Yeganə çıxış yolumuz yenidən həmrəy olmaq və qaydalara əməl etməkdir - Asim Vəliyev

Yeganə çıxış yolumuz yenidən həmrəy olmaq və qaydalara əməl etməkdir Asim Vəliyev

 Yeganə çıxış yolumuz yenidən həmrəy olmaq  və qaydalara əməl etməkdir

Məlumunuzdur ki, bütün dünya “covid-19” pandemiyası ilə mübarizə aparır və bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu pandemiyanın başlamasının üzərindən aylar keçsə də, hələ də dünya bütünlüklə bu bəladan xilas ola bilməmişdir. İlk gündən bugünək koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra qabaqlayıcı və məqsədyönlü tədbirlər davam etdirilməkdədir. Görülən tədbirlərdən biri də modul tipli xəstəxanaların hazırlanaraq istifadəyə verilməsidir. 9 iyun tarixində üç modul tipli xəstəxananın açılışında iştirak edən prezident İlham Əliyevin toxunduğu məqamlar, koronavirusla mübarizədə bir daha həmrəylik göstərməyizin və qaydalara ciddi şəkildə əməl etməyimizin vacibliyini ortaya qoydu. Ölkə başçısını xüsusilə qeyd etdiyi bir məqamı diqqətinizə çatdırmaq istəyirəm: “Onu da bildirməliyəm, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dünya praktikası tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir.”

Bu gün sərt karantin qaydalarının yumşaldılması vətəndaşlarımızda koronavirus bəlasının azalaraq yox olması fikrini oyatdı və arxayınçılıq yarandı. Ölkə başçısının da qeyd etdiyi kimi: “Üç aydan çoxdur ki, biz amansız düşmənlə mübarizə aparırıq. Bu düşmənin gözəgörünməz olması bir çoxlarında elə bir təəssürat yaradır ki, o yoxdur. Bununla da onlar özlərinin və yaxınlarının sağlamlığını təhlükə altına atırlar.” Hər birimizə yaxşı məlumdur ki, 18 maydan etibarən karantin qaydalarının yumşaldımasından sonra vətəndaşların arxayınçılığı nəticəsində yoluxanların sayında artım müşahidə olundu və artmaqda davam edir. Belə bir durumda vətəndaş olaraq bizim üzərimizə yenə böyük öhdəlik və məsuliyyət düşür. Vətəndaş cəmiyyəti nümayəndəsi olaraq hər bir vətəndaşı qapalı məkanlarda tibbi maskadan istifadə etməyə və zərurət olmadıqca qapalı məkanlardan uzaq duraraq, açıq havada daha çox zaman keçirmələrini, sağlam və düzgün qidalanmalarına xüsusilə diqqət yetirmələrini, idmanla məşğul olmalarını tövsiyə edirəm. Beləliklə də həm özümüzü, həm də sevdiklərimiz qorumuş olarıq. Dövlətimizə problemin öhdəsindən ən az itki ilə gəlməsinə yardımçı ola bilərik.

“Gənclərin Töhfəsi”

İctimai Birliyinin sədri Asim Vəliyev

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !