Ağrıdağın zirvəsindən dünyaya "Qarabağ Azərbaycandır!" çağırışı edilib -

Ağrıdağın zirvəsindən dünyaya "Qarabağ Azərbaycandır!" çağırışı edilib

Türkiyə–Azərbaycan Dərnəyinin (TÜRKAZDER) fəalları Ağrıdağın hündürlüyü 5137 metr olan zirvəsində "Emənistanın təcavüzkar siyasətinə son qoyulsun!" ("StopArmenianAgression") və "Qarabağ Azərbaycandır!" ("Karabakh is Azerbaijan") şüarları yazılmış plakatı nümayiş etdirməklə Azərbaycana dəstək aksiyası keçiriblər.

TÜRKAZDER fəalları bu qürurverici addımla həm də Azərbaycan Diaspor Könüllülərinin bütün sosial media şəbəkələrində #KarabakhisAzerbaijan, #Karabakh, #StopArmenianAgression həştəqləri ilə apardıqları kampaniyanı, "KarabakhisAzerbaijan" YouTube kanalını dəstəklədiklərini, azərbaycanlı gənclərlə yekdil və həmrəy olduqlarını bildiriblər.

Ağrıdağdakı aksiya zamanı dərnək fəalları Ermənistanın törətdiyi hərbi təxribatlara və Azərbaycanın əzəli torpaqlarını işğal etməsinə etirazlarını bildiriblər. Azərbaycan torpaqlarının işğaldan azad olunmasını Ermənistandan tələb edən gənclər bu məqsədlə ermənilərin iddia etdikləri Ağrıdağın zirvəsində "Qarabağ Azərbaycandır!" plakatını qaldıraraq, Türkiyədən bütün dünyaya Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha bəyan ediblər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !