Çeçen məsələsini fürsətə çevirməli - - Azər Həsrət

Çeçen məsələsini fürsətə çevirməli - Azər Həsrət

Çeçen məsələsi. Kimsə qazanı qaynatmaq istədi. Əslində, bu kimsənin də kimliyini müəyyən etmək çətin deyil. Hər zamankı bədxahlardır. Məqsəd bir-birinə çox yaxın və bağlı, hər zaman dayaq olan azərbaycanlılarla çeçenləri qarşı-qarşıya gətirib sonsuz bir münaqişəyə sürükləməkdir.

Azərbaycan dövləti çox çevik tərpəndi. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, özəlliklə də Rusiya ilə münasibətlərdə çevikliyi və peşəkarlığıyla seçilən Prof. Əli Həsənov bir dövlət adamına yaraşan şəkildə təmkinli açıqlama verdi. O, məsələnin sadəcə bir məişət münaqişəsi olduğunu deşifrə etməklə bu oyunu quranların oyununu pozmuş oldu. Çeçen tərəfi də gecikmədi. Çeçenistan dövlət rəsmisi Əli Həsənovun açıqlamasının ardından olduqca təmkinli və dostluğumuza kölgə salmaq istəyənləri üzəcək bir ismarıc verdi.

 

Əli Həsənovun açıqlaması, əlbəttə ki, tutduğu vəzifə gərəyi dövlətin – Prezident İlham Əliyevin mövqeyi olaraq bizi dünyaya xortdan kimi təqdim etmək istəyənlərin oyununu pozmağa yetərli idi.

 

İndi isə məsələnin əsl mahiyyətinə gələk. Əlbəttə, bu, doğrudan da bir məişət məsələsi idi. Görünən bu idi yəni. Amma görünməyən tərəflərinin olması da ehtimal edilə bilər.

Biz ehtimal edirik ki, bu olay təsadüf deyildi. Əlixan adlı hansısa “çeçen” çıxıb bütün azərbaycanlıları niyə təhqir etsin ki? Ümumiyyətlə, ağlı başında olan bir şəxs niyə hansısa milləti təhqir etməlidir? Ola bilər ki, o Əlixanın hansısa azərbaycanlı ilə problemi var. Normaldır, ola bilər. Buna görə həmin azərbaycanlını söyməsi, lap belə öldürməsi də başa düşülən ola bilərdi. Lakin bir və ya bir neçə adama görə bütöv bir milləti təhqir etmək, əlbəttə, anlaşılan deyil və bundan təxribat iyi gəlir.

Və “azərbaycanlıların” verdiyi reaksiya. “Bizimkilər” də operativ şəkildə o “çeçeni” tapır, ağız-burnunu bəzəyib videosunu çəkir, paylaşır. Alçaldılmış “çeçen” əsl çeçenlərin əsəblərinə təsir etməliydi və edir də. Nəticə isə odur ki, sosial media üzərindən çağırışlar, təxribatın dərinləşdirilməsi üçün hərəkətlənmələr baş alıb gedir. Burada isə erməni izini görməmək mümkün deyil. Azərbaycanlı, çeçen, rus adları altında hər üç tərəfdə mövqe tutan bu ermənilər və onların tərəfdaşları aranı qızışdırmaq üçün əməlli-başlı cəbhə açırlar. Yenə də Azərbaycan dövlətinin, Çeçenistan rəhbərliyinin müdrik davranışları onların bu cəhdlərini puça çıxarır.

 

Sadəcə azərbaycanlı-çeçen münaqişəsinin körüklənmədiyini görən təxribatçılar bu dəfə meydana sünni-şiə amilini gətirməyə cəhd edir. Hansısa çeçen kriminal avtoritet xəstə yatağından video-müraciət yayır ki, sünni çeçenlər şiə azərbaycanlıları harda görsə öldürsün. Çünki “şiə azərbaycanlılar” sünni çeçen millətini təhqir edib. Təbii ki, bu təxribat da baş tutan deyil. Yenə də ona görə ki, Əli Həsənovun dediyi kimi, adi məişət münaqişəsinin bu qədər uzağa getməsi mümkün deyil. Hələ nəzərə alaq ki, istər Azərbaycan, istərsə də Çeçenistan rəsmiləri olayları olduqca təmkinli bir şəkildə diqqətdə saxlayır.

 

Məsələ burada da bitdimi? Yaxud bitəcəkmi? Ola bilər bitsin. Amma birdəfəlik deyil. Bu olayla hələ də sosial mediada manipulyasiya edilir, yeni münaqişə imkanları üçün axtarışlar aparılır. Yəni nə biz, nə də Çeçenistan tərəfi ortalığı boş buraxmamalıdır. Tədbirlər görülməli, bizi bölmək üçün düzənlənən bu olay çeçenlərlə dostluq münasibətlərimizi daha da möhkəmləndirmək üçün fürsətə çevrilməlidir.

 

Azərbaycan dövləti rəsmilərdən və ictimai fəallardan ibarət bir heyətlə təcili Çeçenistana səfər təşkil edərsə yerinə düşər. Oraya gedəcək heyət Çeçenistan rəhbəri Ramzan Kadırovla, dini rəhbərlə, eləcə də ayrı-ayrı ictimai qurumlar və media ilə görüşlər keçirib söhbətlər etsə, Çeçenistan TV kanallarında verilişlərə çıxıb Azərbaycan adına dostluq mesajları versə bədxahlarımızın oyunlarını büsbütün pozmuş olarıq. Bunu mütləq etmək lazımdır.

 

Dediyimiz kimi, ortada xoş olmayan bir olay var, hamımız onun düşmən təxribatı olduğunu anlayırıq və baş verənləri fürsətə çevirərək bizi qarşıdurmaya sürükləyənlərə ən tutarlı cavabı vermiş olacağıq. Yoxsa məsələ yarımçıq həll edilmiş qalacaq və gələcəkdə kimlərsə ondan yenidən istifadə etmək fürsətini əldən qaçırmayacaq… 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !