KÖVKƏB XANIMIN MƏKTƏBİ... - - Rafael Hüseyn (+ViDEO)

KÖVKƏB XANIMIN MƏKTƏBİ... - Rafael Hüseyn (+ViDEO)

https://www.facebook.com/groups/458090628035596/

 

Həmin ilə hansı nöqtədən baxsan qaranlıq dolu, təşvişli, nigaran, bugünündən sabahına ümid olmayan, insanlar arasında etibarın, inamın itdiyi nəhs tarix parçası kimi görünür.
1937-ci ilin zəhmi elə ağırdır ki, xofu indi də düşüncələrdən, ürəkələrdən çıxmayıb.
Hansı ailələr ki, 37-nin zərbəsini dadıblar, indi də o qəmli çağların əhvalatlarını səslərini qısaraq qorxulu nağıllar kimi danıışırlar.
Və o müdhiş vaxt kəsiyində ən dar macalda da nəcib işlər görmüş, vicdanını ləkəsiz saxlamağı bacarmış, iblislə xosunlaşmamış, mərdümazar kağızlara imza atmamış hər kəs ikiqat qəhrəman sayılmağa layiqdir.
Bu zərif qadın isə dövlətin və insanların evlər yıxdığı, çıraqlar söndürdüyü ağır ayaqlı 1937-ci ildə EV Tikib!
1926-cı ildə Bakı Musiqi Texnikumunun fortepiano ifaçılığı sinfini bitirən 20 yaşlı Kövkəb Səfərəliyevanı Üzeyir bəy Hacıbəyli dərhal konservatoriyanın nəzdində fəaliyyət göstərən birinci və ikinci dərəcəli hazırlıq siniflərində dərs deməyə dəvət edir.
Həyatının mənası musiqi olan, həm də Tanrının fitrətdən qeyri-adi müəllimlik istedadı bağışladığı Kövkəb xanım Səfərəliyeva 1926-1927-ci illərdə texnikumda əvvəlcə ümumi fortepiano fənnini tədris edir, az sonra isə xüsusi fortepiano sinfində məşğələlər aparmağa başlayır.
Lakin dərslərini deyə-deyə, müəllimliyini edə-edə ali təhsilini də davam etdirir və 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında da oxumağını başa vurur.
İki il doğma konservatoriyada çalışdıqdan sonra 1934-də Azərbaycan Opera və Balet Teatrında konsertmeyster vəzifəsinə dəvət olunur.
Kövkəb xanım 1935-ci ildə Pyotr İliç Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasına daxil olur, çalışqanlığını, incə duyumunu, məharətli çalğıçılığını, ümumi səviyyəsini yaxından müşahidə edincə ona parlamaq, qısa zamanda şöhrətlər qazanmaqşçün Moskvada qalmağı tövsiyyə edirlər.
Ancaq Bakı Kövkəbi qaçılmaz cazibəsi ilə çəkirdi və qəlbində ümdə bir niyyəti vardı.
Qayıdır və 1937-ci ildə, ürəklərin qan ağladığı həmin ölüm-itimli tarix parçasında sonralar paytaxtın və bütövlükdə Azərbaycan ən mühüm ziyalılıq, zövq, üstün musiqi təhsili ocağına çevriləcək Orta ixtisas musiqi məktəbini yaradır. Konservatoriya nəzdindəki bu məktəbə illər sonra böyük müğənni Bülbülün adı verilir.
Və yarandığı gündən ta 1952-ci ilədək, düz 15 il Kövkəb xanım həmin məktəbə rəhbərlik edir, nümunəvi intizamın, keyfiyyətli təhsilin bərqərar olduğu, Azərbaycan musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətləri olan seçkin ifaçı və pedaqoqları qovuşduran bu təhsil ocağını hər kəsin ehtiramla yanaşdığı sənət məbədinə çevirə bilir.
Hər valideyn üçün övladının burada – Kövkəb xanımın məktəbində oxuması həm fəxr, həm şərəf idi.
Hətta balalarını gələcəkdə musiqiçi kimi görməyi nəzərdə tutmayan valideynlər, tanınmış alimlər, yazıçılar, ictimai xadimlər də can atırdılar ki, övladlarının dərs yükü artsa da, onlar orta təhsillərini kübar mədəni mühiti olan, keyfiyyətli bilik verən bu məktəbdə təhsil alsınlar.
Həmin orta ixtisas musiqi məktəbi təbii ki, dövlətin idi. Amma xalq bura “Kövkəb xanımın məktəbi” söyləyirdi.
Kövkəb xanım sonralar konservatoriyada işləməyə başlamışdı, araya-ərsəyə gətirdiyi, qanad verdiyi məktəbə müxtəlif illərdə başqaları direktorluq etmişdi, amma Kövkəb xanımın adı hər zaman bu məktəbin üstündə qalmışdı.
Xalq artsiti, müstəsna müəllim və sənətkar Kövkəb Səfərilyeva həyatdan 1985-ci ildə köçüb.
Onunla birgə çalışanların əksəriyyəti artıq haqq dünyasındadır. Amma tələbələri, yetirmələrinin yetirmələri Azərbaycan forrtepiano ifaçılığının dəyərli ənənələrini uğurla yaşadır, irəlilədir və onlarla hər təmasda hiss edirsən ki, Kövkəb xanımı canlı, elə günlərimizin içərisində olan kimi anırlar.
Onların az qala hamısının da adətən ürəyində Kövkəb xanımla bağlı bir dilək var. Deyirlər ki, axı o məktəb Kövkəb xanımın məktəbidir, Bülbülün adı illərlə baş qəhrəmanı olduğu opera teatrına yaraşır.
Kim bilir, bəlkə də Kövkəb xanımı untmayanların və qəlbən sevənlərin bu arzusu gec-tez gerçəkləşdi.
Amma indilik mənim daha vacib və gerçəkləşməsi xüsusi suallar doğurmayan başqa arzum var.
Çox istəyirəm ki, təməlçisi olduğu, övladı qədər sevdiyi, ayaq üstə dikəltdiyi, daim təəssübünü çəkdiyi, bugünədək sönməyən nəcib ənənələrini yaratdığı, ömrünün son gününəcən də qayğıları ilə maraqlandığı və indi Bülbülün adını daşıyan məktəbin həyətində Kövkəb xanım Səfərəilyevanın abidəsi ucalsın.
Və “Kövkəb xanımın məktəbi”nə gələnləri hər gün Kövkəb xanım özü qarşılasın!..

Martın 5-də saat 23-də FM 105 tezliyində Azərbaycan Radiosunda səslənəcək “Axşam görüşləri” verilişi görkəmli Azərbaycan musiqiçisi Kövkəb xanım Səfərilyevanın xatirəsinə həsr ediləcək
.
P.S. Görünür adı səma ilə bağlı Kövkəb xanımın bəxtindəndir.
Bu yazını təyyarədə, Avropa göylərində yazıram.
Madridə uçuram və Türk Hava Yolları gözəl imkan yaradıb – telefon əlaqəsi də var, internetə bağlantı da.
2019-cu martın 2-də Bakı vaxtilə saat 16.30-da Facebook-da və Youtube-da Kövkəb xanım haqda süjeti kəvakibə – ulduzlara daha yovuq bir məkandaykən yerləşdirirəm.
Bələdçi xanımdan soruşdum – bu anlarda Albaniya üzərindən uçuruq...
Yalnız məcazi mənada deyil, elə gerçəkdən də həmişə ulduzlara yaxın olmaq ulduz insanların taleyidir!...
Kövkəb xanımın ruhu şad olsun! 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !