Oleq Volkov: - Zülmətə gömülənlər (Başıma gələnlərdən)

Oleq Volkov: Zülmətə gömülənlər (Başıma gələnlərdən)

1900-cü ildə doğulmuş Oleq Volkov 28 yaşında qanunsuz tutularaq, ömrünün 27 ilini həbsxana və sürgündə keçirmişdir. Ədəbi fəaliyyətə bəraət aldıqdan sonra başlayıb: ingilis və fransız ədəbiyyatından rus dilinə, rus ədəbiyyatından fransız dilinə bir sıra tərcümənin, onlarca povest, hekayə və oçerkin müəllifidir. 1996-cı ildə vəfat edib.

Aleksandr Soljenitsından sonra Stalin düşərgələri barədə yazan ikinci ən böyük yazıçı sayılır. Soljenitsın özünün “QULaq arxipelaqı” romanında Volkovun xatirələrindən gen-bol istifadə edib. O. Volkovun “Zülmətə gömülənlər” romanı təxminən 30 ilə yazılıb, SSRİ-də yasaq edilmiş əsər kimi ilk dəfə 1987-ci ildə Parisdə çap olunub. Sovet oxucuları “Zülmətə gömülənlər”lə Moskvada 3 milyon 360 min nüsxə tirajla nəşr edilən məşhur “Roman-qazeta”nın 1990-cı ilin mart nömrəsində tanış olublar. Mən də ovaxt jurnala abunəçi idim; Oleq Volkovun “Zülmətə gömülənlər” (О.В.Волков. “Погружение во тьму”) sənədli romanı, daha doğrusu, romanın bir neçə jurnal səhifəsi həcmində olan hissəsində müsavatçılardan, onların müsibətli və eyni zamanda, şərəfli, ibrətamiz həyat yolundan vəcdlə söz açılması diqqətimi cəlb elədi. Elə ovaxt “İzvestiya” qəzetində məşhur publisist A.Vasinskinin qeydlərindən aşağıdakı parça da diqqətimi cəlb elədi:“Sumqayıtdan sonra bir çox moskvalı kimi mən özüm də ekstremistlərin bəd əməllərini həm də dini fanatizmlə əlaqələndirirdim. Lakin yadımdadır, tanış bir tacik qızğınlıqla mənə izah eləyirdi ki, islam dözümlü olmağa səsləyir. Deməli, burada zor işlədənlərlə qanı axıdılanları ayırd etməmək olmaz və bu fikir şəxsən məndə uzun illər QULaq (Baş Düşərgələr İdarəsi – Tərcüməçi), dustağı olmuş Oleq Volkovun “Zülmətə gömülənlər” kitabını oxuduqdan sonra möhkəmləndi… Oleq Vasilyeviç Volkov mənə insanlıq dərsi verdi. Adamları din yox, damarlarında axan qan yox, hər cür zorakılığa, azadlığın olmamasına münasibət ayırır… (“İzvestiya”, 21 mart 1990-cı il).

Romandan parçaları tərcümə eləməyi qərara aldım. Həmin parçalar indiyədək bir neçə qəzetdə dərc olunsa da təqdim edilən tərcümə romanın Azərbaycanla bağlı ən dolğun variantıdır.

Tərcümə və təqdim edəni: Şakir YAQUBOV

 

…Çarpayı qonşum, uzaq Zaqafqaziyada doğulmuş Mahmud Məmmədovu da mənimlə bir gündə, eynilə apendisitdən operasiya etmişdilər. Bu təsadüfi və qısa görüş həmişəlik xatirimdə qaldı.

O zaman Butırka həbsxanasından Solovkiyə sürgünə göndərilən üç yüz nəfərə qədər adam Müsavat Partiyasının üzvləri idi. Türk, sonralar isə deyildiyi kimi, Azərbaycan ziyalılarının qaymağı olan adamlar. Onların timsalında mən bələd olmadığım özgün bir dünyanı kəşf elədim. Bu, öz müstəqilliyini, ənənəvi baxışlarını və əcdadlarının adət-ənənələrini var qüvvəsi ilə qoruyub saxlamağa çalışan kiçik bir xalqın dünyası idi.

Sonralar Solovkidə müsavatçılarla qonşu düşəndə gördüm ki, onlar necə dərin övlad məhəbbəti ilə ağsaqqalların qeydinə qalırlar, göz qoyurlar ki, süfrə başında kiminsə payı o birisindən əskik olmasın, Allah-təalaya dua-səna eləmək üçün

məqam axtaranlara necə də canıyananlıq göstərirlər. Onlara əsasən mən mühakimə yürüdə bilirdim ki, arxada qalan onilliklərdə rus cəmiyyəti nə qədər də cırlaşıb. Ucqarlarda yaşayan, yəni yeni əxlaq qaydalarının daha gec gedib çatdığı və ilk əvvəllər ehtiyatla yayıldığı xalqlarla müqayisədə xaraktercə nə qədər də qəddarlaşmışıq.

Budur, ağ mələfə ilə müqayisədə kömür kimi qapqara olan Mahmud şərqlilərsayağı bardaş quraraq və özünün ata-baba yurdu barədə danışır. Kiçik rayon şəhərciyində müəllimlik etməsinə baxmayaraq, Mahmudun sir-sifətindən təbiət adamı olduğu açıq-aşkar sezilir. Səsinin ahəngi mənə onun doğma Qarabağının dağ döşündə və dərin dərələrində əks-səda verən çoban tütəyinin zümzüməsini xatırladır.

Yazda ailəlikcə qoyun sürüsü ilə, inəklərlə, ev şeylərinin yükləndiyi atlarla dağlara, qarla örtülü zirvələrdəki yaylaqlara köç edərdilər. Elə oralarda xalıların döşəndiyi çadırlarda uzun müddət yaşayaraq pendir tutar və Allaha dua-səna eləyərdilər. Yaxın ulduzların altında, səhrada dağların cəmləşmiş sükutunda keçən aylardan sonra payızda onlar qışlağa, adamların arasına, zorakılıq və ziddiyyətlər dünyasına qayıdırlar. Bu qayıdışda onların qəlbində yığılıb qalan barışıq və rahatlıq hissi tədricən əriyib yoxa çıxır, dünyaya hakim olan Ali Mənəvi Qüvvənin cızdıqlarına asanlıqla tabe olan bəşər övladının hissiyatları yoxa çıxırdı...

Rusiyanı bürümüş inqilabi hadisələr Zaqafqaziya boyu yayılır, yerli rəqabət və milli nifaqa qarışırdı. Belə bir şəraitdə köhnə incikliklərin haqq-hesabını çəkmək üçün tayfa və icmaların əl-qolu açılırdı. Mahmud müsavatçıların təqib olunmasına Moskvanın canişini, o vaxtkı Azərbaycanın hakimi Bağırovun öz şəxsi düşmənlərindən hayıf çıxması kimi baxırdı.

Mahmud Bakıda, həbsxana divarları arxasındakı qətllər, üzləşdirmələr zamanı verilən əzab-əziyyət və işgəncələr barədə xəsisliklə danışırdı. Bədənindəki göy ləkələr, qançırlar həmin işgəncələrdən xəbər verirdi. Orta əsrlərə xas olan üsullara qayıdışa dair bu gözgörəsi sübutlar o vaxt adamın ağlına batmırdı, bunlar amansız Şərqin əxlaq qaydalarının inikası – yeni, Sovet Rusiyası ilə bir araya sığmayan teymurləngçilik təsiri bağışlayırdı...

Mahmud səmimi və sadə adam idi. Axırıncı tikəsini də bölə bilirdi. Onun hər kəsə inanması və xeyirxahlığı təəccüb doğururdu.

…Geniş görüş otağı – köçürmə dəstələrini burada formalaşdırırdılar – Şərq bazarını xatırladırdı. Quzu dərisindən papaq qoymuş, yüngül yun Qafqaz corabı geyinmiş, tük döşəklərini və xurcunlarını çiyinlərinə atmış qaraşın adamları kameralardan çıxarıb bura yığırdılar. Otaqda yaman qələbəlik idi, hay-küydən qulaq tutulurdu. Bir yolun yolçusu olan adamlar sevinclə bir-birini qucaqlayır və bu zaman onların salam-kəlamı adət etmədiyimiz dərəcədə daha gur səslənirdi.

Mən türk dilində bir neçə kəlmə öyrənməyə macal tapmışdım, ərəbcə höccələyə-höccələyə oxuya bilirdim. Mahmudun həmyerliləri “salam-əleyküm”ümə təbəssümlə cavab verib məni irəli buraxır, möhkəm-möhkəm əlimi sıxıb sanki demək istəyirdilər: “dostumun dostu mənim də dostumdur”.

Bizi ayıran dil səddinə baxmayaraq, həbsxana həyatının başa çatması münasibətilə sevincimizi bir-birimizə bəyan edir və sadəlövhcəsinə güman edirdik ki, gələcək düşərgə günlərimiz xoş keçəcək. Müsavatçılar onlara vəd olunan siyasi dustaq rejiminə keçiriləcəklərinə qəti inanırdılar. Gücü birlikdə olan bu adamlar həmin rejim uğrunda axıracan mübarizə aparmağa hazır idilər. Onların arasında Avropada təhsil alanlar, xarici dilləri və inqilabi hərəkatın tarixini bilənlər, çar dövründə təqiblərə məruz qalan siyasi xadimlər az deyildi. Onlar keçmişdə sürgündə olanlara oxşar nəzarət altında həyata oxşar bir həyata ümid edirdilər.

Nəzarətçilər və konvoylar döşlərdən asılmış formulyarlardakı “İbrahim- Mahmud-Mustafa-Əhməd – oğlu” kimi yazılardan asanlıqla baş açmayaraq, karıxıb qalır. rusca danışmayan və ya danışmaq istəməyən bu qarasaç, qarayanız, şərqlilərsayağı oxşarlıqlara məxsus eyni cür papaq qoymuş bu adamları özləri müstəqil olaraq şəxsiyyətlərini müəyyən etmək üçün müfəssəl sorğu-suala tutmadan müsavatçıların böyüyünə əlbəl təhvil verirdilər. Onları basabas salan kütlədən hifz edərək kağızları yaltaqcasına ona soxuşdururdular. Təki qarışıq salmasınlar, müəyyən olunmuş müddətə çatdırsınlar: eşelon cədvəl üzrə yola düşməlidir...

Çapıqlarımızın təzəliyinə görə mən və Mahmud şeyləri daşımamalıydıq. Belədə neçə əl bizim müxəlləfatımızdan yapışırdı! Biz sakitcə kənarda köhnə pal-paltarın üstündə oturub onlara baxırdıq: kimsə bizi “şmon” (axtarış) edilənlərlə səhv salıb olan-qalanımızı çırpıb sonra da səlqə ilə qatlayıb oğrularsayağı tez-tələsik axtarıb yerinə qoyurdu. Bu “yadelli” kütləsində həmyerlisinin bir xoş sözünə özlərinin qardaşlıq dairəsinə soxuşdurulanda mən dərhal özümü etibarlı adam saydım. Vərəmin ciyərlərini didib əldən saldığı gənc bakılı jurnalist, rusca babat danışan Eyyub İbrahimov, bir kəlmə demədən əlini çiynimə qoyan ağsaqqal müəllim – atalıq qayğısını sözlə ifadə etməyi bacarmayan şəriət müəllimi və naməlum adama diqqət və xeyirxahlıq, səmimiyyət, etibar etmək vərdişi göstərən başqaları – bütün bunlar mənim əsil dostlarım kimi özlərini aparırdılar. Mən gözlərim yaşarıncaya qədər kəskin surətdə və ürək ağrısı ilə artıq bizim cəmiyyətin itirdiyi, şübhə ilə, paxıllıqla, adamları bir-birinin üzərinə qalqırmaqla məhv edilmiş insani ünsiyyətin hərarətini hiss edirdim...

Bu köçürülmə məntəqəsi Solovetski düşərgəsinin əsası qoyulanda, məhbusların sayı onlarca və yüzdən daha az olanda təsis edilmişdi. İndi isə burada qələbəlikdir. Zonadan kənarda, daşların üzərində oturub əhatəyə alındığımız hərbiləşdirilmiş

mühafizəçilər bizi qabaqlamış eşelonun necə qəbul edilməsinə göz qoyurlar. Təzəlikcə şoxmərtəbəli söyüş və ağzına vurulan şapalaqla tepluşkalardan -- isidilən yük vaqonlarından düşürülən özünü itirmiş və karıxmış məhbusları cərgəylə düzdülər və çılpaq qayalıq burun tərəfə qaçırdılar. Orada hamıya dedilər ki, çemodanları və bağlamaları yerə qoysunlar və enlikürək qarovulçular çoxsaatlıq təlimə -- sifətlərinə şapalaq endirməklə qaba hərbi təlimə başladılar. Müvavatçılar bundan təşvişə düşdülər. Vaqondan düşürülərkən bizi də yumruqla qarşıladılar. Lakin kiminsə göstərişi ilə tezliklə buna son qoydular. Hər halda müdafiəsiz adamlara zülm etmək həvəskarlarından biri ləngiyən yaşlı həkimin sifətini qana boyamağa müvəffəq oldu. Müsavatçıların rəhbəri, atletik bədənli biri dəlicəsinə keşikçinin üstünə şığıdı, onun ayaqlarını yerdən üzüb özünü relslərin üzərinə tulladı. Özününkülər aman versəydi, yəqin ki, öldürərdi...

Müdiriyyət özünü yetirdi, sorğu-sual başlandı. Platformanı dövrəyə alan hərbiləşdirilmiş mühafizəçilər çaxmaqları şaqqıldatdılar. Lakin görünür, qan tökməməklə ötüşmək barədə əmr verilmişdi. Bəlkə də ilk vaxtlar “siyasi dustaq” illüziyasına hörmət eləməyi məqsədəuyğun saymışdılar. Tezliklə orada -- Solovetskinin kar divarları arxasında artıqlaması ilə əvəzini çıxacaqdılar. Çaxnaşma hər halda çox böyük oldu. Türklər məsləhətləşdilər, zorakılığa qarşı duruş gətirmək üçün taktika işləyib hazırlamağa başladılar. Və baş verənlərə göz qoymağı qət elədilər...

Ellik şüur müsavatçılarda “siyasi məhbus” hüququna nail olacaqlarına ümidləri artırırdı. Mən isə bilirdim ki, gördüklərim qismətimə düşənlərin inikasıdır.

…Budur, mən, sanitariya hissəsinin əməkdaşı kimi özümü maneəsiz olaraq onların yanına salıram. Xəstəxananın giriş qapısı ağzında dayanmış növbətçi niyə bura tez-tez gəlib-getməyimlə heç maraqlanmır da. Əslində, mən müdiriyyətin müsavatçıları sındırmaq və onları bir-birindən təcrid olunmuş qruplara bölmək planlarının tamam əksinə olan bir işlə məşğulam: uzaq yerlərə ezam olunmuş müsavatçıların yazılı və ya şifahi tapşırıqlarını xəstəxanaya yetirir, buradan isə aclıq elan etmiş etirazçıların başçısı, bütün Müsavat partiyası rəhbərinin göstərişlərini onlara çatdırıram. Belə əlaqənin mövcudluğu etirazçıları ruhlandırır; bu, onlar üçün güc-qüvvət, cəsarət mənbəyidir.

Onlar iki həftədən çoxdur ki, aclıq edirlər. Bu, “siyasi məhbus” statusu almaq, deməli, məcburi olan ümumi işlərdən can qurtarmaq üçün onların fədakar, lakin ümidsiz və elə buna görə daha ülvi cəhdidir.

İlk vaxtlar müsavatçıların hamısını bir yerdə, köhnə monastırın rota adlandırılan korpuslarından birində yerləşdirmişdilər və onlara dəyib-dolaşan olmurdu. Lakin belə bir vəziyyət düşərgənin məqsədləri və müdiriyyətin niyyətləri ilə daban-dabana zidd idi: məhz bu dövrdə “kustarçılıq” təzəcə işlənib hazırlanmış

irimiqyaslı cəza tədbirləri siyasəti ilə əvəz olunurdu. Müsavatçıları qəfildən yaxalamağa cəhd göstərdilər: siyahı üzrə yoxlama adı ilə həyətə çıxarıb… naryad verənlərə -- işə təyin edənlərə ötürdülər. Qarmaqarışıqlıq düşdü... Ona görə də əsassız qaba hücumdan əl çəkməyə məcbur oldular.

Gecələrin birində operativ işçilər və ən böyük rəislər də daxil olmaqla, hərbiləşdirilmiş mühafizə dəstəsi müsavatçıların hamısını təzədən həbs edib kimi hara gəldi – Savvatyevoya, Rebaldaya, Muksalmaya göndərdilər. Elə həmin yerlərdə də onları zorla işə çıxarmağa başladılar. Müsavatçılar öz aralarında gizlicə əlaqə yarada bildilər və günlərin birində eyni vaxtda bütün düşərgə boyu aclıq elan etdilər.

Əlli nəfərə yaxın müsavatçını qədim rus şəhərlərində iç qala adlanan kremlə saldılar. Aclığın on birinci, ya on ikinci günü xəstələrin hamısını keçmiş monastır hospitalının palatalarına doldurdular. Həkimlərə tapşırmışdılar ki, aclıq elan eləyənlərin gizlində bir şey yeməməsinə göz qoysunlar: gözətçi ayırmışdılar, – adam salırdılar ki, qılıqlarına girsinlər, başlarını bişirsinlər – bəlkə aralarında əhdə dönük çıxanı tapıldı… Bir sözlə, müdiriyyət vaxtı uzadır, üç yüz qiyamçının öhdəsindən necə gəlmək barədə Moskvadan göstəriş gözləyirdi.

Demək artıqdır ki, biz müsavatçıların halına yanır və onlara uğur diləyirdik, eyni zamanda, qəlbimizdən qəribə hisslər də keçirdi: nəyə əsasən onların düşərgə rejimi bizimkindən fərqlənməlidir? Axı biz də cinayətkar deyilik, onlar kimi “siyasi dustaqlarıq”.

Lazaretdə kargüzarlıq edən Georgi Osorgin deyirdi:

– Elə olmağına elədir: biz də onlar kimiyik, amma həm də onlar kimi deyilik. Bax, gör onlar necə mehriban və həmrəydirlər. Biz isə hərəmiz közü öz qabağımıza eşirik, üstəlik, kimimiz meşə qırır, kimimiz də odun yarır… Sonrası da budur ki, onlar açıq-aşkar deyirlər: bolşevikləri tanımaq istəmirik, xalqımıza bizim qoyduğumuz qayda-qanunlar gərəkdir və biz də həmin qayda-qanunlara tərəfdarıq. Gör bizlərdən hər hansı birimiz nə cavab verəcək? Başlayacaq burcutmağa: “Əfv edin, mən Sovet hakimiyyətinə tərəfdaram, ancaq bilirsinizmi, məni burada bir balaca incidiblər…” və sonra da avara bir şey barədə ağlayıb-sızlayacaq…

Yeri gəlmişkən, Osorqin “hamı” barədə belə danışsa da, dindirmələr zamanı hədsiz qətiyyətlə deyirdi: “Monarxistəm və mömin adamam”.

…Onlar sakitcə, qayğılı halda uzanmışdılar. Çarpayıların arası ilə keçib Mahmuda tərəf gedə-gedə balışların üzərindən sərt və yad baxışların məni müşayiət etdiyini bütün varlığımla hiss edirdim. Müsavatçıların əksəriyyəti axıradək davam gətirmək əzmində idi. Könüllü olaraq ölümə qucaq açan bu adamlar mənə -- həyatın o biri

tərəfində dayanmış insana yad adam kimi baxırdılar. Eybi yoxdur, qoy elə bu cür də bilsinlər: gələn onların dostudur.

Həmişəki kimi Mahmudun üzü gülürdü, sanki amansız döyüş yox idi, qəlbində əmin-amanlıq və rahatlıq vardı. Narahatlıqla verdiyim suallara qeyri-müəyyənliklə, əsil Şərq adətincə baş barmağını şax tutmaqla cavab verirdi. Birbaşa cavabdan yayınaraq bir qədər zarafatla deyirdi: “Hər şey Allahın əlindədir”. Ona vermək istədiyim doğranmış qənd dolu torbanı balışın altında gizlətmək barədə pıçıltılı təklifimi də qətiyyətlə rədd etdi.

Şərəfsiz düşmənlə mübarizədə istənilən müdafiə priyomu keçərlidir, -- Mahmud bu fikirlə razı idi. Lakin ümumi olan dərdə şərik çıxmamaq olmazdı, yoldaşlarına qarşı münasibətdə səmimi olmamaq mümkünsüzdü.

Gözlərinin öləziyən parıltısından və dodaqlarının zəif titrəyişindən bilmək olurdu ki, sakitcə uzanmış bu adamlar onları haqlayan ölüm kabusunu özlərindən uzaqlaşdırmaq üçün apardıqları daxili mübarizədə üzülüb əldən düşmüşlər.

Aclıq edənlərin çoxu – Bakı həbsxanalarında amansız işgəncələrə məruz qalanlar ağır vəziyyətdə idilər, taqətdən düşmüş bu adamlar vərəmin pəncəsində çapalayırdılar. Bəziləri sayıqlayırdı…

Onları axır ki, sındırdılar. İstədikləri işi verəcəklərini və təzədən bir yerdə yerləşdirəcəklərini vəd elədilər – düşərgənin rəisi Eyxmansın özü onların yanına gəlmişdi. Elə o dəqiqə yemək – isti süd və düyü gətirdilər…

Aydın məsələdir ki, onları aldatmışdılar… Bilirdilər ki, üç həftə ölüm dalanına tərəf sürünən adamlarda həyat relsi üzərinə keçmək səadətinin ləzzətini duyandan sonra təzədən relsdən çıxmaq əzmi olmayacaq.Təkcə müsavatçıların rəhbəri və onun bir neçə yaxın dostu bu səadətə uymadılar. Biz Georgi ilə birlikdə onları dilə tutduq ki, daşı ətəklərindən töksünlər.Müsavatçıların rəhbəri qətiyyətlə dedi:

– Ölməyi qət eləmişəm. Ona görə yox ki, həyatdan bezmişəm. Ona görə ki, bütün hallarda biz ölümə məhkumuq. Çoxumuz bu qışdan salamat çıxmayacağıq – görürsünüz ki, az qala hamı vərəmə tutulub. Sağ qalanları onsuz da məhv edəcəklər, ya güllələyəcək, ya da cərimə ezamiyyətlərinə göndərəcəklər. Əgər bizi siyasi dustaqlar üçün təcridxanaya keçirsəydilər, bu, müəyyən vaxt üçün bizim qurtuluşumuz olardı… Amma onu da bizə çox görürlər… Bizi Solovkiyə ona görə gətiriblər ki, olan-qalan müstəqilliyimizin də axırına çıxsınlar. Bakıda biz onlardan ötrü real və təhlükəli düşmənlərik… Gəlin bu barədə danışmayaq. Bizim özümüzə, məqsədlərimizə o qədər iftira yaxılmayıb ki, xalqımızın faciəsini bir-iki kəlmə ilə izah edə bilim…

O, gözlərini yumub uzun müddət susdu. Yorğun sifətindən vicdanın yaxın buraxmadığı qaydalarla razılaşa bilməyən adamın qətiyyəti oxunurdu.

– Belə yaxşıdır, təslim olmadan ölmək yaxşıdır, – dedi və zarafatla əlavə elədi. – Tələb etdim ki, məni bu adadan… günəşli Şamaxıya götürsünlər. Allah qismət eləsə, yolunuz düşəndə bizim bağlara, çinarlara, üzümlüklərə salam deyərsiniz… Əlvida, dostlar, sizin kimi rusları biz sevirik…

Mən Azərbaycan xalqının bu qəhrəman oğlunun adını xatırlamıram, hərçənd ki, nəm-nişanələri yadımdadır, ucaboylu, qaraşın, qəşəng kişi idi, qalın qaşları və ağıllı gözləri geniş alnına xüsusi yaraşıq verirdi. Bildiyim budur ki, o, Avropa təhsili görmüşdü, Parisdə, Vyanada yaşamışdı.

Hamılıqla aclıq dayandırılandan sonra onu və üç yaxın yoldaşını cərimə bölməsinə çevrilmiş keçmiş Anzersk monastırına apardılar. Elə orada onların hamısı bir-birinin ardınca keçindi – müsavatçıların rəhbəri aclığın əlli üçüncü günü öldü. Deyilənə görə, onları süni yolla yedizdirmək istəyirlərmiş və buna görə hansı birisə venasını kəsmişdi… Müsavatçıların qalanları get-gedə çoxalan dustaq axınına qarışıb itib-batdılar… Onlardan xəbər-ətər çıxmadı.

Bir neçə aydan sonra Mahmuddan soraq çıxdı. Mən Savvatyevoya onu görməyə getdim – xeyirxah adamların köməyi ilə südçülük fermasına hesabdar düzəlmişdi.

Sonuncu dəfə ona baş çəkməyə gedəndə o, sanki bir daha görüşməyəcəyimizi hiss edərək mənimlə xeyli yol gəldi. Biz hamar meşə yolu ilə addımlayırdıq, başımızın üzərində alçaqdan iri buludlar üzürdü, yerə düşən kimi əriyən qar dənəcikləri ara vermədən yağırdı – yağmurlu oktyabr günləri idi. Mahmud Qarabağın ilk payızından, günəşin şəfəqləri altında üzüm salxımlarının bərq vurmasından, bayram plovu bişirmək üçün düyü arıtlamağa gələn qonşu qadınlardan danışırdı...

Gümrahlaşmışdı, ümidlə söylədiyim fikrə şərik çıxıb: “Hə, hə, ola bilməz ki, hökmü dəyişdirməsinlər, bu, çox gedə bilməz!” -- deyir və üşümüş əllərini qoyun dərisindən tikilmiş kürkün qollarına keçirirdi. Təngnəfəs olmamaq üçün asta-asta gedirdi. Ayrılanda qucaqlaşdıq və mən qollarımın altında onun üzülmüş bədəninin kövrəkliyini açıq-aydın hiss etdim.

Uzun ömrümün arxada qalan illərinə boylanarkən – mən bu sətirləri 1986-cı ildə yazıram – rus olduğum üçün, qarşısında digər millətlərin təslim olduğu və geri çəkildiyi qüdrətli istilaçı və qəsbkar bir xalqın nümayəndəsi olduğum üçün özümü təqsirkar saydığım əhvalatlar yadıma düşür. Pan Felikslə bir neçə dəqiqəlik ünsiyyət zamanı da, çox-çox sonra macar tələbə ilə tanışlıq zamanı da belə olmuşdu. Lakin müsavatçıların faciəli epopeyası gözlərim önündə canlananda daha müsibətli olur: sanki mən də gücsüz üzərində zorakılığın iştirakçısıyam!..

May 1990-2020-cı il

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !