o məsələyə də toxunaq. İş ondadır ki, bu ilin fevralında formalaşmış Milli Məclisin tərkibində də Ramiz Ənvəroğlunun “zərərli” ünsürlərindən qalanlar var. Həmin insanlar hər şey bir yana, iyul ayında Ermənistanın Tovuz istiqamətində Azərbaycana hücumu zamanı belə bir dəfə də olsun münasibət bildirmədilər, ictimaiyyət qarşısına çıxmadılar. Hələ biz onu demirik ki, bu “deputatlar” karantin dövründə də ortalıqda görünüb insanların çətin anlarında onlara həyan olmadılar, Prezident İlham Əliyevin xalqın rifahı və sağlamlığı uğrunda apardığı yorulmaz mücadilədə yardım etmədilər…

Nəticə nədir? Nəticə də odur ki, Azərbaycan xalqının böyük əksəriyyəti hazırkı parlamentə etimad göstərmir!

Ötən ilin sonunda parlamenti buraxıb yenidən seçki keçirməkdə məqsəd o idi ki, daha işlək, özəlliklə də Prezident İlham Əliyevin islahatlar kursuna dəstək olacaq yeni tərkib formalaşdırılsın. Lakin Ramiz Mehdiyev kursunun sadiq davamçıları – əsasən də YAP-ın sükanı etibar edilmiş adamlar bazar açıb Prezidentin bu gözəl təşəbbüsünü sabotaj etdilər. Sonucda yenə də Milli Məclisə YAP icra katibi Əli Əhmədovun “xeyir-dua”sıyla əvvəlki illərdə “ölü” kimi xarakterizə edilən şəxslər “seçildilər”. Prezident növbəti dəfə aldadıldı yəni…

Yenə yaxşıdır ki, parlamentin tərkibi tam olaraq Əli Əhmədov və komandasının istəyinə uyğun formalaşdırılmadı. Ötən 8 ay göstərdi ki, parlamentdə daha çox fəallığıyla seçilən az sayda deputatlar yolu Heydər Əliyev Fondundan keçmiş, yaxud da Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsən etimad göstərdiyi şəxslərdir. Təbii ki, Prezident İlham Əliyevin şəxsən etimad göstərdiyi və Ramiz Mehdiyev məktəbi ardıcıllarının müdaxilə edə bilmədiyi deputatlar da ən fəallar arasındadır. Lakin ümumilikdə onların sayı həddən artıq azdır. Ona görə də parlamentə xalq arasında etimad çox aşağıdır. Halbuki tam əksi olmalıydı…

Deputat Zahid Orucun başçılıq etdiyi Strateji Araşdırmalar Mərkəzinin bugünlərdə açıqladığı rəqəmlər də bunu təsdiq edir. Milli Məclisə tam edibar edənlərin sayı cəmi… 25,7 faiz təşkil edir. Fəlakətdir bu! Özəlliklə də pandemiya-karantin şəraitində olan bir ölkədə xalq hətta prezidentdən daha çox deputatlara etimad etməlidir. Çünki deputatlar gündəlik olaraq xalqla təmas halında işləməli, insanlar onlarla iç-içə olmalıdır. Lakin heç bu sorğu olmasa da bilirik ki, ölkənin əksər bölgələrində, Bakının özündə belə deputatlardan nəinki xəbər yoxdur, heç seçiciləri onları tanımır da. Belə olan halda parlamentə etimad yerin dibində olmalıdır…

Bir daha vurğulayaq ki, nisbətən fəal olan və etimad edilənlər də Prezidentin və Birinci vitse-prezidentin Ramiz Mehdiyev məktəbinin ardıcıllarının müdaxiləsindən kənar irəli çəkdiyi deputatlardır. Onlar, həqiqətən də etimadı doğruldur və parlament belələrindən təşkil edilsəydi indi Milli Məclislə bağlı islahatın da sona çatdığını deyə bilərdik…

Belə anlaşılır ki, parlament islahatı baş tutmadı. Bu səbəbdən yeni seçkiyə getmək zərurəti yaranıb. Ona qədərsə Prezidentin komandasını, özəlliklə də partıyasını Ramiz Mehdiyev qalıqlarından tam təmizləmək vacibdir. İlk addım olaraq YAP ən qısa zaman ərzində islah edilməli – yenilənməli, ardından da dərhal parlamenti buraxıb yeni seçki keçirməli. Əks təqdirdə Ramiz Ənvəroğlu ortada olmasa belə onun təfəkkürünün ardıcılları hakimiyyətin Milli Məclis qolunda Prezident İlham Əliyevin islahatlarını sabotaja davam edəcəklər…

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !