Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada iftar süfrəsi təşkil etmişdir -

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada iftar süfrəsi təşkil etmişdir

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada iftar təşkil etmişdir. Tədbir müsəlmanların müqəddəs Ramazan bayramı münasibətilə Rusiya Müftiləri Şurası tərəfindən qurulmuş Poklonnaya dağındakı Ramazan bayramı çadırında ("Şater Ramadana") keçirilmişdir.
Azərbaycan diasporunun nümayəndələrinin, oruc tutan azərbaycanlı gənclərin, müxtəlif millətlərdən olan qonaqların iştirak etdiyi tədbirdə əvvəlcə Müqəddəs Qurani-Kərimdən surə oxumuş, dua verilmişdir. Sonra həmvətənlərimiz, Moskvada yaşayan müsəlmanlar və qonaqlar Azərbaycanın milli yeməklərindən və şirniyyatlarından dadmışlar.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin Əliyev çıxış edərək diplomatik nümayəndəlik adından müsəlmanları bayram münasibətilə təbrik etmiş və müqəddəs Ramazanın Azərbaycanda geniş qeyd olunduğunu bildirmişdir. İftarda Azərbaycan haqqında film nümayiş etdirilmiş, bütün gecə boyu milli musiqi səsləndirilmişdir. Çadırın önündə Azərbaycan rəssamlarının yaratdıqları əsərlərdən - Bakının görüntüləri və Azərbaycanın füsunkar təbiəti və tarixi abidələri təsvir edilmiş rəsmlərdən ibarət sərgi təşkil olunmuşdur. "Baku", "AMOR", "İrs" jurnallarının nüsxələri, Heydər Əliyev Fondu tərəfindən Azərbaycan haqqında nəşr olunmuş yeni çap məhsulu, ölkəmizdən bəhs edən multimedia diskləri və Azərbaycanın gözəl görüntülərini əks etdirən açıqcalar paylanmışdır.
İftarı təşkil etmiş Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya xüsusi minnətdarlıq ifadə edilmişdir.
Qeyd etmək lazımdır ki, "Şater Ramadana" Rusiya Müftilər Şurasının mühüm layihəsidir. Bu layihə paytaxtın və Rusiyanın digər regionlarının sakinləri arasında dostluğu möhkəmləndirmək, İslam dininə etiqad edən çoxsaylı xalqların Moskvada yaşayan nümayəndələrini birləşdirmək məqsədilə həyata keçirilir. Bu layihədə Qazaxstan, Türkiyə, Türkmənistan, Tacikistan, Dağıstan, Tatarstan, İnquşetiya və başqa ölkələr də iştirak etmişlər.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi artıq üçüncü ildir ki, bu layihədə fəal iştirak edir, möminlər üçün iftar təşkil edir.
Asya Hacızadə
AzərTAc-ın xüsusi müxbiri
Moskva

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !