Rusiyada təhsil alan azərbaycanlı tələbələr AMOR təqaüdünü qazandılar! -

Rusiyada təhsil alan azərbaycanlı tələbələr AMOR təqaüdünü qazandılar!

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “AMOR Təqaüdü” müsabiqəsində 18 azərbaycanlı tələbə qalib gəlmişdir.


RAGB tərəfindən artıq ikinci il keçirilən müsabiqə çərçivəsində Rusiya Federasiyasında  təhsil alan əlaçı-tələbələrə maliyyə yardımı göstəriləcəkdir. Cari ildə koronavirus qlobal pandemiyası ilə əlaqədar olaraq müsabiqənin miqyası genişləndirilmiş və 18 tələbə təqaüd qazanmışdır. Qeyd edək ki, 2019-cu ildə keçirilən müsabiqədə 13 tələbə təqaüdə layiq görülmuşdür.

Müsabiqədə iştirak üçün sənəd qəbulu təşkilatın  vebsaytı və sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə elan olunmuşdur. Bütün müraciətlərə RAGB komandası tərəfindən  müsabiqənin tələblərinə uyğun şəkildə baxılmışdır. Daha sonra, müvafiq ixtisaslar üzrə məzunların və Rusiya Federasiyasının gənclər sahəsində qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə müsahibələr keçirilərək qaliblər müəyyən edilmişdir. 


Müsabiqədə Rusiya Federasiyasının ali təhsil müəssisələrində əyani formada bakalavr və ya magistr təhsili alan, əlaçı olan azərbaycanlı tələbələr  iştirak edə bilərdi.


Rusiya Azərbaycanlı Gənclər Birliyi Rusiya Federasiyasında yaşayan azərbaycanlı gənclərin həmrəyliyi və onlara sosial, yaradıcılıq və təhsil sahəsində dəstəyin göstərilməsi məqsədilə 2009-cu ildə Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmışdır.


Sözügedən layihə, təhsildə fərqlənən gənclərə tam dəstəyin göstərilməsi və gənclərin təhsilə olan marağının stimullaşdırılması məqsədilə RAGB tərəfindən hər il həyata keçirilir.


Biz, gəncləri RAGB-ın fəaliyyətini təşkilatın vebsaytı və sosial şəbəkələr vasitəsilə daim izləməyə və gələcəkdə həyata keçiriləcək bütün layihələr haqqında məlumatlı olmağa dəvət edirik.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !