Qədim Duzdağ mövzusunda onlayn tədbir keçirilib -FOTO=2

“Qədim Duzdağ” mövzusunda onlayn tədbir keçirilib -FOTO=2

AMEA-nın Naxçıvan Bölməsi Naxçıvanşünaslıq Mərkəzi ilə birlikdə “Qədim Duzdağ” mövzusunda onlayn tədbir keçirib.
Tədbiri bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev açaraq Naxçıvan Duzdağında aparılan tədqiqatlardan danışıb. O, bildirib ki, Duzdağ Naxçıvan şəhərinin 10 kilometrliyində, tarixi Böyük İpək yolu üzərində yerləşir. Araz vadisindən hündürdə yerləşən təpəşəkilli yataq Naxçıvanın təbii təsvirinin məşhur görüntülərindəndir. Bu ərazinin Cənubi Qafqazın əsas strateji marşrutları üzərində yerləşdiyini nəzərə alaraq demək olar ki, onun zəngin duz layları qədim dövrdən diqqəti cəlb edib.
Diqqətə çatdırılıb ki, Duzdağ yatağı indi də istismar edilməkdədir və mədəndə işləyən mühəndislərin fikrincə duz yatağının uzunluğu 3 km, eni 2 km, qalınlığı 150 m-dir.
Vəli Baxşəliyev qeyd edib ki, ötən əsrin 70-ci illərində mədənin cənub tərəfində iş aparılarkən şaxtaçılar qədim tunelə daxil olub, burada alətləri ilə birlikdə dörd insan skeleti aşkar ediblər. Skeletlər istifadə olunan daş alətlərinə əsasən e.ə. III-II minilliklərinə aid edilib. Bu alətlər I Kültəpə və II Kültəpənin dəqiq stratiqrafik kontekstlərindən aşkar olunan daş çəkiclərlə bənzərdir.
“Duzdağda aparılan araşdırmalar tarixəqədərki cəmiyyətlərin Naxçıvanın təbii sərvətlərinin istismarı, yaşayış yerlərinin tipləri və onların konkret bir ərazidə inkişaf dinamikasını müəyyən etmək üçün başlanan irihəcmli layihənin tərkib hissəsidir”,- deyə alim qeyd edib.
Sonra Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Nihad Tarverdiyev çıxış edərək vurğulayıb ki, Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolu dünyaya çatdırmaq, aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, elmi araşdırmalar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasını və təbliğini təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 sentyabr 2017-ci il tarixli Sərəncamına əsasən Naxçıvan Duz Muzeyi yaradılıb. Qeyd olunub ki, Naxçıvan şəhərinin salınması və şəhər ənənələrinin formalaşmasını özündə əks etdirən bu nadir muzeyin mövcudluğu və fəaliyyəti muxtar respublikamız, eləcə də ölkəmiz üçün əhəmiyyət kəsb edir. Bu muzeyin unikal olmasını şərtləndirən amil odur ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən qeyri-adi muzeylərdən fərqli olaraq, bu mədəniyyət müəssisəsi sırf tarixi reallıq üzərində qurulub.
Daha sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova çıxış edərək insan həyatında, məişətdə önəmli yerə malik olan duzun əhəmiyyətindən danışıb. O, bildirib ki, xalq arasında duzun qeyri-adi qüvvəsini xarakterizə edən inanc, sınama növləri mövcuddur. Uzun zamanın sınağından bu nümunələr xalqın həyat tərzi ilə bağlı maraqlı məqamları da özündə qoruyub saxlamaqdadır. İstər xalq inanc və sınamalarında, istər böyük həcmli folklor örnəklərində duz motivinin qorunub saxlandığı diqqətçəkən məqamlar var. Bunların hər biri xalq dünyagörüşündəki qədim etnik düşüncənin qalıqları kimi böyük əhəmiyyətə malikdir.
Tədbirdə, həmçinin bölmənin Təbii Ehtiyatlar İnstitutunun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev və Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasov Duzdağa həsr olunan məruzə ilə çıxış ediblər.
Sonda Vəli Baxşəliyev Duzdağda aparılan elmi tədqiqatlara göstərilən dövlət qayğısına və Naxçıvan Duz Muzeyinin yaradılmasına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
AMEA Naxçıvan Bölməsi  

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]