Afət Fərmanqızı yuxu gördü... - - Rasim Balayev etiraz etdi (+ViDEO)

Afət Fərmanqızı yuxu gördü... - Rasim Balayev etiraz etdi (+ViDEO)

Afət Fərmanqızı “Ədalət”ə danışdı: “Yuxumda Nəsimi dedi ki, Afət, dur oxu”

 

Müğənni Afət Fərmanqızı İmadəddin Nəsiminin "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" qəzəlini mahnı kimi ifa edib.

Onun bu addımı sosial şəbəkələrdə müzakirələrdə narazılığa səbəb olub. Adalet.az müğənni ilə əlaqə saxlayıb və onunla qısa müsahibə edib. Müsahibəni təqdim edirik:


- Afət xanım, yeni çıxan mahnınızla bağlı soruşmaq istəyirəm. Necə yarandı bu mahnı?

- "Nəsimi ili” elan olunmuşdu. Mən də Nəsimi haqqında məqalələr oxuyurdum. Bir gecə də yatmışam. Rəhmətlik şair özü yuxuda mənə deyib ki, Afət bu qəzəlimi oxu.

- Amma Nəsiminin qəzəlinə mahnı oxumağınız sosial şəbəkələrdə tənqid olundu. Dedilər ki, toy mahnısıdır...

- Toy mahnısı deyil! O dünyəvi bir mahnıdır! Neçə dəfə mükafatlar alıb! "Pəncu-şeş” çox məşhurdur.

- Hind mahnısa Nəsiminin sözlərinin yazılması da qınanıldı...

- Kim tənqid edir etsin. Bu məni düşündürmür. "Pəncu-şeş” Hollivud, yaxud Bollivudun çox tanınmış mahnısıdır. Dəfələrlə mükafat alıb, Qremmidən üzü bəri. O mahnıya kim nəsə deyə bilər ki? O mahnıya söz qoşmaq bizim ixtiyarımızda deyil. O mahnını tanıyanlar heç sizi, bizi tanımır.

- Söhbət sizin mahnıdan gedir. Onu bayağı, toy mahnısı kimi təqdim edirlər...

- Mənim heç vecimə deyil. Düşmənlərim nə cür təqdim etməliydilər ki?

- Siz düşünürsünüz ki, oxuduğunuz ciddi bir mahnıdır? Yəni toya hesablanmayıb?

- Əlbəttə, ciddi bir mahnıdır. Bu mahnının təqdimat mərasimini sizə göstərərəm, o zaman görərsiniz ki, bu necə ciddi mahnıdır. Bütün dünya ordadır. Bir də ki heç bir yerdə, qanun məcəlləsində qadağa yoxdur ki, müğənni Nəimidən, Nəsimidən, Mikayıl Müşfiqdən oxuya bilməz.

- Təbii ki, yoxdur...

- Hə, mənim də ürəyim istəyib oxumuşam. Siz deyirsiniz ki, toy mahnısı olduğunu deyirlər. Bu toy səviyyəsizdirsə, bəs niyə toy eləyirik?

- Siz toylarda oxuyacaqsız o mahnını?

- Əlbəttə. Toyda da, efirdə də. Hər yerdə.

- Tənqid edənlərə, bayağı deyənlərə cavabınız var?

- Nəsiminin qəzəlini oxumaq cinayətdirsə, mənə o cinayət məcəlləsini göstərsinlər. Ürəyim belə istəyib, oxumuşam. O mahnıya Hollivuddan, Bollivuddan kimlər-kimlər qiymət verib. Necə deyim ki, adamların xətrinə dəyməsin? O mahnıya kiminsə nəsə deməsi sizin, mənim, heç kimin iqtidarında deyil. Yenə deyirəm, o mahnı dünyəvi mahnıdır.

- Bu mahnı nə zaman ortaya çıxdı?

- 2011-ci ilin mahnısıdır. Azərbaycanda da bunu insturmentalistlər çalmışdılar. Sadəcə söz qoşub oxumamışdılar. Hind mahnısıydı bu. Mənim də xoşuma gəlib oxumuşam. Nə var ki burda? Mən hind dilini bilmədiyimə görə oxuya bilmirdim. O mahnıya ayrıca söz də yazdıra bilərdim, amma Nəsiminin qəzəli elə oturdu ki ora. Yuxumda da Nəsimi dedi ki, dur oxu ey Afət...

- Filmdə də belə bir səhnə var: "Vəsf zamanı deyil, Afət”...

- Hə... (gülür) Ay sağ ol! Xəbəriniz var? Mahnı partlayıb... Sonda deyim ki, kimin bu mahnının dünyəvi olmasına şübhəsi varsa, mən ona bunu sübut edə bilərəm. Və dünyəvi bir mahnıya yalnız böyük Nəsiminin sözləri yaraşardı.

 

- Sağ olun! Uğurlar!

- Təşəkkürlər!


Söhbətləşdi: Ayxan Ayvaz

 

                                                                                ***

 

Rasim Balayev Afət Fərmanqızına əsəbləşdi: “Belə şeyləri efirə buraxmaq olmaz”

 

Xəbər verdiyimiz kimi, müğənni Afət Fərmanqızı İmadəddin Nəsiminin "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" qəzəlini mahnı kimi ifa edib. Onun bu addımı sosial şəbəkələrdə müzakirələrdə narazılığa səbəb olub.

Adalet.az məsələ ilə bağlı tanınmış aktyor, Xalq artisti Rasim Balayevdən münasibət öyrənib. Rasim Balayev açıqlamasında müğənnini kəskin tənqid etdi:"Sənətdə başsızlıq baş alıb gedir. Yaxşı ki çırtmayla Nəsimini oxumurlar, meyxanaya döndərmirlər. Hər kəs hər şey eləyə bilər artıq. Qoruq yox, qaytaq yox. Kim nə bilir, onu eləyir. Ağlına və ağzına gələni ortaya qoyur. Səviyyəsiz adamlar nə istəyirlər eləyirlər. Gərək bir qayda-qanun ola. Çox adamın ağlından çox fikir keçir. Amma bunu efirə buraxmamaq lazımdır. Hər şey efirə çıxmamalıdır. Bunlar isə ucuz, reytinqə işləyən nə olursa, buraxırlar efirə, milləti də bədbəxt edirlər. Belə şeyləri efirə buraxmaq olmaz axı. İndi deyirsiniz ki, hind mahnısı üzərində Nəsiminin qəzəlini oxuyublar. Vaxt gələcək çırtmayla da oxuyacaqlar, meyxanayla da. Açıq qapıdır, hərə bildiyini eləyir”.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !