Mexaniki sayğacların göstəricilərinin elektron qaydada təqdim edilməsi xidməti istifadəyə verilib - - VİDEO

Mexaniki sayğacların göstəricilərinin elektron qaydada təqdim edilməsi xidməti istifadəyə verilib - VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq koronavirus infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən zəruri tədbirlərin icrası davam etdirilir. Məlum olduğu kimi, “Azərsu” ASC-nin əməkdaşları ilə vətəndaşların təmasını minimuma endirmək məqsədilə mexaniki sayğacların göstəricilərinin sayğaca baxış keçirməklə oxunması müvəqqəti dayandırılıb.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanına uyğun olaraq “Azərsu” ASC tərəfindən "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması" xidməti istifadəyə verilib. Bu xidmətin köməyi ilə vətəndaşlar mexaniki sayğacların göstəricilərini daha rahat şəkildə təqdim edə və bildirişləri elektron qaydada əldə edə biləcəklər. Xidmətdən istifadə etmək istəyən abonentlər Cəmiyyətin facebook səhifəsinə daxil olub (AZERSU OJSC) mesaj bölməsində əvvəlcə “Ana menyu”, sonra “Sayğac göstəricilərinin elektron təqdim edilməsi” xidmətini seçməlidir. Növbəti mərhələdə xidmət üzrə aparılan əməliyyat üzrə tələb olunan məlumatlar aşağıda göstərilən ardıcıllıqla sistemə daxil edilir.
Abonentin e-mail ünvanı
Mobil telefon nömrəsi
Şəxsiyyət vəsiqəsinin FİN kodu
Abonent kodu
Sayğac göstəriciləri
5-ci əməliyyat aparılarkən əvvəlcə sayğacın nömrəsi qeyd olunur. Sonra sayğacın son göstəricisi, oxunma tarixi göstərilir və sayğacın şəkli daxil edilir. Sistemə daxil edilmiş məlumatlar (xüsusilə abonent kodu) doğru, əlaqə vasitəsləri isə aktiv olmalıdır.
Müraciət qeydiyyata alındıqdan sonra aidiyyatı üzrə icraya yönləndirilir. Daxil olan müraciətlər əsasında faktura yaradılır. Bundan sonra abonentin həm elektron poçt ünvanına, həm də mobil telefonuna müraciətin icra olunması haqda məlumat və SMS bildiriş göndərilir.
Bundan sonra abonent www.azersu.az saytında “Elektron faktura” elektron xidmətindən istifadə edərək abonent kodunu daxil edərək fakturanı görür və elə həmin pəncərədən onlayn ödənişə keçməklə borcunu ödəyə bilər.
Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması" xidməti ilə əyani tanış olmaq üçün “Azərsu” ASC-nin facebook səhifəsində videoçarx yerləşdirilib.
Qeyd: Videoçarx əlavə olunur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !