Azər HƏSRƏT - - Bir şəklin tarixçəsi və… yazdırdıqları

Azər HƏSRƏT - Bir şəklin tarixçəsi və… yazdırdıqları


Sosial medianın faydalı tərəfləri çoxdur. O cümlədən yaxın və ya uzaq keçmişə aid xatırlatmaları da. Facebook-da hər kəsin istifadə etdiyi bir xatırlatma funksiyası var. Hər gün qarşımıza bir neçə il öncə paylaşdığımız şəkil, yazı, nəsə bir şey çıxır. Facebook deyir ki, örnək üçün, 2 il öncə bunu paylaşmışdın. Mən də o paylaşımları yenidən paylaşır, yaddaşları təzələyirəm.
Bugünlərdə, konkret olaraq aprelin 12-də bir şəklim çıxdı qarşıma. Çox üzgün, əzgin, halsız bir halımdır. 2018-ci il aprelin 11-də baş tutmuş prezident seçkisinin həmən ardından çəkilmiş bir şəkildir. Həmkarım Elçin Alıoğlu tarixə çevirib o anı.
…Şəkil, video çəkdirəndə, cəmiyyət içinə çıxanda heç vaxt əzgin görünmərəm mən. Ümumiyyətlə, hətta ən ağır xəstəliyim olsa belə, bunu ictimailəşdirməz, özümü tox tutar, yalnız müsbət enerji saçmağa çalışaram. Xarakterim belədir. Çünki heç bir insana zərər gəlməsini istəmərəm. Üstəlik, müsbət aura yaratmağı bir borc bilirəm özümə. Ona görə də dərdi ilə yanıma gələn, ürəyini boşaldan dost-tanış yanımdan gülə-gülə, yüngülləşərək ayrılar. Hətta bəzən günlərlə gülməyənləri güldürdüyüm, eynini açdıqlarım da olur.
Psixoloji məsələdir bu. Heç tanımadığım sosial media dostlarımın da halını uzaqdan anlar, onlarla mükalimə qurar, dərdi varsa paylaşmağa çalışaram. Bəzən olur axı, insanın adi bir sözə, təsəlliyə ehtiyacı yaranır ki, durumdan çıxsın. Bax, o anı mən tez tutar, yardımçı olmaqdan çəkinmərəm.
Lakin bir daha qeyd edim ki, öz dərdlərimi, ağırlığımı həmişə gizli tutmağa çalışmışam və bunu da bacarmışam. Bəzən çox şiddətli bir ağrıyla həkim qəbuluna getdiyimdə üzümdəki təbəssüm, şux duruşum, səs tonum və qətiyyətim də sağlamlıq keşikçisində təəccüb yaradıb. Yaxud da ağır əməliyyatdan çıxan kimi məsələdən xəbəri olmadan mənə zəng edən dostuma sonradan deyəndə ki, sən zəng vuranda əməliyyatdan təzə çıxmışdım, çaşıb qaldığı hallar da olub. Adam qayıdıb ki, axı sən sanki yeyib-içməkdə, toyda olan bir adam kimi danışırdın…
Sözümün canı başqadır. Facebook-un xatırlatdığı o şəklin üzərinə qayıdıram. Göründüyü kimi, məhv olmuş durumdayam. Əlavə edim ki, bu yaşıma qədər heç vaxt belə əzgin və üzgün şəklim, görüntüm ictimailəşməyib. Bu şəkil isə elə tarixə düşəsi şəkil olduğu üçün paylaşmışdım. Belə anlaşılır ki, düz də etmişdim…
Dediyim kimi, şəkil 2018-ci il aprelin 11-də baş tutmuş prezident seçkisinin həmən ardından çəkilmişdi. Ayrıntılara varmadan əlavə edim ki, o seçkidə biz bir sıra dostlarımızla birlikdə əməlli-başlı can qoymuşduq. Az qala 24 saat işləyirdik. Gecəmizlə gündüzümüz bir-birinə qarışmışdı. Lakin şikayətçi deyildik. Heç indi də o günə görə şikayətimiz yoxdur. Dövlətimiz sağ olsun. Gərək olacağı təqdirdə bundan sonra da canımız bahasına olsa belə uf demədən işləyəcəyik…
Şəkildə görünən halımsa başıma gələnlərin sonuncu anları idi. Seçkiyə bir neçə gün qalmış elə bir xəstəliyə yoluxdum ki, gözlərim tutuldu sanki. Şiddətli baş ağrısı, hər şeyi dumanlı göstərən gözlərlə işimə davam edirdim. Hətta bir dəfə həmkarım Vüsalə Rafiqqızıyla qarşılaşıb onu tanımamışdım da. Çox utanmışdım. Həqiqətən gözlərim adamları belə seçəcək durumda deyildi. Lakin işimdən qalmırdım. Çünki elə bir məsul dönəmdə kənara çəkilə, öz qayğıma qala bilməzdim. Xarakterimə ziddir bu. Əgər bir işi mənə etibar edirlərsə, canımın bahasına olsa belə sonadək yerinə yetirərəm. Söz verdimsə, ölümünə arxasındayam. Görüntü yaratmaq, özünü işləyirmiş kimi göstərmək, yuxarıların yanında özünü yaxşı eləmək mənə görə deyil. Zərərimə olsa belə, göründüyüm kimi olub olduğum kimi göründüm hər zaman…
Mənim həyatımda belə anlar az olmayıb. Ailəmi, özümü riskə atıb işlədiyim, sinəmi qabağa verdiyim haqqında qalaq-qalaq kitablar yaza bilərəm. Lakin yazmıram. Sadəcə bu şəkil bir xatırlatma oldu, onun üzərindən hərəkət edib düşüncələrimi oxucularla paylaşıram.

Bu şəkil həm də mənə ürəyimi bir balaca açmağa səbəb verdi. Biz can qoyanda ortalıqda gözə görünməyənlər indi səlahiyyət sahibi olub bizim kimiləri dəftər-kitabdan silməklə məşğuldur. Bax, buna yanıram mən! Bu, mənim haqq etdiyim münasibət deyil! Hələ bu ütülü-nəzakətli mama uşaqlarının mənim kimilərə yapışdırmaq istədiyi yarlıqlara heç dözmək fikrim yoxdur! Bunlar milli mücadilənin nə olduğunu anlamayan, daim ortadan yeyib qıraqda dolaşanlardır ki, bizim kimi gərək olduğunda sağlamlığını belə gözardı edənlərə meydan oxuyacaq qədər cəsarətləniblər indi!
Bunlar dövlətdən anlamazlar! Bunlar törədən anlamazlar! Bunlar dövlətin varislik siyasətindən anlamazlar! Ona görə də əllərinə bir balaca fürsət düşən kimi ağına-bozuna baxmadan bizim kimiləri siyahılardan silirlər! Görürük bunu! Anlayırıq!
Bu adamlar eynən müxalifətdə özünü tükətmiş Əli Kərimli kimi davranırlar hazırkı durumda! O da həmişə adamlardan istifadə edib, sonra bir yarlıq yapışdıraraq yollarını ayırıb. Ona görə də indi Azərbaycanda Əli Kərimliyə “xəyanət etmiş” minlərlə adam var! Halbuki hər kəs yaxşı anlayır ki, minlərlə adam bir adama qarşı narazıdırsa, problem o bir adamın özündədir yalnız! İndi bu ütülü mama uşaqları da Prezident İlham Əliyevi Əli Kərimlinin gününə qoymaq üçün var qüvvələrilə çalışırlar. Onlar İlham Əliyevin yolunda ölümünə can qoyanları heç bir səbəbsiz gözümçıxdıya salır, ən adi müraciətlərini belə qulaqardına vurur, heç bir izah vermədən insanları ölkənin çətin günlərində narazı salırlar! Anlaşılan, bunların dövlət anlayışı qısırdır, qısır!
Dövlət görəvi heç kimin atasının fermasında iddia edə biləcəyi vəzifə deyildir! Heç dövlət də heç kimin atasının ferması, dövlət üçün can qoyanlar da o fermanın inəkləri deyildir! Başa düşürük, ferma təfəkkürlü adamlar vəzifə başına gələndə insanları da inək sanarlar. Amma o ferma inəklərindən fərqli olaraq insanlar həmin ferma təfəkkürlülərə inək qədər dözümlü yanaşmayacaq təbii ki. Ona görə də heç bir vəzifə sahibi Prezident İlham Əliyevə bu günə kimi sədaqətində heç bir qüsur etməyən adamları səbəbsiz yerə gözümçıxdıya salıb öz ağıllarınca bulanıq suda balıq tutmağa girişməsin! Siz dövlət vəzifəsi tutduğunuz halda dövlətin nə olduğunu anlamasanız da biz vəzifə sahibi olmadan da dövlətin nə olduğunu yaxşı bilənlərdənik, unutmayın bunu!
Sözardı: Əminəm ki, o ünsürlər bu yazımı da bir yerlərə yozacaq, donos dəftərində mənə aid səhifələri bir az da qabardacaqlar. Etsinlər. Dedik axı, biz olduğu kimi görünüb, göründüyü kimi olanlardanıq. Onlardan fərqli olaraq… 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !