Soydaşlarımız Sakramento şəhərində Konqresin qarşısında etiraz aksiyası keçirib -

Soydaşlarımız Sakramento şəhərində Konqresin qarşısında etiraz aksiyası keçirib

İyulun 21-də ABŞ-ın Kaliforniya ştatının paytaxtı Sakramento şəhərində ölkəmizin Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlar törətməsi və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını işğal altında saxlaması ilə bağlı etiraz aksiyası keçirilib.

Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşdirilən aksiya Konqresin Kapitol Hil binasının önündə baş tutub. Pandemiya ilə əlaqədar karantin qaydalarına uyğun olaraq keçirilən tədbir Ermənistanın hərbi təxribatları zamanı həlak olmuş qəhrəman Azərbaycanın hərbçilərinin və mülki vətəndaşlarının əziz xatirəsinin anılması ilə başlayıb.

Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandığı, “Ermənistanın təcavüzkar siyasətinə son!”, “Qarabağ Azərbaycandır!” və sair şüarların yazıldığı plakatların, Tovuz cəbhəsində hərbi təxribatlar zamanı həlak olmuş şəhidlərimizin şəkillərinin nümayiş etdirildiyi tədbirdə azərbaycanlı icmasının rəhbəri və fəal üzvləri çıxış ediblər. Onlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın və ətraf 7 rayonun Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunduğu, ermənilərin xalqımıza qarşı Xocalı kimi dəhşətli soyqırımı törətdiyi, Tovuz istiqamətindəki dövlət sərhəddində yaşayış məntəqələrini artilleriya zərbələrinə məruz qoyduğu barədə məlumat veriblər.

Soydaşlarımız birmənalı olaraq Azərbaycan dövlətini, xalqımızı və ordumuzu dəstəklədiklərini bəyan edərək, ABŞ Konqresini, beynəlxalq təşkilatları və dünya ictimaiyyətini Azərbaycanın ədalətli və haqlı mövqeyini müdafiə etməyə, işğalçı Ermənistanın sərt şəkildə cəzalandırılması, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün qətiyyətli addımlar atmağa çağırıblar.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !