ŞUŞA... - Vaqif Bəhmənli yazır..
Bu xəbəri paylaş
ŞUŞA
Dağı dağ üstdə duran dağlı səməndərdi Şuşa,
Necə bəs dil-dil ötür gül-gül açan dərdi Şuşa?
Qol açıb hər yetənə; pis nəzərə gəldi yəqin –
Partlamışlar uladı: gör nə qəşəng yerdi Şuşa!..
Qaldırıb dik başına zatıqırıq qor-qoduğu,
Tullayıb dar dərəyə dərdləri min mərdi Şuşa!
O xəcil, axdı təri, qan bələnən köynəyini
Xarı-bülbül gülünün yarpağına sərdi Şuşa?
Bəlkə nərd taxtasıdı yek Cıdırın tas sinəsi –
Fəndgir əllərdə gəzən şeşli-beşli zərdi Şuşa?
Tanrıya asi olub qövr eləsəm hiddətdən,
Deyərəm, dərd yuvası, otlu-sulu şərdi Şuşa!
Əhdi Vaqiflə idi, peymanımız qəbrə qədər...
Bəs hanı? Gərdəyini düşmənəmi verdi Şuşa?
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )