Əməkdar elm xadimi Oruc Həsənlinin 70 illik yubileyi qeyd olunub -FOTO=3

Əməkdar elm xadimi Oruc Həsənlinin 70 illik yubileyi qeyd olunub -FOTO=3

Akademiyanın Naxçıvan Bölməsində Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Oruc Həsənlinin 70 illik yubileyi qeyd olunub.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq AMEA Rəyasət Heyətinin 16 iyul 2020-ci il tarixli iclasında Oruc Həsənlinin 70 illik yubileyinin qeyd edilməsi ilə bağlı müvafiq qərarı diqqətə çatdırıb. Akademik Oruc Həsənlinin Naxçıvanda yüksək səviyyədə yubileyinin təşkil edilməsini ölkəmizdə elmə, görkəmli şəxsiyyətlərə verilən qiymət kimi dəyərləndirib, alimin elmi və pedaqoji fəaliyyətindən danışıb. Qeyd edib ki, Oruc Həsənli 1975-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki Naxçıvan Dövlət Universitetində) assistent, müəllim, baş müəllim, 1993-2008-ci illərdə Naxçıvan Özəl Universitetində (indiki “Naxçıvan” Universitetində) tədris və elmi işlər üzrə prorektor vəzifələrində çalışıb, daha sonra Naxçıvan Müəllimlər İnstitutunun rektoru olub. “Diyarşünaslıq materiallarından istifadə şagirdlərin mənəvi tərbiyəsinin vasitəsi kimi” mövzusunda namizədlik, “Şagird şəxsiyyətinin formalaşdırılmasında diyarşünaslıq materiallarından istifadənin sistemi” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilib.
Eyni zamanda Oruc Həsənli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü olub.
Alimin elmi və pedaqoji sahəsindəki xidmətlərindən danışan İsmayıl Hacıyev bildirib ki, onun respublikamızda və xaricdə 220-dən çox elmi əsəri, 26 monoqrafiya və kitabı işıq üzü görüb.
Qeyd olunub ki, pedaqoji kadrların hazırlanmasında mühüm xidmətlər göstərən alimin rəhbərliyi ilə bir elmlər, 10 fəlsəfə doktoru hazırlanıb. Vurğulanıb ki, elm və pedaqoji xidmətlərinə görə ölkə Prezidentinin 3 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib, 5 aprel 2014-cü il tarixli Sərəncamı ilə isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Həmçinin ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə əlaqədar buraxılmış “Xatirə” qızıl medalı ilə təltif olunub.
Akademik diqqətə çatdırıb ki, Oruc Həsənli 18 iyun 2018-ci ildə 68 yaşında vəfat edib.
Daha sonra tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli “AMEA-nın müxbir üzvü Oruc Həsənlinin elmi-ictimai fəaliyyəti”, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru Azad Novruzov “Professor Oruc Həsənli və Naxçıvan Müəllimlər İnstitutu”, Bakı Elm-Təhsil Mərkəzinin prezidenti, pedaqogika üzrə elmlər doktoru Fərahim Sadiqov “Şərəfli alim ömrünün dəyərli səhifələri”, Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, filologiya elmləri doktoru, professor Akif İmanlı “Pedaqoji kadrların hazırlanmasında Oruc Həsənlinin xidmətləri” mövzusunda məruzə ilə çıxış ediblər.
Sonda alimin həyat yoldaşı Zərifə Həsənli və oğlu Eldəniz Həsənli çıxış edərək yubileyin yüksək səviyyədə təşkilinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinə öz minnətdarlıqlarını bildiriblər.
Tədbirdə görkəmli alimin kitab və monoqrafiyalarından ibarət sərgi təşkil olunub, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə bağlı slayd nümayiş etdirilib.
Türkanə Bəylərli,
Naxçıvan Bölməsinin Mətbuat xidməti üzrə mütəxəssisi 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]