Romadakı soydaşlarımız Ermənistanın təcavüzkar siyasətinə etiraz səsini ucaldıb -

Romadakı soydaşlarımız Ermənistanın təcavüzkar siyasətinə etiraz səsini ucaldıb

İtaliyanın paytaxtı Roma şəhərində Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatlarına etiraz, Azərbaycan dövlətinə və ordusuna dəstək məqsədilə aksiya keçirilib.

Monte Çitorio meydanında baş tutan aksiya İtaliya-Azərbaycan Gənclər Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilib. Tədbirdə İtaliyanın Roma və digər şəhərlərində yaşayan soydaşlarımız və təhsil alan azərbaycanlı tələbələr, türk icmasının üzvləri iştirak ediblər. Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandığı aksiyada "Qarabağ Azərbaycandır!", "Ermənistanın təcavüzkar siyasətinə son!" "Qarabağ bizimdir, bizim olacaq!", "Şəhidlər ölməz, Vətən bölünməz!" və sair şüarların yazıldığı plakatlar qaldırılıb, Tovuz cəbhəsində həlak olmuş şəhidlərimizin şəkilləri nümayiş etdirilib.

Azərbaycanın Dövlət himni ilə başlayan tədbirdə Tovuz cəbhəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi yad edilib. Mitinqdə çıxış edənlər Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın və ətraf 7 rayonun Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunduğunu, ermənilərin xalqımıza qarşı Xocalı kimi dəhşətli soyqırımı törətdiyini, Tovuz istiqamətindəki dövlət sərhəddində yaşayış məntəqələrini artilleriya zərbələrinə məruz qoyduğunu bildirərək, beynəlxalq təşkilatları və dünya ictimaiyyətini işğalçı Ermənistanı sərt şəkildə cəzalandırmağa, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün qətiyyətli addımlar atmağa çağırıblar.

Aksiya Ermənistanın hərbi təxribatlarına və işğalçı siyasətinə etiraz bəyanatının oxunması, yerli mediaya məlumatların verilməsi ilə başa çatıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !