"Pandemiya dövründə kütləvi dini mərasimlər yoluxma sayını artıra bilər" -

"Pandemiya dövründə kütləvi dini mərasimlər yoluxma sayını artıra bilər"

Milyardlarla insanın həyat tərzini dəyişdirmək üçün SARS-CoV-2 virusuna cəmi bir neçə ay kifayət etdi. Özü də o, təkcə orqanizmimizə deyil, həyatımızın bütün sahələrinə öz mənfi təsirlərini göstərdi və göstərməkdədir. Mütəxəssislərin proqnozlarına görə, dünyanı ağuşuna alan koronavirus pandemiyasının yaratdığı yeni qaydalar və şərtlərin nəticələrini biz hələ uzun zaman hiss edəcəyik: pandemiya tariximizdə dərin iz buraxacaq və həyatımızı yenidən düşünməyə məcbur edən hadisəyə çevriləcəkdir. Digər tərəfdən, pandemiya həm də yeni şəraitə adaptasiya bacarıqlarımızın üzə çıxmasına təkan verdi. Gözəgörünməz düşmənlə üz-üzə qalan bəşəriyyət əməkdaşlıq etməli, öz qüvvələrini səfərbər etməli və yeni dünya nizamına alışmalı idi.
 

İnsanlar pandemiya ucbatından kütləvi dini mərasimlərdən uzaq durmaq məcburiyyətində qaldılar.Dünyanın əksər ölkələrində dini ibadət yerlərinin və ziyarətgahların fəaliyyəti həm də inzibati qaydada məhdudlaşdırıldı, kütləvi ibadətlər və tədbirlər ləğv edildi. Müxtəlif ölkələrin dini təşkilatları və ruhaniləri karantin tədbirlərinə, o cümlədən dini ibadət və ayinlərə qoyulan məhdudiyyətlərə riayət etməklə dövlətə dəstəklərini ifadə etdilər. Çünki insanlar arasında fiziki təmasın ciddi şəkildə məhdudlaşdırılması infeksiyanın yayılmasının minimuma endirilməsində hələ də yeganə təsirli vasitə hesab olunur. Buna görə də dünyadakı dinlər və onların ardıcılları, o cümlədən İslam dini və müsəlmanlar yeni reallığa uyğunlaşmağa başladılar. Bir sözlə, inzibati üsullar, həmçinin ruhanilərin müvafiq fətva və məhdudlaşdırıcı tövsiyələrinin tətbiqi ilə epidemioloji təhdidlərə vaxtında və düzgün cavab verilməsi cəmiyyətdə sosial sabitliyin qorunmasına kömək etdi, eyni zamanda dindarlar arasında infeksiyanın geniş yayılmasının qarşısını aldı.
 

Hazırda bütün dünyada koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlər davam edir. Bir sıra ölkələr, o cümlədən Azərbaycan müəyyən karantin qaydalarını nisbətən yüngülləşdirsə də, bəzilərini saxladı. Böyük iqtisadi itkilərə baxmayaraq, Azərbaycan dövləti tərəfindən dünyada yayılmağa başladığı ilk dövrdən etibarən pandemiyanın geniş yayılmasının qarşısının alınması istiqamətində sistemli və məqsədyönlü işlər görüldü. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, COVİD 19 infeksiyanın ehtimal olunan bütün ocaqlarını məhv etmək və vəziyyət nəzarətdə saxlamaq üçün qabaqlayıcı addımlar atıldı. Belə ki, Prezident İlham Əliyevin Sərəncamı ilə yanvarın 24-də epidemioloji vəziyyətin idarə olunması və nəzarətdə saxlanılması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, koronavirus pandemiyası ilə əlaqədar ölkə üzrə müəyyən məhdudiyyətlər tətbiq olundu. Pandemiyaya qarşı önləyici mübarizə sahəsində həyata keçirilən tədbirlər çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması, infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə modul tipli xəstəxanalar inşa edildi və s. işlər görüldü. Çünki dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının sağlamlığı və sosial rifah halının yaxşılaşdırılması dayanır.
 

Hazırda vəziyyətin necə dəyişəcəyini, yəni yoluxmanın artacağını, yaxud azalacağını, virusun nə zaman yoxa çıxacağını dəqiq proqnozlaşdırmaq mümkün deyil. Bu səbəbdən, virusun qarşısını almaq və vəziyyəti nəzarətdə saxlamaq məqsədilə bir sıra məhdudiyyətlər hələ də davam edir. Bu məhdudiyyətlərdən biri də ibadət ocaqlarının, o cümlədən məscidlərin fəaliyyəti ilə bağlı məhdudiyyətin saxlanılmasıdır. (Bildiyimiz kimi, mart ayının 5-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) ölkəmizdəki bütün dini konfessiyaların rəhbərlərinin iştirakı ilə keçirilən toplantıda dini icmalara və dindarlara dini ayinləri evlərində yerinə yetirmələri ilə bağlı tövsiyə və çağırışlar edildi. Mart ayının 18-dən isə qapalı məkanlarda dini ayinlərin icra edilməsi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən məhdudlaşdırıldı. Həmin dövrdən etibarən bütün ibadət evlərində, o cümlədən məscidlərdə dini ayinlərin icrası dayandırıldı.) Ona görə də bu il ibadət ocaqlarında pandemiya və karantin dövrünə təsadüf edən Məhərrəmlik tədbirlərinin, xüsusilə də Aşura mərasiminin keçirilməməsi nəzərdə tutulub. Bununla bağlı QMİ-nin Qazılar Şurasının yaydığı müraciətdə bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcəkdir.
 

Məhərrəm ayı müsəlmanlar üçün təkcə yeni ilin gəlişini xəbər vermir, eyni zamanda İslam tarixinə ən faciəli hadisə qurbanları kimi düşmüş Kərbəla şəhidlərinin növbəti ildönümünün keçirilməsi ilə səciyyələnir. Hər il Məhərrəm ayında müsəlmanlar ədalət uğrunda mübarizədə şəhidlik məqamına yüksəlmiş İmam Hüseynin xatirəsini yad edirlər. İmam Hüseynin qətli ilə bağlı Məhərrəm ayının ilk on günündə təşkil olunan kütləvi mərasimlərdə Quran oxunur, mərsiyələr deyilir, ehsanlar verilir və s. ayinlər icra olunur. Bu baxımdan dini mərasimləri keçirmək, bu ənənəni yaşatmaq istəyən insanların narahatlığı başadüşüləndir. Ancaq unutmamalıyıq ki, müsəlman təkcə özü üçün deyil, ailəsi, yaxınları, dostlarına görə də məsuliyyət daşıyır. Müsəlman ümmətinin və bütün bəşəriyyətin taleyi üçün ümumi məsuliyyətin bir hissəsi də onun üzərinə düşür. Mömin insanlar, xüsusilə çətin sınaqlar və böhranlar dövründə hər kəsə nümunə olmalıdırlar. Bildiyimiz kimi, yoluxucu xəstəlik olan vəba ilə bağlı Məhəmməd peyğəmbər (s) buyurmuşdur ki, bir yerdə vəba olduğunu eşitsəniz, oraya getməyin. Olduğunuz ərazidə də bu xəstəlik baş verərsə, xəstəlikdən qaçmaq üçün həmin ərazini tərk etməyin. İndi başqa çətinliklər, başqa xəstəliklər, viruslar var, ancaq Məhəmməd peyğəmbərin (s) çatdırmağa çalışdığı mahiyyət eynidir: yoluxucu xəstəliklərdən qorunmaq dini baxımdan bir məsuliyyət, borcdur, onun yayılmasına şərait yaratmaq isə günahdır.
 

İlk növbədə, unutmaq olmaz ki, problemlər və sınaqlara, hər şeydən əvvəl, ruhi və psixoloji cəhətdən hazır olmalıyıq. Hər bir insanın xəstəliklər, təbii fəlakətlər, ölüm qarşısında qorxusu var, ancaq Allah-Təala qorxu hissini insana elə-belə deyil, onun özünün və başqalarının sağlamlığına və həyatına zərər verəcək hərəkətlərdən qoruyan vasitə kimi vermişdir. Dinimiz bizi həyatımızı, sağlamlığımızı qorumağa, diqqətli və ehtiyatlı olmağa səsləyir.
 

İslam sülh və əmin-amanlıq dinidir, onun əsasında "özünə və başqalarına zərər verməmək” dayanır. Bu, hər bir müsəlmanın hərəkətlərinin başlanğıc nöqtəsi olmalıdır. Çünki Allah-Təala bütün zərərli davranışları qadağan etmiş, onları günah kimi səciyyələndirmişdir. Müsəlmana yaraşan da budur: məsuliyyətsiz olmamaq, özünə və başqalarına zərər verməmək. Bir insan haradasa yoluxucu xəstəliyin olduğunu ehtimal edirsə, həmin yerə getməməli, özü yoluxucu xəstəliyə tutularsa, müalicə almalı, başqalarını yoluxdurmaqdan çəkinməlidir. Məşhur hədisdə Məhəmməd peyğəmbərin dediyi kimi: "Əvvəlcə dəvəni bağla, sonra Allaha təvəkkül et!”. Eyni şəkildə, biz də sağlamlıq baxımından özümüz, övladlarımız, ailəmiz üçün bizdən asılı olan hər şeyi etməli, daha sonra Allaha arxalanaraq başımıza heç nə gəlməyəcəyinə ümid bəsləməliyik.
 

Odur ki, koronavirusla mübarizədə həm müsəlman, həm də vətəndaş kimi məsuliyyət daşıyırıq. Tibbi maskadan istifadə, sosial məsafə saxlamaq, gigiyenaya əməl etməklə yanaşı, ən mühüm mübarizə tədbirlərindən biri də kütləvi şəkildə toplaşmamaqdır. Çünki araşdırmalar göstərir ki, danışmaq virusun ötürülmə ehtimalını 10, öskürmək və asqırmaq isə təhlükəni 1000 dəfə artırır. Aşura kimi, ənənəvi olaraq, böyük kütləviliyi ilə seçilən, sosial məsafəyə əməl olunmasının təmini qeyri-mümkün olan mərasim insanların virusa yoluxma sayının artma ehtimalı baxımından böyük təhlükə yarada bilər.
 

Gəlin həm özümüzü, həm də cəmiyyəti qoruyaq!



Sadiq MİRZƏYEV,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !