Warning: mysql_connect() [function.mysql-connect]: User azpressmb already has more than 'max_user_connections' active connections in /home/content/46/7879846/html/azpress/AdminIstration/DBConnector.php on line 18

Warning: mysql_select_db() [function.mysql-select-db]: Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/46/7879846/html/azpress/AdminIstration/DBConnector.php on line 19

Warning: mysql_select_db() [function.mysql-select-db]: A link to the server could not be established in /home/content/46/7879846/html/azpress/AdminIstration/DBConnector.php on line 19

Warning: mysql_connect() [function.mysql-connect]: User azpressmb already has more than 'max_user_connections' active connections in /home/content/46/7879846/html/azpress/AdminIstration/DBConnector.php on line 18

Warning: mysql_select_db() [function.mysql-select-db]: Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/46/7879846/html/azpress/AdminIstration/DBConnector.php on line 19

Warning: mysql_select_db() [function.mysql-select-db]: A link to the server could not be established in /home/content/46/7879846/html/azpress/AdminIstration/DBConnector.php on line 19

Warning: mysql_connect() [function.mysql-connect]: User azpressmb already has more than 'max_user_connections' active connections in /home/content/46/7879846/html/azpress/AdminIstration/DBConnector.php on line 18

Warning: mysql_select_db() [function.mysql-select-db]: Can't connect to local MySQL server through socket '/var/lib/mysql/mysql.sock' (2) in /home/content/46/7879846/html/azpress/AdminIstration/DBConnector.php on line 19

Warning: mysql_select_db() [function.mysql-select-db]: A link to the server could not be established in /home/content/46/7879846/html/azpress/AdminIstration/DBConnector.php on line 19

Warning: mysql_query(): supplied argument is not a valid MySQL-Link resource in /home/content/46/7879846/html/azpress/AdminIstration/DBConnector.php on line 26

Warning: mysql_query(): supplied argument is not a valid MySQL-Link resource in /home/content/46/7879846/html/azpress/AdminIstration/DBConnector.php on line 26

Warning: mysql_query(): supplied argument is not a valid MySQL-Link resource in /home/content/46/7879846/html/azpress/AdminIstration/DBConnector.php on line 26

Warning: mysql_query(): supplied argument is not a valid MySQL-Link resource in /home/content/46/7879846/html/azpress/AdminIstration/DBConnector.php on line 26
Rəhman ORXANdan Açıq məktub : - Xalqa yaxın olun, Hadı müəllim, xalqdan gen durmayın!

Rəhman ORXANdan Açıq məktub : Xalqa yaxın olun, Hadı müəllim, xalqdan gen durmayın!

 Açıq məktub

Xalqa yaxın olun, Hadı müəllim, xalqdan gen durmayın!

Axı, bu xalq 30 ildir ki sizi özünün - millətin vəkili hesab edib

Hörmətli Hadı müəllim! Mən sizinlə ilk dəfə 1987-ci ilin sentyabrında - siz Şəkinin birinci katibi olarkən tanış olmuşdum. Onda siz əvvəlki katiblərdən fərqli olaraq yenilik ovqatlı düşüncələriniz, fikirlərinizlə, səmimiliyinizlə, daha çox demokratik olmağınızla müasir obrazlı bir rayon rəhbəri, əsl ziyalı kimi mənə xoş təsir bağışlamışdınız. Elə həmin təəssüratla da həmişə - yeri düşdükcə həm müəyyən görüşlərdə, həm də jurnaist həmkarlarımla söhbətlərimdə sizi nümunə göstərib, haqqınızda razılıqla danışmışam (çox yaxşı ki, o vaxt siz mənim "aba-qabama" baxıb, nəinki rüşvət, heç "çay qonaqlığı" da təklif etməmişdiniz. Bu, həqiqətən, mənim ürəyimcə olmuşdu).
Son 3-4 ilə qədər mənim sizə olan hörmətim, xalqımızın ziyalı bir nümayəndəsi kimi rəğbətim elə olduğu kimi də qalırdı, heç bir "aşınmaya" uğramamışdı. Və mənim sizə olan 20-25 illik rəğbətimi, xoş münasibətimi heç kəs dəyişdirə bilməzdi. Çox təəssüf ki, onu... məhz siz dəyişdiniz. Hədsiz təəssüf edirəm buna, çünki siz Milli Məclisdə son fikir və bəyanatlarınızla, xalqın mənafeyi əksinə olan bəzi "təşəbbüslərinizlə" mənim sizə qarşı olan hörmətimə, rəğbətimə sarsıdıcı zərbələr endirdiniz. Və indi mənim 33 il əvvəl tanıdığım saf ürəkli, əsl ziyalı, vətənpərvər bir oğul olan o vaxtkı 40 yaşlı Hadı müəllimə görə ürəyim ağrıyır, inanın, az qala kövrəlirəm... Buna görə mən indi 73 yaşlı Hadı Rəcəblini bağışlaya bilmirəm. Axı, o 40 yaşlı, gözü-könlü o zaman tox, heç kəsin yanında gözü kölgəli olmayan, maraqlı fikri-düşüncəsi olan gənc Hadı müəllimin təqsiri, günahı nə idi ki, siz mənim o vaxtlar və hələ sonralar da - 25 ilə qədər rəğbət bəslədiyim həmin Hadı müəllimi hörmətdən saldınız, mənim çoxlarına nümunə hesab etdiyim gözəl bir ziyalını xalqın qaxınc yerinə çevirdiniz?
Bu o vaxtdan başladı ki, siz XALQIN vəkili, QANUNVERİCİ orqanın üzvü olduğunuz halda yeni "qanunlarınızı" bu xalqa qarşı, onun üzünə çevirməyə üstünlük verdiniz. Sizin o "yeniliklərinizin" hamısı bu xalqın da, elə sizin də yadınızdadır. Özünüzə qarşı ən böyük narazılıqları Əmək və sosial məsələlər Komitəsinin sədri kimi pensiyanın yaş həddinin 63-dən 65-ə qaldırılması təklifi ilə yaratdınız. Özü də qadınlara da - həm işləyən, həm də vətən üçün qayğı ilə gecə-gündüz övlad böyüdən analara, nənələrə də kişilərlə heç bir fərq qoymadan (mənim zəhləm gedir avropalı, amerikalı it-qurdların gicbəsər "gender bərabərliyi" sayaqlamalarından. Müsəlman ölkələrində bu, birmənalı, qətiyyətli şəkildə qəbuledilməzdir!) təqaqüd yaşının 65-ə qaldırılmasına qərar verdiniz. Xalqın ən böyük etirazı, sizə olan qəzəbi ("nifrəti" yazmaq istəmədim) daha çox o zaman artdı ki, siz on minlərlə qocalardan - 45-50 il bu ölkə üçün əmək cəbhəsində - marten sobası önündə, traktor sükanı, dəzgah arxasında, qarlı-yağışlı, qızmar havalarda, qış-yay çöllərdə - taxıl zəmilərində, pambıq tarlalarında çalışmış adamlardan - bugünkü ağsaqqallardan, ağbirçəklərdən çəkinmədən ("utanmadan" yazmıram. Şəkidən tanıdığım o 40 yaşlı ziyalı Hadı müəllimin xətrinə) təqaüd yaşını artırmağınızı dəhşətli bir "arqumentinizlə" əsaslandırmağa çalışdınız. Açıq-açığına bildirdiniz ki, təqaüdə çıxanların 12 ildən artıq təqaüd alması (məntiqlə - yaşaması!) düzgün deyil, dövlətin ziyanınadır. Və minlərlə pensiyaçı qəzəblə ünvanınıza müxtəlif "gözəl fikirlər" səsləndirərək, sizdən soruşmaq məcburiyyətində qaldılar ki, bəs, yaxşı, 40-50 il - ömrün ən gözəl çağlarını dövlətə, onun inkişafına həsr etmək, bunun müqabilində minimal maaşla dolanmaq düzgündür, ancaq qocalıq dövründə 15-16 il təqaüd (o da çox az!) almaq düzgün deyil, "haram"dır? Belə bir "ideya"nı ortalığa atanda niyə heç düşünmədiniz ki, axı on minlərlə adamın taleyi də bəzən elə gətirir ki, 40-45 il gecə-gündüz çalışsalar da, heç təqaüdə çıxmadan müəyyən səbəblərdən dünyadan köçürlər və onlar öz vaxtsız ölümləriylə yaşı 70-80-i ötmüş adamların 12 ildən çox olan "təqaüdlərini" kompensasiya edirlər? Axı, siz vaxtilə mühasib, iqtisadçı (heyf ki, bu söz rusca "ekonomist" adlanır və siz yəqin təqaüd məsələsində də "ekonomist" olmağa çalışmısınız) işləmiş bir adam kimi bunu bilməmiş deyilsiniz. Tam inana bilərsiniz ki, bu "65 yaş" və "12 il təqaüd" məsələsinə görə təqaüdçülər səhər-axşam sizə heç də "xeyir-dua" oxumurlar, ancaq "nəsə" deyirlər öz-özlərinə, dodaqlarının altında...
Siz bir deputat, həm də bir insan, ziyalı olaraq reytinqinizi özünüz (kənardan başqa birisi yox, məhz özünüz!) daha çox o zaman saldınız ki, hansısa anlaşılmaz fikirlə bir-birinin ardınca cəmiyyətin ən az məvacibli təbəqələri - müəllimlər və küçə süpürənlər (dalandarlar) haqqında "möhtəşəm" fikirlər söylədiniz. Maraqlıdır ki, 2017-ci ildə siz Milli Məclisdə müzakirələr zamanı müəllimlərin sosial vəziyyətlərinin yaxşılaşdırılmasının, maaşlarının artırılmasının vacibliyi haqqında mühüm, çox haqlı, obyektiv fikirlər səsləndirsəniz də, bir müddət sonra müsahibələrinizdən birində "Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır” söyləmisiniz. Bu da ölkənin böyük müəllimlər ordusunun haqlı iradına, qınağına səbəb oldu. (Təsadüfi deyil ki, bütün müəllimlər kimi Bakı məktəblərindən birinin müəlliməsi Fatma Hacıyeva dözə bilməyərək, yazmışdı ki, Hadı Rəcəbli kimi bir adamın bu sözləri necə işlətdiyini anlaya bilmir: "Müəllim hambaldır, yoxsa - qulluqçu? Belə adamların dediyi sözlərə görə bu sənəti seçdiyimə peşman oluram. Bu, müəllimlərə göstərilən etinasız, ən pis münasibətdir".
Bəli, qışın soyuğunda-sazağında, yazın-payızın yağışında, yayın qızmarında küçə süpürən, ayda evinə cəmi-cümlətanı 250-300 manat aparan yaşlı süpürgəçi qadınlar haqda sizin "nikbin", "xoş" fiikirlər söyləməyiniz də xalq arasında narazılıqla, kinayə ilə qarşılanıb. Bəli, təəssüf ki, bunu məhz siz demisiniz: "onlar 3 saat işləyib 300 manat maaş alır, ən yaxşı iş yeridir”. Hadı müəllim, inciməyin, küçə süpürmək doğrudan da yaxşı iş yeridirsə, bəs niyə sizin yaxınlarınız gedib süpürgəçi işləmirlər? Hər halda onları ora "tanışlıqla" işə düzəltmək sizin üçün çox da çətin olmaz...
Bugünlərdə - seçki kampaniyası çərçivəsində sizin Lənkəranın ucqar bir dağ kəndinə çətinliklə - 3 diferli samosvalla gedib, şəhid ailəsinə baş çəkməyiniz barədə məlumat və orda çəkdirdiyiniz şəkil isə sizin bir deputat, "millət vəkili" kimi "fəaliyyətinizi" daha qabarıq açıb göstərdi. Həmin məlumat sizin seçki təbliğatınıza yox, əks-təbliğata xidmət edir, sizin Lənkəran dairəsi üzrə 25-30 illik deputatlıq "fəaliyyətinizin" hansı dərəcədə olduğunu açıq-aydın göstərir. Feysbuk səhifənizdə həmin məlumatı və şəkli görənlər haqlı olaraq soruşurlar: bəs indiyədək - 25 ildən çoxdur ki hardaydınız, Hadı Rəcəbli - MM-in Əmək və Sosial Siyasət Komitəsinin sədri?
Doğrudan da, hardaydınız ki, 25 ildən də çox Lənkəranın bu şəhid ailəsindən xəbəriniz olmayıb, onlara baş çəkməmisiniz? Niyə kəndlinin, seçicinin ayağına getməmisiniz, şəhid valideynlərindən xəbər tutmamısınız, onlara heç bir diqqət və qayğı göstərməmisiniz? Niyə?.. Axı, ötən 25-30 il ərzində siz gərək "səsini" topladığınız bütün Lənkəran kəndlərini qarış-qarış gəzib, "ələk-vələk" edəydiniz və hamını tanıyaydınız.
Hadı müəllim, siz həqiqətən o böyük, füsunkar rayonun qayğıkeş deputatı idinizsə, nəyə görə 25 il ərzində rayonun şəhid ailələrinə, o cümlədən o dağ kəndindəki həmin şəhid ailəsinə mütəmadi olmasa da, heç olmasa bir dəfə də olsa baş çəkməmisiniz, onların qayğıları ilə maraqlanmamısınız, heç kəndin özü ilə, onun yollarının vəziyyəti ilə də tanış olmamısınız? Məhz o kəndlə bağlı deputat "fəaliyyətinizin" nəticəsidir ki, seçki ərəfəsi olduğu üçün həmin kəndə 3 diferli samosvalla (özüboşaldan maşınla) getməyə məcbur olmusunuz. Axı sizin müasir tipli xarici maşınlar yolu bərbad olan o dağ kəndinə dırmaşmaq gücündə deyillər...
Şəklə özünüz bir də yaxşı baxın. Baş çəkməyə getdiyiniz şəhid valideynlərinin, xəstə qocaların çarpayıda deyil, yerdə yorğan-döşəkdə uzanmaları sizi heç ağrıtmadımı? Onlar da məhz sizin Əmək və sosial siyasət Komitəsinin sədri kimi pensiyalarını çox artırmağı rəva görmədiyiniz on minlərlə çətin dolanışığı olan, müəllimlərinə həqarətlə "gedib işdən sonra başqa bir işlə məşğul olub, pul qazanın" dediyiniz ailələrdən biridir. Bax, məhz sizin "sosial siyasətiniz"in acı təzhürüdür ki, Vətən uğrunda şəhid olmuş oğulun xəstə valideynləri bu ağır günlərində yumşaq çarpayıda, divanda yox, yerdə yatmaq məcburiyyətindədirlər. Hardadır onlarda sizin rəva gördüyünüz minimum pensiya ilə çarpayı-divan almaq imkanları? (Bəlkə, indi seçkiyə görə, xalqa "qayğınızı" göstərmək üçün bu "əziyyət"ə özünüz qatlaşmalı olacaqsınız. Bilmək olmaz...).
Hadı müəllim, əgər Siz də şəhidin o xəstə valideynlərinin halına acıyıb, stulda yox, onların yanında, yerdəcə oturmuş olsaydınız, bəlkə də inanmaq olardı ki, sizdəki mərhəmət, insaf, qayğıkeşlik hissi hələ tükənməyib. Ancaq siz həmişə olduğu kimi aşağıda yox, sıravi adamlardan "bir az yuxarıda" oturmağa üstünlük verdiniz. Axı, niyə şəhidin illərlə yada salmadığınız, qeydinə qalmadığınız, yataq xəstəsi olan valideynlərinin yanında yerdə oturmaq istəmədiniz, bunu özünüzə sığışdırmadınız, ancaq onların səsini qazanmaq üçün dağlara qalxdınız? Vallah, bu xalqın sizə deməyə daha sözü qalmayıb...
Onu da bildinizmi ki, həmin xəbərdən "aydın oldu ki, mənzil növbəsində olan şəhidin ailəsi hələ də ev ala bilməyib" (bu, sizin öz səhifənizdə qeyd olunub. 25 ildən çox keçib ey, Hadı müəllim!..). Onlar Hadi müəllimə torpaq sürüşməsi nəticəsində yaşadıqları evin dağılan hissəsini də göstərdilər" yazılması da sizə bir eks-deputat kimi qətiyyən hörmət, baş ucalığı gətirmir. Niyə siz bir deputat kimi bu problemlə vaxtında maraqlanıb, vaxtında "həyəcan təbili" çalmadınız?
Hörmətli Hadı müəllim, mənim sizə bu müraciətimə, "aşıq məktub" yazmağıma daha bir səbəb isə sizin 30 ildir ki, Lənkəran üzrə "deputatlıq estafetini" özünüzdə saxlamağınız, onu özünüzdən başqa heç bir kəsə qəti şəkildə etibar etmək istəməməyinizdir. Bu isə Lənkəranın 210 minlik əhalisi arasında onlarla, bəlkə də yüzlərlə istedadlı, bacarıqlı gənclərə olan bağışlanılmaz inamsızlıqdır! Doğrudanmı, 30 il ərzində (siz ilk dəfə deputat seçiləndə dünyaya gələnlər artıq 30 yaşlarını da keçiblər, onlardan da kimsə deputat seçilə bilərdi) 210 minlik Lənkəranda bir nəfər də olsa deputat olmağa layiq, Lənkəranı MM-də uğurla, ləyaqətlə təmsil edə biləcək bir oğul yetişməyib? ..
Siz artıq 7-ci dəfədir ki (!!?) parlamentə namizədliyinizi irəli sürürsünüz (və ya - sürülürsünüz). Bi az dərinə gedilərsə, bu, Lənkəran camaatı üçün saymazyanlıq ("təhqir" demirəm) deyilmi? Doğrudanmı, ağır müharibə illərində SSRİ kimi nəhəng bir dövlətə igid bir oğul - Həzi Aslanov kimi general, iki dəfə Sovet İttifaqı Qəhrəmanı bəxş etmiş Lənkəran diyarı, böyük bir rayon bu 30 ildə Hadı Rəcəblidən başqa Lənkəranı Milli Məclisdə onun kimi, hətta ondan da yaxşı, daha güclü təmsil edə biləcək bir oğul, bir vətənpərvər ziyalı yetişdirə bilməyib?
Əlbəttə, 210 minlik Lənkəranda olduqca savadlı, yüksək intellektli, vətənpərvər gənclər də, orta yaşlı ziyalılar da olmamış deyil. Özü də yəqin ki, bir-iki yox, onlarladır. Ancaq təəssüf ki, siz 30 ildir ki, onların Milli Məclisə olan yollarını kəsib, heç kəsi irəli buraxmır, heç kəsə şans vermirsiniz. Təbii ki, rayon rəhbərləri ilə yaxşı şəxsi münasibətləriniz, YAP-da, MSK-da olan hörmət-nüfuzunuz həmişə sizin üçün "yaşıl işıq" olub. Lakin 7-ci dəfə namizədliyinizi ortalığa atmağınız artıq bütün sədləri pozmaq deməkdir. Bəs, deməzlərmi ki, Həzi Aslanov kimi görkəmli bir oğul yetişdirmiş o gözəl diyar 30 ildir elə yalnız Hadı Rəcəblinin ümidinə qalıbmı? Daha yoxdurmu, tükənibmi onun istedadlı, yüksək zəkalı ziyalı oğulları? Bu, Azərbaycanın cənub paytaxtı olan Lənkəran üçün, onun ziyalıları üçün hörmətsizlik, inamsızlıq deyilmi? Bir də ki axı, Lənkəranı təmsil eləyən deputat niyə Lənkəranda yox, Bakıda yaşamalıdır, Lənkərana ancaq yolu düşəndən-düşənə, qonaq kimi getməlidir, niyə daim seçicilərinin yanında olmamalıdır? Axı, siz bir deputat kimi Lənkəranda yaşasaydınız, rayonun problemindən, dərd-sərindən, həmçinin şəhid ailələrinin çətin vəziyyətlərindən vaxtında xəbər tutardınız. Razılaşın ki, sizin on illərlə "qiyabi deputatlığınız" o qədər də səmərəli alınmayıb.
(Burda mən sizin mətbuatda ən çox tənqidə məruz qalan digər anti-xalq fikir və təklifləriniz, "məsləhət" və "qərarlarınız", Bakıda, Lənkəranda,digər yerlərdə sizə heç də üz ağlığı və hörmət gətirməyən mülkləriniz, villalarınız, onları fotokameraya çəkib, xalqa göstərən gənc bir blogeri həbs etdirməyiniz barədə geniş danışmaq, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuş, imkanlı bir deputat olaraq xaricdə istirahət edərkən Qarabağ nisgilimizi unudaraq, bir rumın gözəli ilə şən halda rəqs etməyinizi qınamaq istəmirəm... Kifayət qədər danışılıb da, yazılıb da, video-süjetlər də göstərilib...)
***
...Hörmətli Hadı müəllim, sonda bir sualım var: sizcə ölkə rəhbəri parlamenti vaxtından əvvəl kimlərə, hansı deputatlara görə buraxmalı oldu? Xalq tərəfindən daha çox narazılıqla qarşılanan fəaliyyətinizlə, ehtiyatsız söylənmiş fikir və təşəbbüslərinizlə siz o "neqativ cərgə"də yoxmusunuz? Çox istərdim ki, olmayasınız. Ancaq respublikada hamı bilir ki, son illərdə ən "qalmaqallı" deputatlardan biri də məhz siz olmusunuz (ancaq mən sizi Rusiyada yaşayıb-çalışan həmvətənlərimizi açıq-açığına təhqir etmiş rəhmətlik Astan Şahverdiyev kimilərlə qətiyyən müqayisə etmək istəməzdim. Haqq üçünə, siz elələrindən qat-qat yüksəkdə durursunuz).
Bəli, siz də, mən də bilirik ki, Azərbaycanın ən nüfuzlu siyasi partiyası olan YAP tərəfindən 125 seçki dairəsi üzrə 123 nəfər partiya üzvünün, ö cümlədən sizin namizədliyiniz verilsə də, parlamentdə 123 YAP üzvünün hamısının təmsil olunmasıheç də real deyil. O da sirr deyil ki, bəzilərinin namizədliyi "üzlərindən keçmək" mümkün olmadığı üçün, əvvəlki illərin hörmət-izzəti xatitrinə verilib. Və təbii ki, həmin namizədlərdən ən azı 40-45 faizi, yəni 55 nəfərə qədəri deputat mandatı qazana bilməyəcəklər. Həm də axı, namizələr arasında ölkə Prezidentinin islahat və gəncləşmə siyasətinə, çağırışına qoşularaq namizədliklərini vermiş yüzlərlə istedadlı, bacarıqlı gənclər də var. Seçkilərin bu dəfə daha ədalətli, demokratik şəkildə, şəffaf keçiriləcəyini də nəzərə alsaq, onda "köhnələrdən" çox az adamın "seçki süzgəcindən" keçəcəyi aydın olar. Və siz əminsinizmi ki, o "süzgəcdən" bu dəfə keçə biləcəksiniz? Yox, mən sizə namizədliyinizi geri götürməyi təklif etmirəm və buna ixtiyarım, səlahiyyətim də yoxdur. Ancaq sizdən bir şey xahiş edirəm: əvvəlki illərdə olduğu kimi süni yolla ("saxta" demək istəmirəm) üstünlük qazanmağa, 7-ci dəfə deputat seçilib, "Ginnes kitabı"na düşməyə cəhd etməyin. Nəhayət imkan verin ki, sizdən xeyli gənc və daha yüksək potensiallı bir lənkəranlı parlamentin üzvü olsun. 30 ildən sonra estafeti başqa birisnə versəniz, bu sizə ancaq baş ucalığı gətirər və bir eks-deputat kimi reabilitasiya əldə etmiş olarsınız.
Keçin bu dəfə deputat olmaq istəyinizdən, sizin üçün nə qədər çətin və arzuolunmaz olsa da. Bunu sizə “Palmali Şirkətlər Qrupu”nun rəhbəri, həmyerliniz, məşhur xeyriyyəçi Mübariz Mənsimov da məsləhət görür: "yaşlı adamsınız, Hadı müəllim, gedin, bir az dincəlin”.


P.S. Hadı müəllim, onu da xatırladım ki, mən sizinlə ikinci dəfə 90-cı illərin ortalarında imtiyazlı bir deputat kimi yenicə sahibi olduğunuz, deputat toxunulmazlığı ilə xaricdən gömrük rüsumu ödəmədən gətirdiyiniz kompüter avadanlıqlarının satışı mağazanızda görüşmüşdüm. Ancaq onda bilmirdim ki, siz o mağaza ilə indiki böyük biznesinizin əsasını qoyurmuşsunuz, biznesmen-deputat kimi formalaşmağa başlayırmışsınız...
33 il əvvəlki 40 yaşlı Hadı müəllimə dərin hörmətlə:
Rəhman ORXAN,
Azərbaycanın Əməkdar jurnalisti.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !