İstanbul şəhərində "Can Azərbaycana Canımız fəda" adlı dəstək mitinqi keçirilib - - FOTO

İstanbul şəhərində "Can Azərbaycana Canımız fəda" adlı dəstək mitinqi keçirilib - FOTO

Türkiyənin İstanbul şəhərində ölkəmizin Tovuz istiqamətindəki dövlət sərhəddində Ermənistanın törətdiyi hərbi təxribatlara etiraz, müstəqil Azərbaycan dövlətinə dəstək məqsədilə "Can Azərbaycana Canımız fəda" adlı izdihamlı mitinq keçirilib.

İstanbul Universitetinin Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi, Turan Ocaqları və Bütöv Azərbaycan Ocaqlarının birgə təşəbbüsü ilə gerçəkləşdirilən mitinq şəhərin Bəyazid meydanında baş tutub. Türkiyədəki azərbaycan icmasının və vətəndaş cəmiyyətinin müxtəlif təşkilatlarının qatıldığı mitinqdə 5 min nəfər iştirak edib.

Mitinq Tovuz cəbhəsində qəhrəmanlıqla həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükütla anılması və Azərbaycanla Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Tədbir iştirakçıları qarşısında Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin sədri Anar Can Kıtay və fəxri sədri Rəşid Mustafazadə, Turan Ocaqları başqanı Ercan Urçar çıxış ediblər. Natiqlər Ermənistanın işğalçılıq və təcavüzkar siyasətini hiddətlə pislədiklərini, dünya azərbaycanlılarının doğma Vətənlərini dəstəklədiklərini, Türkiyə xalqının Azərbaycan üçün canını fəda etməyə hazır olduğunu bəyan ediblər. Onlar bu cür dəstək aksiyalarının dünyanın hər yerində davam etdirilməsi zərurətini vurğulayaraq, Azərbaycan xalqının öz doğma torpaqlarını işğaldan azad etməyə hazır olduğuna diqqəti cəlb ediblər. Dünya birliyindən və beynəlxalq təşkilatlardan Azərbaycan torpaqlarının azad olunması və ərazi bütövlüyünün bərpa olunması, işğalçı Ermənistanın sərt şəkildə cəzalandırılması üçün qətiyyətli addımlar atılmasını tələb ediblər.

Mitinqdə Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə yanaşı, dövlətimizi dəstəkləyən digər dost ölkələrin də bayraqları qaldırılıb. Mitinq boyu “Şəhidlər ölməz, Vətən bölünməz!”, "Qarabağ Azərbaycandır!", "Ar olsun Ermənistana!", "Ermənistanın işğalçı siyasətinə son qoyulsun!", "Qarabağa ədalət!" şüarları səsləndirilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !