Şah İsmayıl Xətaini söyənlərə qısa cavab -

Şah İsmayıl Xətaini söyənlərə qısa cavab

Bir vaxtlar M.Ə.Rəsulzadəni daş-qalaq edənlər əllərinə bir şey keçməyincə indi də başlayıblar Şah İsmayıl Xətaini söyməyə. Kimdi bunlar? Təbii ki, rusbaşlılar, farsyönümlülər və ermənipərəstlər! Bir sözlə, Türkün düşmənləri! Əgər bu düşmənlər Azərbaycan Respublikasında yaşamasaydı və Azərbaycan vətəndaşı olmasaydı, o qədər də narahat olmazdıq. Dərd ondadı ki, M.Ə.Rəsulzadəni də, Şah İsmayıl Xətaini də aşağılamaqla məşğul olanlar Azərbaycan Respublikasının vətəndaşı statusunu daşıyanlardı. Bu yazımda isə hələlik mənim məqsədim Xətaini söyənlərə bir Azərbaycan vətəndaşı olaraq, bir Azərbaycan Türkü olaraq cavab verməkdi. Özü də hesab edirəm ki, bu manqurdların cavabını yalnız tarixçilər deyil, peşəsindən və vəzifəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı verməlidi. Çünki, dərk etməliyik ki, bu gün Azərbaycanda dövlətçilik ənənələri varsa, dünya xəritəsində Azərbaycan adlı dövlət varsa, bununçün, həm də Şah İsmayıl Xətaiyə minnətdar olmalıyıq. Azərbaycan tarixinə bələd olanlar bilirlər ki, məhz ilk dəfə olaraq ən qüdrətli Azərbaycan dövlətini Səfəvilərin timsalında Şah İsmayıl Xətai formalaşdırdı. Dağınıq və qırıq-salxaq vəziyyətdə olan, biri-birinə düşmən kəsilmiş vilayətləri,.. bir sözlə hakimiyyətcikləri bir bayraq altında birləşdirərək, ərazilərini genişləndirərək, Şah İsmayıl Xətai öz dövrü üçün yer üzündə ən qüdrətli dövlətlərdən biri olan Azərbaycan Səfəvilər dövlətini qurmuşdu.

Şah İsmayıl Xətaini söyənlərin birinci bəhanəsi odur ki, guya, Xətai şiə sünni məsələsi ilə ayrıseçkilik yaratmışdı. Əvvəla, İslamda baş verən bu demokratikləşmə prosesi Xətaidən qabaq baş vermişdi və bunun Şah İsmayıl Xətai hakimiyyəti ilə heç bir əlaqəsi yox idi. Ümumiyyətlə, Şah İsmayılın yaratdığı dövlətin qüdrəti, həm də onun istənilən mənsəbdən olan insana humanist yanaşması idi. Həmin dövr üçün Səfəvilər dövlətində yaşayan insanlar, bəlkə də, yer üzünün ən xoşbəxt insanları idilər. Sadəcə olaraq, həmin dövrdə Şah İsmayıl Xətainin yaratmış olduğu möhtəşəm Türk dövlətini Türkün düşmənləri, xüsusilə də əsas xristian dövlətləri həzm edə bilmirdilər və bu dövləti sarsıtmaq üçün yollar axtarırdılar. Elə şiə sünni məsələsinin ortalığa atılaraq qızışdırılması, həmin xristian dövlətlərinin “oyunu” idi.

İkinci bəhanə isə odur ki, guya, Çaldıran döyüşünün baş verməsində Şah İsmayıl Xətainin çox ciddi səhvləri olub. Hətta, iki qüdrətli Türk dövləti arasında baş verən bu qanlı müharibənin bütövlükdə baş vermə səbəblərini ,yalnız Şah İsmayıl Xətai və Sultan Səlimlə bağlayırlar. Düzdür, tarixçilərin qeyd etdikləri kimi, Səfəvi dövlətinin belə sürətlə qüdrətlənməsi pis mənada Sultan Səlimi qıcıqlandırırdı. Lakin bilməliyik ki, həmin dövr üçün dünyaya meydan oxuyan hər iki qüdrətli Türk dövləti bütövlükdə xristian dünyasının hədəfində idi. Elə bu məqsədlə də bir sıra məkrli planlar hazırlanmışdı. Məsələn, Sultan Səlimin adından Şah İsmayıl Xətaiyə, Xətainin adından isə Sultan Səlimə ünvanlanmış söyüş dolu, təhqiredici məktublar həmin xristian dövlətləri tərəfindən hazırlanmış “xəyanət” idi. Məqsəd bu iki qüdrətli dövləti qanlı müharibəyə təhrik etmək və onların hər ikisini zəiflətmək idi. Nəticədə onların istədiyi Çaldıran döyüşü baş tutdu ki, sonluq iki qüdrətli Türk dövlətinin zəifləməsi və avropa diplomatiyasının qalibiyyəti ilə başa çatdı.

Üçüncü bəhanə daha gülməli görünür: Guya, Çaldıran döyüşündə məğlub olduqdan sonra Xətai arvadını qoyaraq qaçıb. Sultan Səlim də Xətainin arvadını əsir götürərək özü ilə aparıb. Bu cahillərin arşını ilə ölçsək heç demə bu qədər fəlakətlərə səbəb olan müharibənin məmmədqulusu “arvad davası” imiş...

Çox təəssüf edirəm ki, özünü Türk hesab edənlər, hər iki qüdrətli Türk sərkərdəsinə qarşı belə nifrət dolu təhqiramiz münasibət bəsləyirlər. Yəni hər iki Türk sərkərdəsini ermənilər də söyür, onlar da... Onların çoxusu həmin tarixdə baş verənlərdən düzgün nəticə çıxarmayanlardı. Şah İsmayıl Xətai o şəxsdir ki, 1514-cü ildə baş verən Çaldıran döyüşü ərəfəsində onun qurduğu dövlətin ərazisi 1.500.000 kv.km idi. Bu gün Xətaini söyən dil pəhləvanları, təkcə bu fakta baxıb öz yerlərini bilməlidirlər. Əslində, biz hamımız fərqinə varmalıyıq ki, bəs bu gün Azərbaycan dövlətinin ərazisi nə qədərdir və bunun günahı kimdədir? Çaldıran döyüşünün baş vermə səbəbinə ötəri də olsa,, yuxarıda toxundum. Dedik ki, həmin dövrdə bildiyimiz kimi, iki qüdrətli Türk dövləti var idi, bunu da aparıcı xristian dövlətləri həzm edə bilmirdi. Əvvəla hər iki Türk dövlətini qanlı müharibəyə sürükləmək üçün həmin xristian dövlətləri tərəfindən xəyanətkar plan və zəmin hazırlanmışdı. Bu xəyanətkar planın bir başqa tərəfində də məsəl üçün, Sultan Səlim ordusunun yüksək səviyyədə odlu silah növləri ilə təmin olunması, Şah İsmayılın ordusunun isə məqsədli şəkildə həmin silahlarla təmin olunmaması dayanırdı. Necə ki, Qarabağ müharibəsinin taleyini Rusun silahı və xəyanəti ermənilərin xeyrinə həll etdiyi kimi...

Tarixçilərin yazdığı və əksər bədii əsərlərdə vurğulandığı kimi, Şah Xətai son anadək müharibə etmək istəməyib. Lakin odlu silahlarla yaxşıca təmin olunmuş Sultan Səlim aldandı və böyük səhvə yol vermiş oldu. Qanlı Çaldıran döyüşündən sonra uzun müddət sarayında tək qalaraq xiffət etməsi də Sultan Səlimin sonrakı peşmançılığından xəbər verirdi. Taclıbəyim və Xətai də müharibə qanunları ilə məğlub tərəf kimi əsir düşüb, lakin onların heç birinə məhz Sultan Səlimin göstərişi ilə aşağılayıcı münasibət göstərilməyib. Hətta qələbə qazanaraq Təbrizi ələ keçirən Sultan Səlim çəhərin özünə və əhalisinə ziyan vurmadan bir həftədən sonra Şah İsmayılın Təbrizə ayaq basdığını eşidən kimi sakitcə şəhəri tərk edib. Xətainin bir zərbə ilə topun lüləyini kəsən qılıncına və qılınc çalan qoluna Sultan Səlim heyrətini gizlədə bilməyərək Xətaiyə olan hörməti daha da artıb. Döyüşdə yaralanmış Xətai və arvadı Taclıbəyim saraylarına qayıdıblar...

Əslində, bu çox geniş mövzudu. Əsas məqamlara ötəri toxuna bildim. Bu haqda bir neçə məqaləm hələ ötən əsrin 90-cı illərində çap olunub. Dediyim odur ki, ey mənim Türk qardaşlarım, Türk bacılarım! bizə məlum olan düşmənlərimiz zaman - zaman haqqımızda iftiralar uyduraraq bizi qarşı-qarşıya qoyublar. Gəlin, şanlı keçmişimizə də, qəhrəmanlarımıza da sahib çıxmağı bacaraq. Düşmənlərin hiyləsinə aldanmayaq. Necə ki, biri-birimizə düşmən kəsilə-kəsilə hazırkı duruma gəlib düşmüşük... Faktlara əsasən bir də xatırladıram: - Azərbaycan dövlətçilik tarixində bu günədək Şah İsmayıl Xətaidən qüdrətli şəxsiyyət olmayıb.

Vahid Aslan,

Yazıçı-jurnalist.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !