Jurnalistin sadə bir sualı və özünü dolaşdıran nazir… - Azər Həsrət yazır (+VİDEO=2)

Jurnalistin sadə bir sualı və özünü dolaşdıran nazir… Azər Həsrət yazır (+VİDEO=2)

Ulu öndər Heydər Əliyevin jurnalistlərlə – media ilə örnək bir münasibətlər sistemi vardı. Ən naşı jurnalisti belə incitməzdi. Adam usta idi. Bütün anlamlarda. Jurnalist sualına başlayan andan onun nə istədiyini müəyyən etməyi bacarırdı. Təbii ki, onun qarşısına hər cür jurnalist çıxırdı. Radikal müxalifətçisindən tutmuş ütülü danışanına qədər. Lakin bütün hallarda Heydər Əliyev jurnalistlərə sayğıda qüsur etməz, onlara ağıl öyrətməz, verdiyi sualın yanlış olduğunu deyəcək qədər naşılıq sərgiləməzdi. Mümkün də deyildi bu. Çünki adamın adı üstündə: Heydər Əliyev. Böyük dövlət adamı, təcrübə sahibi idi o. Harda, kiminlə necə davranacağını bilən biriydi. Biz heç vaxt görmədik ki, o, hansısa jurnalistə jurnalistikanı öyrətməyə cəhd etsin. Və onu da əlavə edək ki, Heydər Əliyev heç bir sualdan qorxmaz, çəkinməz, yayınmazdı. Bütün suallara cavabı olardı onun.
Prezident İlham Əliyev də eyni ustalığı sərgiləyir jurnalistlərlə təmaslarda. Heç vaxt ağıl öyrətməyə qalxışmır. Heç vaxt hər hansı bir jurnalistin sualının yanlışlığını demir. Heç vaxt da verilən suallardan yayınmır. İstənilən suala mahiyyəti üzrə, aydın, hamının anlayacağı cavabı var İlham Əliyevin. Çünki siyasətdə – öz işində ustadır və bu ustalıq da onu istənilən vəziyyətdən uduşlu çıxarır.
Lakin bəzən bəzi siyasət adamları, nazirlər, məmurlara da rast gəlinir ki, onlar öz işləri haqqında danışacaqları yerdə jurnalistlərə dərs keçməyə cəhd göstərirlər. Bu da onların özünü pis vəziyyətdə qoyur. Düzdür, biz hər kəsdən, lap elə nazir olsa belə, İlham Əliyev qədər peşəkarlıq – ustalıq gözləmirik. Ancaq istənilən halda əgər bir adam nazir kürsüsündə oturursa, artıq jurnalistlərin də hansı kateqoriyaya aid olduğunu anlaması, onlarla uyğun mükalimə bacarıqlarını mənimsəməsi vacibdir.
Sözümüz aprelin 25-də Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarovun “Xəzər” TV-nin müxbirinə cavab vermək yerinə jurnalistika öyrətməyə cəhd göstərməsi haqqındadır. İctimai TV-nin efirində canlı yayımlandığı üçün hər kəsin görmə imkanı vardı bu səhnəni. Biz də gördük. Hələ nazirin cansıxıcı, “aaa”, “ııı”, “uuu”-larla zəngin, anlaşılması çətin olan nitqini demirəm. O başqa söhbətin mövzusudur. Bizim işimiz jurnalistin tam aydın və mahiyyəti üzrə səsləndirdiyi suala cavab vermək yerinə nazirin ona dərs keçməyə cəhd etməsi ilədir. Açığı, qısa cavab veriləcək sual ətrafında bir nazir niyə belə anlaşılmaz danışıb həm də özünü pis vəziyyətdə qoymalı idi?
Jurnalist, qısa desək, sual verir ki, “passiv VÖEN-i olanlar hələ də 190 manatlıq dövlət yardımını ala bilmir. Niyə?” Olduqca aydın bir sualdır, deyilmi? Bunun cavabı, misal üçün, belə ola bilərdi: “Biz bu problemdən xəbərdarıq və araşdırmaqdayıq”. Lakin Mikayıl Cabbarov nə etdi? Əlavə etdiyimiz videodan da göründüyü kimi, jurnalistə əməlli-başlı ağıl öyrətməyə, dərs keçməyə cəhd göstərdi. Lakin nitq bacarıqları və özünü ifadə imkanlarının aşağı olması onun özünü çox pis vəziyyətdə qoydu. Jurnalistə sübut eləməyə çalışdı ki, sual düzgün qoyulmayıb. Amma alınmadı…
İndi biz də bu yazımızda eyni sualı təkrarlayırıq. Ümid edirik ki, cənab nazir və ya bu məsələyə məsuliyyət daşıyanlar bizə də ağıl öyrətməyə cəhd göstərməzlər. Məsələ belədir: illər öncə hansısa səbəbdən VÖEN açmalı olan adamlar var. Açıblar, açdıqları kimi də unudublar. Nə hesabat veriblər, nə də kimsə onlara deməyib ki, bəs, VÖEN-iniz var, niyə işləmirsiniz? Adamların maliyyə fəaliyyəti də sıfır olub. Məntiqlə, bu adamlar VÖEN-dən illərdir istifadə etmir. Yəni özü-özünə passivləşmiş VÖEN-lərdir. (İndi biri də çıxıb deyəcək ki, özü-özünə passivləşmə olmur. Onda biz də deyirik ki, illərdir heç bir fəaliyyəti olmayan, hesabat belə verməyən VÖEN-lərlə bağlı niyə vaxtında tədbir görməmisiniz?) Bu məntiqlə o VÖEN-lərin sahibləri işsiz durumundadır və 190 manatlıq yardımı almalıdır. Ancaq İqtisadiyyat Nazirliyi özünə zəhmət verib belə VÖEN-lərin məsələsini həll etmək istəmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də eyni cür davranır. Düzdür, hər iki nazirlik arasında nəsə müzakirələrin getdiyini deyirlər. Lakin unudurlar ki, o 190 manata həqiqətən də möhtac olan və bu cəfəng VÖEN-ə görə o pulu ala bilməyən minlərlə insanı dövlətdən narazı salırlar…
Bu arada görürük ki, dünənki mətbuat konfransından ehtizaza gəlib Mikayıl Cabbarov üçün PR aparanlar onun nə qədər sadə birisi olduğunu tirajlayır. Sən demə, nazir öz müavininə su süzməyə icazə verməyərək nəzakət sərgiləyibmiş. Hələ nazirliyin işçilərini təqdim edərkən onlara “həmkarım” deyə müraciət edirmiş. Birincisi, adi nəzakət qaydasına əməl etmək nə vaxtdan xüsusi istedad tələb edib, bunu da bir anlatsın o PR aparanlar lütfən. İkincisi də, bir nazirin adi nəzakət qaydasında öz tabeliyində olan işçilərə “həmkarım” deməsində qeyri-adi nə var, onu da anlamırıq. Sanki Amerika kəşf etmiş kimi bunun ətrafında təbliğat aparmaq heç də cənab nazirin jurnalistin sualına cavab verəcəyi yerdə ağıl öyrətməyə qalxışmasını diqqətlərdən yayındıra bilməz…
Sözardı: “Xəzər” TV öz jurnalistinin sualı və nazirin ona cavabını efirində təqdim etmədi. Anlaşılandır. Çünki təqdim edilə biləcək durumda deyildi…
Sözügedən sual və ona cavab cəhdi:   Mətbuat konfransının tamamı:                                              Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransı keçirilir

AZƏR HƏSRƏT azerhasret.com 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !