Alman dəqiqliyi... -

Alman dəqiqliyi...

“Cinayətkarlıq: Azərbaycan müqayisədə yaxşı təhlükəsizlik səviyyəsi və az cinayətkarlığın olduğu ölkədir. Lakin səyahət edənlər özəlliklə hava qaralandan sonra diqqətli olmalıdır. Qiymətli əşyaların nəzərə çarpması fərdi riski artırır.”

Bu sözlər Almaniya Xarici İşlər Nazirliyinin Azərbaycana səfər edəcək vətəndaşlarına xəbərdarlığındandır. Bizim diqqətimizi çəkən sadəcə bu deyil. Xəbərdarlıqda Dağlıq Qarabağ məsələsinə tam obyektiv münasibət bildirilməsi təqdirəlayiqdir və onun da tərcüməsini təqdim edirik:

 

“Dağlıq Qarabağ bölgəsinə səyahət: Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və yalnız Ermənistan tərəfdən girişi olan Dağlıq Qarabağ bölgəsinə, həmçinin Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarına səyahət etməmək təkidlə tövsiyə edilir. Bu tövsiyə həm də atəşkəsin (təmas xəttinin) Azərbaycan tərəfindəki hissəsinə aiddir. Əlavə olaraq Azərbaycanın Naxçıvan Muxtar Respublikasıyla Ermənistan arasındakı sərhəd xəttində də atəş mübadiləsi ola bilər. Sözdə “Dağlıq Qarabağ Respublikası” beynəlxalq hüquqa görə, Almaniya dövləti tərəfindən tanınmır. Dağlıq Qarabağa və Ermənistanın işğalı altındakı Azərbaycan Respublikasının yaxın bölgələrinə səyahət edən səyahətçilərə konsulluq xidməti və yardım göstərilə bilməz. Təmas xəttində daim atəşkəsin pozulması halları olur və mina riski vardır. Dağlıq Qarabağa Azərbaycanın uyğun izni olmadan səyahət etmək ölkə qanunlarına görə cinayət əməlidir və gələcəkdə Azərbaycana girişin əngəllənməsinə səbəb ola bilər”.

 

Olduqca aydın, birmənalı və əlavə şərhə ehtiyacı olmayan izahdır. Yəni Almaniya dövləti öz vətəndaşlarına açıq mətnlə izah edir ki, Dağlıq Qarabağ və digər Azərbaycan əraziləri Ermənistanın işğalı altında olduğu üçün ora səyahət etmək olmaz.

Xəbərdarlıqda daha sonra qeyd edilir ki, Azərbaycandan iznsiz sözdə “Dağlıq Qarabağ Respublikası” və Ermənistanın işğalı altındakı digər ərazilərə səfərlə bağlı pasportunda qeyd olanlara Azərbaycana giriş üçün vizadan imtina edilə bilər. Hətta Azərbaycan işğal altındakı torpaqlara edilən səfər haqqında başqa mənbələrdən məlumat almış olsa belə.

Ermənistanla bağlı xəbərdarlıqda da mövqe birmənalı və aydındır: “Dağlıq Qarabağ və Ermənistanın işğalı altındakı Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarına səyahət etməmək şiddətlə tövsiyə olunur”.

Burada da açıq mətnlə qeyd olunur ki, “Federativ Respublika sözdə “Dağlıq Qarabağ Respublikası”nı tanımır”.

Alman dəqiqliyi burda da özünü göstərir. Bu dövlətin bu yanaşması bir daha göstərir ki, bir sıra mərkəzlərin və erməni dostlarının saxta təbliğatına baxmayaraq Almaniya nəyin nə olduğunu yaxşı bilir. 

Azər Həsrət təqdim etdi..

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !