Ağsuda 9 yaşayış məntəqəsinin yollarının yenidən qurulması yekunlaşır - -FOTO=10

Ağsuda 9 yaşayış məntəqəsinin yollarının yenidən qurulması yekunlaşır -FOTO=10

Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Ağsu rayonunun Ağsu-Ağarx-Rəhimli-Qaradağ marşrutu üzrə 9 yaşayış məntəqəsinə gedən avtomobil yollarının yenidən qurulması da bu tədbirlər sırasındandır.
Başlanğıcını Ağsu şəhərindən götürən Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun ümumi uzunluğu 39 km-dir. Yolun Ağsu-Qaradağ hissəsi 20.3 km, bu yoldan ayrılan və Qaradağlı, Rəhimli, Şahbəyli, Qarabağlı, Bozovand, Ağarx, Parakənd, Maşadqanlı, Ülgüc kəndlərinin giriş yolları isə 18.7 km təşkil edir.
Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun Ağsu-Qaradağ hissəsinin 6.2 km-lik ərazisi dağılmış asfalt-beton örtüklü, 8.9 km-lik hissəsi çınqıl örtüklü və 5.2 km-lik hissəsi isə torpaq yol idi. Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadığından asfalt-beton örtük yararsız vəziyyətdə idi. Asfalt-beton örtükdə torşəkilli çatlar, aşınmalar və ümumilikdə torpaq yatağında və çınqıl örtüklü hissədə deformasiyalar var idi. Müəyyən hissələrdə yolun hərəkət hissəsinin səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə yerləşirdi. Sözügedən avtomobil yolununda nəqliyyat vasitələrinin intensiv hərəkətini, inzibati əhəmiyyətini və perspektiv inkişafını nəzə alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun əsaslı şəkildə təmir olunması sonuncu mərhələ üzrə davam etdirilir.
Yenidənqurma işləri çərçivəsində yararsız asfalt-beton örtük mexanizmlə sökülüb, torpaq yatağının yararsız hissələri ekskovatorla qazılıb çıxarılıb və ərazidən daşınıb, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq inşası, qazılmış hissələrin yenidən bərpası və yolun kanal ilə paralel olan hissəsində yolun normativ eninin alınması üçün genişmiqyaslı işlər görülüb. Torpaq yatağı hazır olan hissələrdə isə əsasın alt və üst layının inşası aparılıb. Ümumilikdə torpaq işləri 200 min kv.m-ə yaxın sahəni əhatə edib.
Layihə çərçivəsində yolun yaşayış məntəqələrinin daxilindən keçən 6.5 km-lik hissələrində isə karxana çınqılı ilə yeni yol yatağının, həmçinin 1 km uzunluğunda yeni piyada səkilərinin inşa edilməsi, kənarlarına yeni səki daşları düzülməsi işləri görülüb.
Torpaq işlərinə paralel olaraq yol boyu uzunluğu 14.2 m, eni isə 5.8 m olan mövcud körpünün hərəkət hissəsi tavasının təmirinə və məhəccərlərin yenisi ilə əvəz edilməsinə ehtiyac olduğu üçün bu istiqamətdə addımlar atılıb, həmçinin 1 nöqtədə 10 metr uzunluğunda dördbucaqlı su keçidi, mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığı üçün yeniləri inşa edilib. Bu məqsədlə 53 ədəd 460 paqon-metr uzunluğunda müxtəlif diametlərə malik dəmir-beton dairəvi suötürücü borular quraşdırılıb və izolyasiya olunub.
Bunun ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol birləşmələri avtoqreyderlə profilə salınaraq təmir edilib, avtomobil yoluna 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Bunun üçün iri və xırda dənəli asfalt-beton qarışıqlarından istifadə olunur. Asfaltlanma işləri ümumilikdə 120 min kv.m-dən çox sahəni əhatə edir.
Bundan başqa Ağsu-Qaradağ yolunun yenidən qurulması layihəsi çərçivəsində 11 avtobus dayanacağı, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün isə avtomobil yolunun 6.2-ci km-lik hissəsində beton kanal üzərindən keçən 30 m hissəsində 60 paqon-metr uzunluğunda ikitərəfli əyrixətli tirlər, yol boyu məlumatverici lövhələr, 83 yol nişanı və 460 siqnal dirəyi quraşdırılacaq, yolun üfiqi nişanlanma xətləri çəkiləcək.
Sadalanan tikinti işləri Ağsu-Qaradağ yolundan ayrılan Qaradağlı, Rəhimli, Şahbəyli, Qarabağlı, Bozovand, Ağarx, Parakənd, Maşadqanlı, Ülgüc kəndlərinə giriş yollarında da aparılıb. Belə ki, çınqıl örtükdən ibarət yollarda qabarma və çökmələr əmələ gəlmişdir. Yolun hərəkət hissəsinin səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə yerləşir və torpaq yatağının eni dəyişkən idi. Bu üzdən qısa müddət ərzində sözügedən kəndlərin giriş yollarında da genişmiqyası tədbirlər görülüb .
Burda da torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı qrunt tökülərək yeni 80 min kv.m sahədə yol yatağı inşa edilib. Bunun ardınca layihədə nəzərdə tutulmuş materialdan istifadə olunaraq 120 min kv.m sahədə yol əsası inşa edilib və yollara 2 laydan ibarət yeni asfalt-beton örtük döşənir, yol birləşmələri profilə salınaraq təmir edilir.
Bundan başqa mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığı üçün, boru başlıqları yenidən təmir edilib və əlavə olaraq 1120 paqon-metr uzunluğunda müxtəlif diametrlərə malik 140 yeni metal və dəmir-beton dairəvi suötürücü borular quraşdırılaraq izolyasiya olunub.
Layihənin sonuncu mərhələsində 9 yaşayış məntəqəsinin giriş yollarında zəruri olan yerlərdə avtobus dayanacaqları, məlumatverici lövhələr, 47 yol nişanı, 80 siqnal dirəyi quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.
Ağsu rayonunun Ağsu-Ağarx-Rəhimli-Qaradağ marşrutu üzrə 9 yaşayış məntəqəsinə gedən avtomobil yollarının yenidən qurulması yol boyu yaşayan minlərlə vətəndaşın rayon mərkəzinə rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq, yolun yenidən qurulması kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !