Koronavirusdan qurtulmaq istəyiriksə daha məsuliyyətli olmalıyıq - AZƏR HƏSRƏT yazır

Koronavirusdan qurtulmaq istəyiriksə daha məsuliyyətli olmalıyıq AZƏR HƏSRƏT yazır

İnsanımız məsuliyyətsizdir! Ciddiyyətdən uzaqdır! Dövlətin bu qədər tədbirlər görməsi, çox mədəni və nəzakətli bir şəkildə həyəcan təbili çalması hələ də bəzi adamlara yetərincə çatmır. Bəli, məhz çatmır!
Dünya koronavirusla bacara bilmir. Kimlərsə bunun ciddiyyətini fərq etməyə bilər, lakin belədir. Hər gün minlərlə deyil, 10 minlərlə insan bu virusa yoluxur. Minlərlə insan da ölür yoluxma nəticəsində. Azərbaycanda minlərlə olmasa da 10-larla yoluxma qeydə alınır hər gün. Ölüm sayları çox olmasa da (bəzi günlər heç olmur) arxayınlıq üçün heç bir səbəb yoxdur. Lakin bir sıra vətəndaşlarımız çoxdan arxayınlaşmış kimi görünür. Ona görə də karantin rejiminin azacıq yumşalması küçələrin dolub-daşmasıyla müşayiət olundu.
TV kanallarda polislərin küçədə boş yerə gəzən adamlara verdiyi sualların cavabları da bizim dediklərimizi təsdiqləyir. Polis sual edir ki, niyə küçədəsiniz? Adamlar cavab verir ki, gəzməyə çıxmışıq. Sual edilir ki, niyə maska taxmırsınız? Cavab verilir ki, yadımdan çıxıb. Yəni bu qədər qeyri-ciddi, bivec bir yanaşma!
Belə gedərsə nəinki karantin rejiminin uzadılması, hətta fövqəladə vəziyyət elan edilməsi qaçılmaz olacaq. Karantində tələb və cəzalar bir qədər yumşaq olsa da, fövqəladə vəziyyət olduqca sərt olacaq. İndi bu küçələrdə gəzməyə çıxanlar, maskasını “unudanlar” dövləti məcbur edəcək ki, fövqəladə vəziyyət elan etsin. Bizə bu lazımdırmı? Yaxud ilin-günün bu vaxtında təmiz havada gəzmək varkən kimlərinsə bivecliyi üzündən hələ də evdə qalmağa niyə məcbur olmalıyıq?
Tam ciddi deyirik: koronavirusla mübarizədə bir balaca boşluq olsa bütün millət yoluxacaq. Xəstələrin sayı milyonları deyil, sadəcə 10 minləri keçəcəyi təqdirdə artıq xəstəxanalarımızda yer olmayacaq. Yetərincə tibb işçilərimiz də olan deyil. Yəni xəstələnənlər taleyin öhdəsinə buraxılacaq. Bu isə o deməkdir ki, həmin adamlar əzablar içində qıvrılacaq, böyük əksəriyyəti də öləcək. Hətta belə adamların yaxınları da onlardan uzaq duracaq. Ən əzizləri o adamları ölümlə üz-üzə qoymalı olacaq.
Bizə belə fəlakətli durum lazımdırmı? Təbii ki, lazım deyil. Dövlətin gördüyü tədbirlər, etdiyi çağırışlar da belə bir fəlakətin baş verməməsi üçündür. İndi hansısa anlamazların küçədə gəzməsi, maskasını unutması üzündən xalqımız bu dərin faciəyə məruz qalmalıdırmı?
Lütfən ciddi olaq. Təcrid tələblərinə əməl edək. Adi bir maskadır, baha da deyil, apteklərdə də var artıq. Zərurət qarşısında çölə çıxanda onu taxmaqdan çəkinməyək.
Bir də bu dükanlarda insanların bir-birinin çənəsinin altına girməsi var. Şəxsən özüm adamlara deməkdən yorulmuşam. Bunu anlamaq – məsafə saxlamaq doğrudanmı çox çətindir? Doğrudanmı növbədə qarşıdakı adamdan aralı durmaq problemlidir? Yəni 21-ci yüzildə bizim insanımız bunu anlamayacaq qədər cahil olmamalıdır axı!
İndi kimsə durub deyəcək ki, koronavirusun ən çox müşahidə edildiyi, zərər vurduğu İtaliya, İspaniya, Fransa kimi ölkələrdə artıq azalma müşahidə edilir, yəqin problem həllinə doğru gedir. Əsla elə deyil! O ölkələrdə azalma müşahidə edilirsə də ümumilikdə dünyada belə bir hal hələ ki, müşahidə edilmir. Hətta yeni-yeni ölkələr estafeti qəbul etməkdədir. Qonşu Rusiyada hər gün minlərlə yoluxma qeydə alınır. Braziliya bu sırada önə çıxmaqdadır. Meksika da o sıradandır. Əvvəlki günlərdə 10-larla, 100-lərlə yoluxma hallarının müşahidə edildiyi yeni-yeni ölkələrdə indi minlərlə yoluxma müşahidə edilir. Yəni bəzi ölkələrdə azalma olsa da başqa ölkələrdə ciddi artım var. Nəzərə alaq ki, Azərbaycan da yoluxma hallarının az olduğu ölkələr sırasındadır. Əgər biz ciddiyyətimizi qorumasaq yeni dalğada öndə getməyəcəyimizə heç bir təminat yoxdur.
Evdə qalaq. Özümüzü, əzizlərimizi, ətrafımızı qoruyaq. Bizim yerimizə dövlət lazım olan bütün işləri görür və görməyə də davam edəcək. Azərbaycan dövləti vətəndaşına sahiblənən dövlətlərdəndir. Dünyada belə dövlətlərin sayı elə də çox deyil. İzləyirik, görürük ki, bəzi dövlətlər hətta ən adi durumlarda vətəndaşlarını taleyin öhdəsinə buraxır. Ona görə də dövlətimizin dəyərini bilək, çağırışlarına əməl edək. Edək ki, canımız sağlam olsun. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !