Masallıda Məhərrəm ayının başlanması ilə bağlı videomüşavirə keçirilib - -FOTO=2(AZpressAZ) Ə.Şükürov

Masallıda Məhərrəm ayının başlanması ilə bağlı videomüşavirə keçirilib -FOTO=2(AZpressAZ) Ə.Şükürov

20 avqust 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında geniş tərkibdə növbəti onlayn müşavirə keçirilib.
Məhərrəm ayı, “Aşura” günü ilə əlaqədar keçirilən virtual müşavirədə rayon İcra hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, aparatının əməkdaşları, hüquq-mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, Milli Məclisin deputatları, RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, dini icma sədrləri və imamları, fəal gənclər və digər ictimaiyyət nümayəndələri daxil olmaqla ümumilikdə 530 nəfər iştirak edib.
Müşavirəni açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib ki, ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlərdən biri insanların kütləvi şəkildə toplanmasının qarşısının alınmasıdır. Respublikada Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və diqqəti sayəsində vətəndaşlarımızın sağlamlığının qorunması üçün bütün lazımi addımlar atılır.
Nazirlər Kabinetinin Qərarı ilə avqustun 31-dək ölkədə tətbiq edilən xüsusi karantin rejimi dövründə kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır, məscidlərin fəaliyyəti dayandırılıb. Pandemiya şəraitində Məhərrəm ayı, o cümlədən “Aşura” günündə məscid və ziyarətgahlarda, eləcə də ayrı-ayrı evlərdə toplaşmaq yolverilməzdir.
Rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən zəruri tədbirlərin əhəmiyyətliyini vurğulayan Şahin Məmmədov İcra hakimiyyəti və polis şöbəsinin əməkdaşları, eləcə də mobil qruplar tərəfindən rayonun bütün ərazilərində mütəmadi reydlər keçirildiyini bildirib. Rayon rəhbəri qeyd edib ki, bugünədək rayonda 1164 reyd keçirilib, 45976 maskataxmama halı aşkarlanıb, 519 rayon sakini, 42 iaşə obyekti cərimələnib. Rayon üzrə ümumilikdə 272 koronavirusa yoluxma qeydə alınıb. 6 aktiv xəstədən 3-ü ev şəraitində müalicə alır. Qabaqlayıcı tədbirlər davam edir.
Daha sonra diqqəti Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayı ilə əlaqədar dindarlara müraciətinə çəkən RİH başçısı deyib ki, təkcə özümüzün deyil, başqalarının da sağlamlığının qorunmasında məsul olmalıyıq. Peyğəmbərimizin buyurduğu kimi: “Xəstəliyə yoluxmamış sağlamlığınızın qədrini bilin”. Kütləvi şəkildə dini ayinlərin yerinə yetirilməsi hələlik məqsədəuyğun hesab edilmir. Çünki bu cür hallar xəstəliyin qarşıdakı dövrdə artımına səbəb ola bilər. Dövlətin qərarlarına sayğısız yanaşmaq olmaz, mövcud qaydalara riayət vətəndaşlıq borcumuzdur.
Məscidlərdə azan vaxtının QMİ-nin təqviminə əsasən verilməsini tövsiyə edən İcra başçısı karantin rejimilə bağlı Məhərrəm ayında müqəddəs pir və ocaqlardakı ziyarətlərə azyaşlı və məktəblilərin cəlb edilməsinin yolverilməz olduğunu, bu sahədə daha çox təhsil işçiləri və valideynlərin məsuliyyət daşıdığını qeyd edib.
O, ibadət yerlərində, avtonəqliyyat vasitələrində çərçivədən kənar hər hansı dini atributlardan – müxtəlif yazılı, rəngli parçalardan, bayraqlardan, plakatlardan, geyimlərdən istifadəni hurafatçılıqla əlaqələndirib, bu cür neqativ hərəktlərin müəyyən “qruplar” tərəfindən məqsədli şəkildə ediləcəyi təqdirdə qarşısının kəskinliklə alınacağını söyləyib: “Çünki bəzi qüvvələr insanların dini inancından sui-istifadəyə, din adı altında pərdələnərək, öz məqsədlərini həyata keçirməyə cəhd edirlər.”
RİH başçısı deyib: -Ümumiyyətlə əlaqədar təşkilatların, yerli icra orqanlarının karantin qaydalarına ciddi nəzarətilə yanaşı, ağsaqqalların, ziyalıların, din xadimlərinin maarifləndirici təbliğatı, insanların ictimai qınağı daha önəmlidir.
Məhərrəm ayı ərzində, eləcə də yas mərasimlərində təziyə ehsanı olaraq imkansız ailələrə ərzaq yardımı etmək bəyənilən əməldir. Həmçinin bu dönəmdə ehtiyacı olan xəstələr üçün qan verilməsi alqışalayiq nümunədir.
Məhərrəmlik mərasimlərində, yas məclislərində qadınların kütləvi toplaşmasına imkan verilməməlidir. Ərazi nümayəndəlikləri və bələdiyyələr, dindarlar və digər nüfuzlu şəxslər bu məsələyə ciddi yanaşmalıdır.
Şahin Məmmədov çıxışında rayonun yerli mətbu orqanı olan “Yeni həyat” qəzetində Məhərrəmliyin əsl mahiyyətini açıqlayan, Kərbəla faciəsində Hüseynin(ə ) bir şəhid kimi bütün dünyaya örnək olası fəlsəfəsi və bu səpgili mövzularda yazıların dərc edilməsinin vacibliyini vurğulayıb.
İcra başçısı sakinləri Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırıb.
Virtual müşavirədə Milli Məclisin deputatları Anar İsgəndərov, Məşhur Məmmədov çıxışlarında Məhərrəmliyin, İmam Hüseynin həyat və mübarizə yolunun əsl fəlsəfi mahiyyətindən, böyük mənəvi-əxlaqi əhəmiyyətliyindən bəhs ediblər. Millət vəkilləri bu hikmətli vaqeəni Vətənə, xalqa, dövlətə sevginin, sadiqliyin, torpaq uğrunda şəhadətə hazırlıq ruhunun təcəssümü kimi xarakterizə edərək bildiriblər ki, hazırkı durumda tətbiq olunan məhdudiyyətlərdə məqsəd yalnız əhalinin sağlamlığının qorunmasıdır.
Masallı rayon Prokuroru Vəli Mustafayev, rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov, Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbəsinin rəisi Emin Süleymanov hüquq-mühafizə orqanları heyətinin pandemiyanın ilk günlərindən etibarən bütünlüklə səfərbər olduğunun vurğulayaraq Məhərrəm ayı və “Aşura” günlərində karantin qaydalarını pozanlar, ibadət yerlərində, eləcə də evlərdə təkiyə qurub dini ayinləri icra edənlər, sosial şəbəkələrdə mənfi çağırışlarla insanlar arasında fikir ayrılığı salanlar barədə qanunamüvafiq şəkildə tədbirlər görüləcəyinin istisna edilməyəcəyini bildiriblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin sədri Miryəhya Bədirov qlobal bəlaya çevrilmiş COVID-19 pandemiyası şəraitində bir çox müsəlman ölkəsində müvəqqəti olaraq məscidlərdə ibadət etməyin yasaqlandığını, o cümlədən İraqda Məhərrəm ayı dövründə Kərbəla şəhərinə giriş və çıxışın qadağan edildiyini diqqətə çatdırıb.
Masallı şəhər “Cümə” məscidi dini icmasının sədri Mirqabil Hüseynov, Boradigah qəsəbə məscidinin imamı Rəşid Talıbov, Sığdaş kənd məscidi dini icmasını sədri Hümmət Cəfərov, “Seyid Sadıq Ağa” ziyarətgahının rəhbəri Mirvaleh Bəşirov, Təzə Alvadı kənd məscidi dini icmasının sədri Ağamirzə Hüseynov və başqalrı İslam dinində ən vacib məsələlərdən birinin məhz insanların sağlamlığının qorunması olduğunu və bunun Qurani-Kərimdə bir neçə ayədə qeyd edildiyini diqqətə çatdırıblar.
Dindarlar bildiriblər ki, QMİ-nin Qazılar Şurasının bəyan etdiyi kimi Operativ Qərargahın qərarına əsasən bu il Məhərrəmlik dönəmində Masallı rayonundakı məscid və ziyarətgahlarda da təziyə mərasimləri keçirilməyəcək.
Müşavirənin yekununda rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib ki, Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı ərazi bütövlüyümüz uğrunda canlarından keçən bütün Vətən övladlarının əziz xatirəsini yad etməli, Ali Baş Komandanın rəhbərliyilə torpaqlarımızın işğaldan tezliklə azad olunmasını diləməliyik.
Bütün bacarıq və məsuliyyətimizlə çalışmalıyıq ki, yanlış addımlarımızla həyatımızı, sağlamlığımızı riskə atmadan, Operativ Qarargahın tələb və tövsiyələrinə riayət etməklə bu çətin sınaq dövründən alnıaçıq, üzüağ çıxaq.
ƏLİHÜSEYN ŞÜKÜROV,
AKİF AĞAYEV. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !