İnternetsiz onlayn dərs?! - - - SORĞU

“İnternetsiz onlayn dərs?!”- - SORĞU

Karantin rejiminə görə müəllimlərin onlayn yolla dərs keçməsi tövsiyyə olunur. Bir çox müəllim bu yolla şagirdlərinə dərs keçsə də hər yerdə şərait eyni deyil. Xüsusən kənd yerlərində internetin zəifliyi, bəzi evlərdəsə ümumiyyətlə olmaması işi çətinləşdirir. Belə olduqda hər şagird bu prosedurdan yararlana bilmir.
Bununla əlaqədar olaraq kənd müəllimlərinin fikirlərini öyrəndik.
Cəlilabad rayon Babalı kənd tam orta məktəbin fizika müəllimi Ağayev Namiq karatin rejiminin regionlarda bəzi problemləri üzə çıxardığını, həmçinin kənd yerlərində bir çoxunun onlayn təhsilə hazır olmadığını bidirir:

"Karantin rejimi bizdə olan çatışmazlığı üzə çıxardı. Nə idi çatışmayan cəhətlər? İnternetin yoxluğu bizə çətinliyin nə dərəcədə olduğunu göstərir. Bizim kənddə internet yoxdur və buna görə dərsin keçirilməsi mümkün deyil. Əgər internet problemi olmasa məsafədən dərslərin keçirilməsi problem olmaz. Birdə ki, insanlar buna kənd yerlərində hazır deyil. İstər valideynlər, istərsə də şagirdlər. Xüsusi proqramlar vasitəsilə dərslərin keçirilməsi effektiv ola bilməz. Bu həqiqətən belədir. Əgər keçirilsə belə insanlar buna hazır olmalıdırlar. Mən yaşadığım ərazini nəzərdə tuturam. İnternetdən istifadə etmək üçün valideynlərin internetlə yanaşı xüsusi proqramlar yüklənən telefonları yaxud kompüterləri olmalıdır. Təbii ki bu hər kəsdə yoxdur.”
Hacıqabul rayon Atbulaq kənd tam orta məktəbinin kimya müəllimi Əzizli Nəmidə bacardığı qədər onlayn yolla dərs keçməyə çalışır. Amma bu zaman ya bütün şagirdlər yararlana bilmir, ya da əlavə problem çıxır.
"Dərsləri online whatsapp proqramı vasitəsilə keçirəm. Düzdü bu kimya fənni üçün olduqca çətindi amma yenə də bacardığım qədər əlimdən gələni etməyə çalışıram. Təbii ki hər uşağın burda iştirak etməyi çətindi. Çünki gah işıq problemi, gah modem problemi və ya mobel operatorlarda internetin sürəti bu kimi problemlərlə çox rastlaşıram. İnternet problemi olduğunu nəzərə alsaq görüntülü danışıq çətinlik yaradır və bu da kimya kimi bir fənn üçün heç yaxşı hal deyil. Çünki daha çox reaksiya, hesab əməlləri olduğunu nəzərə alsaq kimya fənni üçün online dərs çətindi. Yenə də mən əlimdən gəldiyi qədərilə video izahlar, müxtəlif səs yazıları atmaqla şagirdlərin dərslərdən geri qalmamağı üçün çalışıram.”
Xızı rayonu Türkoba kənd ümumi məktəbinin biologiya müəllimi Şaiq Quliyev də internetdən şikayətlənir. Bəzi kəndlərdə wife olmadığından müəllimlər əlavə xərc çəkməli olur. Bunusa hər kəsdən tələb etmək olmur:
"Əvvəla deyim ki, bu vəziyyət bir sıra sahələrdə müasir İKT sahəsində inkişafa səbəb oldu və təhsil sahəsinə də bunu aid etmək lazımdır. Amma bu təhsildə nə dərəcədə uğurlu oldu sualına belə cavab vermək istəyərdim. Bizim rayonların əksəriyyətində internet aşağı səviyyədədir və o cümlədən elə kəndlər var ki, ümumiyyətlə WİFİ yoxdur. Belə olanda iş mobil internetin üzərinə düşür ki, bunun da keyfiyyəti ürəkaçan deyil. Mən kənd yerində mobil internetdən istifadə edib online dərs keçirəm. Lakin, dərs zamanı tez-tez internet kəsilir. Uşaqların təxminən yarısı bu və ya digər səbəblərdən dərslərdə iştirak etmir. Bir neçə gün əvvəl Təhsil Nazirliyi tərəfindən yaradılmış virtual.edu.az saytından ətraflı istifadə qaydaları haqqında online təlimdə də olmuşam. Əslində çox geniş imkanlara sahib bir platformadır. İnternet problemi olmasa, hər evdə kompyuter və smartfonlar olsa istifadəsi yetəri qədər sərfəli olardı. Arzu edirəm ki, bu bəla xalqımızın üzərindən getsin və normal qaydada dərslərimizi keçək. Müəllimlərə və şagirdlərə tövsiyə edərdim ki, bu online platformada qeydiyyatdan keçib gələcəkdə də istifadə edək ki, həm əlavə öyrənmiş olaq, həm də gələcəkdə yenidən lazım olarsa, önümüzdəki əngəllər azalmış olar.”
Lerik rayonu Laman kənd ümumi orta məktəbində Azərbaycan dili nə ədəbiyyatını tədris edən Coşqun Dövlətov dağ kəndlərində təkcə internet deyil, enerjinin də problem olduğundan bunun mümkünsüzlüyünü bildirir. Internet provayderlərin, mobil operatorların təhsil sahəsində güzəştə getməməsi də belə günlərdə elə də yaxşı hal deyil.
"Mövcud vəziyyətlə əlaqədar dərslərin olmaması məni də bir müəllim kimi narahat edir. Karantin rejimi tətbiq olunandan hamı distant təhsil anlayışını ortaya atıb. Ancaq distant təhsil və online dərslər tam fərqli anlayışlardır. Distant təhsil elə bir sistemdir ki,hamıya tətbiq olunmalıdır. Online dərslər isə müəllimin öz təşəbbüsü ilə şagirdinə göstərdiyi köməklikdir. Gəlin, baxaq bu köməklikdən hər bir şagird yararlana bilirmi? Dağlıq ərazidə işlədiyim üçün əminəm ki,indiki durumda internet paketini və ya internet pulunu(Wi-fi) ödəməyə imkanı olmayan yüzlərlə ailə var. Hətta ailə var ki,bu dərslərə çıxış üçün evində sensor telefon, kompüter yoxdur. İmkan olmayıb,indi də işlərin bağlı olduğu bir vaxtda necə olsun ki? Ölkədə kəskinləşən karantin rejimində nə mobil operatorlar,nə də internet provayderləri gözəştlər etdi. Ortaya bir sual çıxır,distant təhsil hamıya tətbiq olunmalısa,bu kimi şagirdlərin haqqını kim ödəməlidir? Təhsil nazirliyi sağ olsun ki,teledərs və virtual dərs tətbiq ediblər. Bunlar qismən də olsa bütün şagirdlərə ümumi köməkdir. Ümumiyyətlə görünüş üçün edilən çox şey reklamdır. Elə təhsil sahəsində də. Şəhər mühitində bir iki slayt hazırlayıb ictimaiyyətə göstərmək bütün təhsilin və bütün məkanın belə olması demək deyil. Əminliklə deyirəm ki,görünüş üçün olanların 10% ucqarlarda yoxdur. Teledərsləri də izləməyə imkanı olmayanlar var. Dağlıq kəndlərdə enerji məftilləri elə bir dayaq üzərindədir ki,zəif külək olanda günlərlə işıqsız qalır. Mən əvvəl düşündüm ki, şagirdləri ümumi qrupda dərs keçim. Amma buna nail ola bilmədim. Hamın da imkanı olmadı qoşulmağa. Bundan əlavə avadanlıqların yoxluğunu da nəzərə aldım. Dərs barəsində köməklik olanda imkan edib yazmalarını,teledərsləri izləmələrini tapşırmışam. İnanıram ki, yaxın bir zamanda hər şey öz axarına düşər,biz də təbaşirlin tozlu günlərinə qayıdıb boşluqları doldurarıq.”
Saatlı rayonunun Əhmədbəyli kənd tam orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi olan Ağayev Allahşükür də onlayn dərs keçməsinə baxmayaraq bütün şagirdlərin bundan yararlana bilmədiyini söyləyir:
"Tutaq ki, sinifdə 20 şagird varsa, onlardan 10 nəfərinə onlayn keçirəm.
Digər şagirdlərin interneti və yaxud telefonu olmadığı üçün məşğul ola bilmirəm.
Həm də kənd yerlərində internetin sürəti çox zəif olur.”
Emin Piri adalet.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !