Bakıya qardaşdır, durub yanaşı!... - - Rəhman Orxan (+FOTOLAR)

Bakıya qardaşdır, durub yanaşı!... - Rəhman Orxan (+FOTOLAR)

Azərbaycan Prezidenti İlham Əliyev 14 fevral tarixli Sərəncamı ilə Sumqayıtın
70 illik yubileyinin respublikada geniş qeyd edilməsi üçün göstəriş vermişdir

 

Bakıya qardaşdır, durub yanaşı!..


Sumqayıt özünün 70 illik yubileyi qarşısında qürurla hesabat verdi

 

Sumqayıt nəinki Azərbaycanın, həm də
Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

 


Heç də uzaq tarix deyil - 3-4 il əvvələ qədər sumqayıtlılar nəinki qışda-payızda, heç yazda-yayda da şəhərin "iki addımlığında" olan Xəzərin sahilinə çıxıb "can dərmanı" olan yodlu-yosunlu dəniz havasını udaraq dincəlməyə o qədər də həvəs göstərmirdilər. Səbəb başqa bir şey deyil, çimərlik kimi istifadəsi neçə illərdi qadağan olunmuş dəniz sahilinin öz görkəmi ilə cəlbedici, təmiz olmaması idi ki, bu da dənizkənarı gəzintini maraqsız edirdi. Xüsusilə də parkın qurtardığı yerdən sonra dənizə doğru gedən asfalt hissənin yarı yolda kəsilməsi, həm də qumlu-palçıqlı yol dənizin ləpədöyəninə kimi getmək istəyənləri həvəsdən salırdı. Axşamlar o yerlərin ancaq şəhərə yaxın hissəsinin az-çox işıqlandırılması, dənizə aparan yolların isə qaranlıq olması axşam gəzintisinə çıxanları dənizə çatmadan geri qayıtmağa vadar edirdi.

 

Sumqayıtlılar öz doğma şəhərlərini çox sevsələr də, onun həmin illərdəki "boz-bulanıq" görkəmi, meydanşaların, yolların, səkilərin yarıtmaz, evlərin damlarının uçuq-yamaqlı olması, mikrorayon və məhəllələrdə həyətdaxili yol və sahələrin xoşagəlməz vəziyyəti istər-istəməz bədbin ovqata, az qala şəhərdən küskünlüyə səbəb olur, "işlərin düzəlməyəcəyi", elə-belə də davam edəcəyi fikri yaradır, Sumqayıtın arzu edilən sabahına inamı sarsıdır, zəiflədirdi. Şəhərin "boz görkəmi" bəzilərini (təmirli ev-eşiyi, bağ-bağatı, xarici maşınları olanları) o qədər də narahat etməsə də, sadə əmək adamları bundan qəlbən sıxılır və ovqatları da elə "ala-boz" olurdu.
Çox yaxşı ki, ölkə başçısının müdrikcəsinə qərarı ilə Sumqayıta bu şəhərin öz yetirməsi, onu qəlbən sevən, eyni zamanda onun problemlərini yaxşı bilən, onları aradan qaldırmaq üçün yorulmaq bilmədən gecə-gündüz çalışan yeni İcra başçısı təyin edildi. Çox keçmədən elə geniş miqyaslı, bütün şəhər boyu təmir-bərpa, yeniləşmə, müasirləşmə işləri başlandı ki, sumqayıtlılar istər-istəməz əvvəllər bir az könülsüz dilə gətirdikləri məşhur mahnının "Canlanır hər qarış çöl Sumqayıtda, xarüqələr yaradır el Sumqayıtda" sözlərini hər gün ürəklərində böyük razılıq hissi ilə, qürurla təkrar etməli olurdular.
Və heç bir il keçmədi ki, şəhər öz görkəmini xeyli dəyişdi - indi sumqayıtlıların gecə-gündüz həvəslə gəzdikləri, gecələri işıq "boyunbağısı" ilə nurlu, çilçıraqlı olan müasir bulvar yaradıldı, ucqar mikrorayonlardan başlayaraq bütün yollar əsaslı təmir edilərək, Avropa standartlarına uyğunlaşdırıldı, yaşayış binalarının, məktəb və uşaq baxçalarının yararsız dam örtükləri yeniləri ilə əvəz olundu, istilik sistemləri yenidən quruldu, Hacı Zeynalabdin Tağıyev və Corat qəsəbələrinə, Novxanıya, bağlar massivlərinə gedən yollar təzələndi, parklar, meydançalar daha da abadlaşdırıldı. Yeni Heydər Əliyev Mərkəzi, sumqayıtlı şair və yazıçıların yaradıcılıq görüşlərinin daha geniş və səmərəli olmasına imkan verən Poeziya Evi, məktəbli uşaqların gələcəyinə uğurlu yollar açan İncəsənət məktəbi, Şahmat məktəbi və s. yeni sosial-mədəni obyektlər şəhərin memarlıq görkəmini daha da gözəlləşdirdi, tamamladı. H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının binasının əsaslı, yüksək dizaynla, milli memarlıq üslubunda təmir olunaraq, böyük bir mədəniyyət məbədi kimi teatr kollektivinin və tamaşaçıların ixtiyarına verilməsi şəhərin mədəni həyatında mühüm, fərəh doğuran bir mərhələ oldu. Bütün bunlar isə yekun olaraq sumqayıtlılarda özlərinin az müddətdə yeniləşərək müasirləşən doğma şəhərinə sevgini, məhəbbəti daha da artırdı, onun "dünənkindən" çox fərqli, gözəlləşən, daha da füsunkar olan siması hər kəsdə böyük qürur hissi yaratdı.
Ötən il də sumqayıtlılar və bütünlükdə şəhər üçün çox uğurlu olmuşdur. Respublikanın ikinci böyük sənaye şəhəri olan Sumqayıtın iqtisadi potensialı il ərzində daha da artmış, şəhərin Kimya Sənaye parkında yeni, müasir müəssisələr işə salınmış, xeyli sayda yeni iş yerləri yaradılmışdır.
Bu ilin noyabrın 22-də Sumqayıt özünün şərəfli yubileyini - 70 illiyini qeyd edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün 14 fevral tarixli Sərəncamı ilə Sumqayıtın yubileyinin respublikada geniş qeyd edilməsi üçün göstəriş vermişdir. Və çox yaxşı ki, bu tarixi günə hazırlıq hələ 2015-ci ilin sentyabrından, şəhərə yeni İcra başçısı - Zakir Fərəcov təyin olunduğu gündən başlanmışdır. Yubileylə əlaqədar şəhərin daha da abad və daha müasir görkəmdə olması üçün aparılan geniş miqyaslı işlər ötən il də uğurla davam etdirilmişdir. Bu barədə Sumqayıt İcra Hakimiyyətinin şəhərin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında ətraflı məlumat verilmişdir.
Təbii ki, ötən ildə də sumqayıtlıların sosial-məişət şəraitinin yaxşılaşdırılması şəhər rəhbərliyinin xüsusi diqqət mərkəzində olmuşdur. İlk növbədə il ərzində şəhərin 100-dən artıq yaşayış binasının yararsız hala düşmüş dam örtükləri təzələnərək, metal kirəmitlə əvəz edilmiş, 70-ə yaxın binada isə təmir işlərinə start verilmişdir. Bütünlükdə son 3 ildə şəhərin məhəllə və mikrorayonlarında 650-dən çox yaşayış binasının damı əsaslı təmir olunmuş, yenilənmişdir.
Sakinlərin rahatlığının, hündür mərtəbəli binalarda liftdən təhlükəsiz istifadə etmələrinin təmin olunması məqsədilə istismar müddəti başa çatmış, neçə illər idi ki haqlı narazılığa səbəb olan 105 lift yenisi ilə əvəz olunmuşdur. Ümumilikdə isə son üç il ərzində şəhərin çoxmərtəbəli binalarında xaricdən gətirilmiş 370-ə qədər yeni lift quraşdırılmışdır ki, bu da sakinlər tərəfindən böyük razılıq hissi ilə, minnətdarlıqla qarşılanmışdır.
Yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə şəhərin 10 mikrorayonunda və 8 məhəllədaxili ərazilərində, 15-dən artıq küçə və yollarında 560 min kv.metrə yaxın asfalt örtüyü dəyişdirilərək, yenilənmişdir. Ümumilikdə isə son 3 il ərzində şəhərin məhəllə və mikrorayonlardakı həyətlərə, meydança və yollara, küçələrə 3 milyon kv.metr asfalt döşənmişdir. Bu il isə daha 1,5 milyon kv.metr sahənin asfaltlanması nəzərdə tutulmuşdur. Sərnişindaşımada rahatlığı təmin etmək, narazılıqları aradan qaldırmaq məqsədilə kiçik tutumlu, istismara yararsız, ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələri xətlərdən çıxarılmış, şəhərə Türkiyə istehsalı olan 200-dən çox sərnişin avtobusu gətirilərək, intensivliyi çox olan müxtəlif marşrut xətlərinə buraxılmışdır.
Dəmiryol nəqliyyatının normal hərəkətinin təmin edilməsi və sərnişinlər üçün lazımi şəraitin yaradılması üçün isə Sumqayıt Dəmiryol vağzalının binası müasir memarlıq və dizayn əsasında tamamilə yenidən inşa edilmişdir. Bu, həm də sərnişinlərin "Sumqayıt-Bakı" marşrutu ilə hərəkət edən, komfort şəraiti olan yeni qatarlarla gediş-gəlişinə marağı, dəmir yolunun səmərəliliyini artırmışdır.
Sumqayıtlıların xüsusilə böyük razılığına, minnətdarlığına səbəb isə həm də şəhərin "Metallurq" küçəsində kompleks yenidənqurma işlərinin aparılması, həmin sahədə illərlə təmizlənməyən, xoşagəlməz qoxusu ətrafa yayılan Acıdərə kanalının məcrasının dəyişdirilməsi olmuşdur. Orada böyük həcmli hidrotexniki işlər aparılmış, 1800 p/m yeni suötürücü kanalizasiya xətti çəkilərək, kanalın suyu axının yaxşı təmin edilməsi məqsədilə dərinliikdən aparılan iri diametrli borularla dənizə istiqamətləndirilmişdir.
Sumqayıtlıların və şəhərin qonaqlarının mədəni istirahətinin təmini də şəhər rəhbərliyinin diqqətindən yayınmayıb. Belə ki, bir müddət əvvəl yüksək səviyyədə təmiri başa çatdırılmış Sumqayıt Dövlət Dram Teatrından sonra daha bir mədəniyyət ocağının da yenidən qurulması nəzərdə tutulmuşdur. Vaxtilə qarşısı müxtəlif tikinti-ticarət obyektləri ilə kəsilərək (onlar şəhərin yeni rəhbərinin qətiyyəti və prinsipiallığı sayəsində dərhal dağıdılıb, ləğv olunmuşdu), fəaliyyəti boykot edilmiş, həm də şəraiti son dərəcə yarıtmaz hala düşmüş “Nizami” (əvvəlki "Rossiya") kinoteatrının sökülərək, onun yenidən layihələndirilməsinə və müasir tələblər səviyyəsində inşasına başlanılmışdır.
Sumqayıt məktəbləri, uşaq baxçaları və körpələr evləri də daim şəhər rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Belə ki, əvvəlki iki ildə olduğu kimi, 2018-ci ildə də məktəbəqədər təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı xeyli iş görülmüş, onların müasir, keyfiyyətli avadanlıq və inventarlarla təchizinə nail olunmuş, istilik sistemləri tam bərpa edilmiş, bütün uşaq baxçaları isti su ilə təchiz olunmuş, əvvəllər çatışmazlıqların az olmadığı ərzaq təminatı sahəsində vəziyyət kökündən yaxşılaşdırılmış, körpələrə verilən yeməklərin rasionu gücləndirilərək, nəzarətə götürülmüşdür.
Şəhərdə 1176 yerlik yeni məktəb binasının, Corat qəsəbəsində 120 yerlik uşaq baxçasının tikintisi böyüməkdə olan nəsil üçün böyük töhfə olmaqla, həm də onlara göstərilən xüsusi diqqət və qayğınının təzahürüdür.
Ötən il ərzində şəhərin tibb-səhiyyə sahəsində də xeyli iş görülmüşdür. Belə ki, əhalinin sağlamlığının qorunmasına xidmət edən bu sahənin müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təchizatının yaxşılaşdırılması məqsədilə xeyli miqdarda yeni, müasir tipli unikal tibb avadanlıqları alınmış, şəhərin bir çox poliklinika və xəstəxanalarında cari təmir işləri aparılmışdır. Bu ilin əvvəlindən isə 2 №-li şəhər xəstəxanasının əsaslı təmirinə başlanılmışdır. Yeri gəlmişkən, o da diqqətəlayiqdir ki, bir çox sahələrdə olduğu kimi, ötən il şəhərin səhiyyə və təhsil şöbələrinə də rəhbərlik bacarıqlı, təşəbbüskar olan, yeni düşüncəli gənc kadrlara həvalə edilmişdir.
2018-ci ildə Sumqayıtın iqtisadi potensialının daha da artırılması istiqamətində də xeyli işlər görülmüşdür.


Hesabatdan bəzi faktlar. 2018-ci il ərzində Sumqayıtın ümumdaxili məhsul (ÜDM) istehsalı əvvəlki ilə nisbətən 35 faiz artaraq, 2 milyard manatdan çox olmuşdur. Sənaye müəssisələrində 1 milyard 300 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da əvvəlki dövrlə müqayisədə 20 faiz artım deməkdir.
Sumqayıt Kimya Sənaye Parkında mövcud olan 18 rezident üzrə layihələrin investisiya dəyəri 3,5 milyard ABŞ dolları həcmində olmuşdur. O vəsaitin 3 milyard dolları artıq layihələrə sərf edilib. Orada fəaliyyət göstərən müəssisələrin sayı isə artıq 11-ə çatmışdır.



Ötən il sənaye sahəsində şəhərin ən böyük uğuru Azərbaycanda ilk dəfə olaraq Sumqayıtda çox qiymətli kimyəvi məhsul olan polipropilen istehsalına başlanması olmuşdur. Belə ki, əvvəllər iqtisadi baxımdan çox sərfəli, etilen-polietilen istehsalatının texnoloji davamı olan polipropilen istehsalatının olmaması kimyaçıları 25 ildən artıq idi ki narahat edirdi. Nəhayət, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının bilavasitə diqqət və qayğısı sayəsində ölkənin ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında İtaliya texnologiyası əsasında inşa edilmiş, layihə dəyəri 800 milyon dollar olan, tikintisinə 2015-ci ildə başlanılmış polipropilen istehsalı zavodu - SOCAR-Polymer müəssisəsi ötən ilin iyul ayında ilk məhsulunu vermişdir. Dövlət başçımızın açılışında iştirak etdiyi, artıq 450 nəfərin işlə təmin olunduğu həmin müəssisə ildə 184 min ton polipropilen istehsal etmək gücünə malikdir. Bu qiymətli kimyəvi məhsul yüksək təzyiqli qaz və su borularının, avtomobil elementlərinin, elektrik və elektron cihazlarının, tibb aparatlarının, həmçinin qablaşdırma və dəftərxana vasitələrinin istehsalı və s. kimi geniş diapazonda istifadə edilməklə gələcəkdə Azərbaycan iqtisadiyyatına milyonlarla dollar həcmində gəlir əldə etməyə imkan verəcəkdir.
Sumqayıtın Kimya Sənaye Parkında İsveçrə və Türkiyə texnologiyaları əsasında 3,5 milyon dollar dəyərində olan, ilkin mərhələdə ildə 40 min ton tikinti qatqıları istehsal edəcək İnşaat Kimyası zavodunun, İtaliya texnologiyası əsasında investisiya dəyəri 51 milyon dollar olan Əlvan Metallar və Ferroərintilər zavodunun, Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında qurulan, ildə 11 milyard ədəd siqaret istehsal edəcək “Tabaterra” tütün məmulatları fabrikinin və s. tikintisi də Sumqayıtın sənaye potensialının gücləndirilməsinə yönəldilmişdir. Həmin müəssisələrin fəaliyyətə başlaması ilə 500 nəfər yeni iş yeri ilə təmin edilmişdir.
Fərəhli haldır ki, həmin qabaqcıl texnologiyalara malik müəssisələrin ardınca bu il yanvarın 16-da Kimya Sənaye Parkı ərazisində ölkə rəhbərinin iştirakı ilə daha bir yeni müəssisənin - Sumqayıtın müstəqillik tarixində ƏN BÖYÜK layihə sayılan “SOCAR Karbamid” zavodunun da açılışı olmuşdur. Həmin müəssisə tam gücü ilə işə düşdükdən sonra orada 500 nəfərə qədər adam daimi işlə təmin ediləcəkdir.
Bütün bunlar bir daha təsdiq edir ki, ölkə rəhbərinin qeyri-neft sektorunun inkişafına yönəlmiş ardıcıl səyləri əsaslı və nəticə etibarilə uğurludur, artıq öz bəhrəsini göstərməklə sənayenin yeni istiqamətlərinin müəyyənləşdirilməsinə, respublika iqtisadiyyatın inkişafına mühüm töhfələr verir.
Sumqayıtın da Muğam Mərkəzi olacaq. "Kimyaçı" Mədəniyyət sarayında keçirilən hesabat tədbirinin sonunda İcra hakimiyyətini başçısı Zakir Fərəcov şəhərdə aparılmış geniş miqyaslı abadlı-quruculuq işləri ilə kifayətlənmədiyini, böyük quruculuq işlərinin hələ qarşıda olduğunu bildirərək, yaxın gələcəyin planlarından da söz açdı. O, Sumqayıtın idmançılar şəhəri olduğunu, İlham Zəkiyev, Rəfayel Ağayev, Şahin İmranov, Şəhriyar Məmmədyarov və digərləri kimi məşhur idmançılar yetişdirdiyini, vaxtilə Sumqayıtın "Polad" futbol komandasının respublika və SSRİ birinciliklərində uğurla çıxışlarını xatırladaraq, şəhərin Mehdi Hüseynzadə adına stadionunun baxımsız qaldığından narahatlığını bildirərək, sumqayıtlıların bir vaxtlar böyük maraqla futbol yarışlarını izlədiyi həmin idman arenasının da yaxın vaxtlarda əsaslı təmir olunaraq idman həvəskarlarının istifadəsinə veriləcəyini söyləməsi tədbir iştirakçılarının alqışlarına səbəb oldu.
Şəhər İcra Hakimiyyətinin Bakıda olduğu kimi Sumqayıtda da gözəl bir Muğam Mərkəzi inşa etdirməyi nəzərdə tutması da sevinclə qarşılandı. Axı, Sumqayıtın ilk muğam ustalarından olan Rəşid Bədirovun, Zabitə Məmmədovanın, Zakir Əliyevin və digərlərinin yetişdiyi bir şəhərdə Muğam Mərkəzinin olması həm gənc muğam ifaçılarının aşkar edilməsində, həm də musqimizin bu qədim növünün daha da geniş yayılmasında mühüm rol oynacaqdır.
Çıxışının sonunda İcra başçısı bir şad xəbəri də diqqətə çatdırdı: ölkə başçısının diqqət və qayğısı, Heydər Əliyev Fondunun dəstəyi ilə 2000-dən artıq qaçqın-köçkün ailəsi üçün Sumqayıtda və Sumqayıt stansiyasında yeni evlərin tikintisi başa çatmışdır və doğma yurdlarından didərgin düşmüş həmvətənlərimiz tezliklə yeni mənzillərə köçəcəklər. Bununla həm də onların vaxtilə məcburiyyət qarşısında qalaraq şəhərin müxtəlif yerlərində inzibati binalarını, ərazilərini zəbt etdikləri həmin təşkilatların öz fəaliyyətlərini bərpa etməsinə, əlavə iş yerlərinin açılmasına imkan yaranacaqdır.
Yığıncaq iştirakçılarının təklifləri. Tədbirin sonunda İcra başçısı zala müraciət edərək, şəhərin daha da abad və yaraşıqlı olması üçün təkliflər bildirməyi, həllinə ehtiyac olan problemləri diqqətə çatdımağı xahiş etdi.
Hacı Zeynalabdin qəsəbəsinin sakini Arif Qafarov ötən il ərzində qəsəbə məscidinin təmirinə, yeni uşaq baxçasının inşasına, nümunəvi məhəllə yaradılmasına görə qəsəbə sakinləri adından minnətdarlıq ifadə edərək, daha iki problemin həllinin vacib olduğunu diqqətə çatdırdı. Problemlərdən biri - qəsəbənin kanalizasiya sisteminin yaradılması, digəri isə hələ 1925-ci ildə inşa edilmiş klubun "Azərsu"nun balansından çıxarılaraq, qəsəbə sakinlərinin istifadəsinə verilməsi ilə bağlı idi.
Digər bir təklif Sumqayıt Dövlət Universitetinin tələbələri adından səsləndirildi. Belə ki, Universitetin yataqxanalarında məcburi qaçqın və köçkün ailələri yaşadığından uzun illərdir ki, tələbələr şəhərin müxtəlif yerlərində ev kirayələməli olurlar ki, bu da onların tələbə büdcələri üçün çətinlik törədir.
Buna cavab olaraq yaxın vaxtlarda didərgin həmvətənlərimizin onlar üçün inşa edilmiş yeni mənzillərə köçürüləcəkləri və Universitetin yataqxanasının təmir olunaraq tələbələrin istifadəsinə veriləcəyi xəbəri məmnunluqla qarşılandı.
Sumqayıtın əvvəlki rəhbərlərinin uzun illər reallaşdıra bilmədilkləri
Bunları sadəcə sadalamaq kifayətdir. Bu tədbirlər sırasında ilk və xüsusi olaraq Sumqayıt bulvarı qeyd olunmalıdır. Əvvəllər on illərlə bu barədə ciddi söhbətlər aparılmış olsa da, məsələ həll olunmamış qalırdı. İndi nəinki sumqayıtlıların səhər-axşam istirahət etdikləri gözəl bir bulvar salınmışdır, hətta Sumqayıt ilk dəfə olaraq lap yaxın sahildə tikilmiş çoxmərtəbəli binaları ilə dənizə doğru addımlayaraq, Xəzərə daha da yaxın olmuşdur.
30 il ərzində ilk dəfədir ki, şəraitsiz yerlərdə sığınacaq tapıb, müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzillə təmin olunması üçün şəhər İcra Hakimiyyətinin təşəbbüsü, ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində şəhərin 12-ci mikrorayonunda və Sumqayıt stansiyası yaxınlığında 2000-dən çox mənzildən ibarət yeni yaşayış kompleksləri istifadəyə verilmişdir.
İlk dəfə olaraq kimyaçıların 25 illik arzusu həqiqətə çevrilib - daim həsrətində olduqları müasir Polipropilen istehsalatı nəhayət ki, tikilib istifadəyə verilmişdir.
Sumqayıt Poeziya Evi də ilk yeniliklər sırasındadır. İndi respublikanın ən gözəl və geniş tutumlu olan bu poeziya məbədində tez-tez şair və yazıçıların görüşləri keçirilir. Həmin tədbirlərə sumqayıtlı şair və yazıçılarla yanaşı respublikanın hər yerindən - Bakıdan, Gəncədən, Lənkərandan, Qazaxdan, Şəkidən... axışıb gələnlər, hətta MDB ölkələrindən də təşrif buyuranlar olur.
Hesabatda nələr göstərilmədi, nələrdən söz açılmadı, danışılmadı?
...Hər gün Sumqayıt bulvarına gəzməyə çıxan, mənalı istirahət edən yaşlı baba-nənələrin, gənc ailələrin qəlbən, ürəklərində səsləndirdikləri minlərlə təşəkkür və minnətdarlıqlardan danışılmadı.
...Şəhərin yaşlı sakinlərinin 9-12-ci mərtəbələrə çıxmaq üçün illər boyu əziyyət çəkdikdən sonra, nəhayət, yeni, müasir liftlərlə rahatlıqla həyətə düşüb-qalxa bildiklərinə görə gündəlik alqışlarından, dualarından söz açılmadı tədbirdə.
...Son illərdə uşaq baxçalarında yaxşı şəraitlə təmin olunmuş, rasionu gücləndirilmiş körpə-fidan balaların sevincindən danışılmadı...
...Dilə gətirilməyən, lakin hər gün ürəklərdən keçən o qədər təşəkkürlər, dualar, yaşanan sevinc anları var ki, onlardan söhbət açılmadı.
Təbii ki, onların hamısı bütünlüklə şəhər rəhbərliyinə ünvanlanır. Hər gün, hər saat...

 

Rəhman ORXAN,
Azərbaycanın Əməkdar jurnalisti,
Osman Mirzəyev adına
Respublika mükafatı laireatı.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !