Özbəkistanda Qarabağa dair daha bir layihə -

Özbəkistanda Qarabağa dair daha bir layihə

Cari ilin fevral ayında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi “Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihəyə start vermişdir. Layihə əsasında Özbəkistanda Qarabağa dair çoxsaylı tədbirlər, müsabiqələr keçirilməkdə, nəşrlər və filmlər tərcümə, habelə dubliyaj edilməkdə, təqdimatlar reallaşdırılmaqda, informasiya agentliklərində, yerli sayt və qəzetlərdə bu mövzuda məqalələr dərc edilməkdə, virtual məkanda isə özbək dilində bölmələr, məlumat mənbələri yaradılmaqdadır.

Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə Azərbaycanın Qarabağ diyarının dünya şöhrətli yetirməsi, adı mədəniyyət tariximizdə qızıl hərflərlə yazılan, dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyov haqqında Özbək dilində geniş bölmə Vikipedia Elektron Ensiklopediyasında istifadəyə verilib.

Yaradılmış bölmədə qeyd olunur ki, Azərbaycan milli musiqisi, mədəniyyəti bugün öz inkişaf zirvəsinə görə dahi Üzeyir Hacıbəyova borcludur. O, həyatı boyu Azərbaycan musiqisini inkişaf etdirib, milli opera sənətinin və operettanın əsasını qoyub, dram əsərləri, felyetonlar, elmi-publisist məqalələr, dərsliklər yazıb, çoxsaylı tərcümələr edib, Azərbaycanda musiqi təhsilinin banilərindən biri olub, musiqi mədəniyyətininin inkişafında böyük xidmətlər göstərərək milli kadrların hazırlanmasına, musiqi kollektivlərinə və məktəblərinə rəhbərlik edib, ictimai işlərdə fəal çalışaraq öz adı ilə əbədiyyət qazanmış dahi şəxsiyyətdir.

Bölmədə Üzeyir Hacıbəyovun həyatı, onun Qarabağda, Şuşada keçirdiyi illər, Qori seminariyasında təhsil alması, yaradıcılığı, publisistikası, yaratdığı ölməz əsərlər, musiqili komediyalar, operalar, habelə onun fimoqrafiyası, haqqında çəkilmiş filmlər, Elmlər Akademiyasında fəaliyyəti, Azərbaycanda keçirilən “Üzeyir musiqi günü”, dahi şəxsiyyət haqqında nəşrlər, ədəbiyyat, mənbələr öz əksini tapmışdır. Bundan başqa, bölmədə Üzeyir bəyin həyat və yaradıcılığına dair maraqlı fotoşəkillər, afişalar, not yazıları, Azərbaycanda buraxılmış poçt markaları verilmişdir.

Virtual məkanda yaradılmış bu bölmədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdən sitat yerləşdirilmişdir: “Üzeyir Hacibəyov istisna qabiliyyəti, görünməmiş fədakarlığı, gözəl təhsili, erudisiyası, vətənpərvərliyi, fəal ictimai - siyasi fəaliyyəti sayəsində xalqımızın ehtiram bəslədiyi ən görkəmli yaradıcı simalardan birinə çevrilib. O, dünya korifeylərinin ön sırasında Azərbaycanı ləyaqətlə təmsil edir.” Məlumatda prezident İlham Əliyevin fikirlərinə yer verilir. “Üzeyir Hacıbəyli Azərbaycan klassik musiqisinin banisi, Azərbaycan Konservatoriyasının qurucusudur. Üzeyir Hacıbəyli, eyni zamanda, Azərbaycanda çox güclü klassik musiqi məktəbini yaratmışdır. Dahi bəstəkarımız Azərbaycan milli himninin müəllifidir. Onun ölməz əsərləri bu gün də yaşayır.” Deyə ölkə başçısı vurğulayır.

Özbək istifadəçilərinə məlumat verilir ki, 2019-cu ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib.

Özbək dilində istifadəyə verilmiş Uzeyir Hajibeyov adlı bölmə ilə https://uz.wikipedia.org/wiki/Uzeyir_Hajibeyov linkində tanış olmaq mümkündür. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !