Meydan və küçə təfəkkürlü köhnə müxalifətin mitinq nostaljisi - - Bəhruz Quliyev

Meydan və küçə təfəkkürlü köhnə müxalifətin mitinq nostaljisi - Bəhruz Quliyev

Meydan və küçə təfəkkürlü köhnə müxalifətin siyasi uğur qazanacağı haqqında düşünənlər kökündən yanılırlar və bu gün radikal qruplar özləri barədə yüksək fikirləri ilə hələ də utopik xəyallardan, nostalji hisslərdən ayrılmadıqlarını ortaya qoyurlar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert bildirib ki, hələ də 1990-cı illərin eyforiyasından ayıla bilməyən müxalifət liderlərinin indiki dövrdə də eyni çağırışlar etmələri, o cümlədən şüarlarının dəyişilməməsi, əslində, onların bu illər ərzində öz yerlərində addımladıqlarının aşkar göstəricisidir: “Baxın, onlar kütləvi mitinqlərdən, itaətsizlikdən, yaxud iğtişaşlardan dəm vururlar. Amma çox gülməlidir ki, nimdaş düşüncə tərzli bu liderciklər hansı elektoratla belə iddiadadırlar?" Dünyanın kosmik əsrdə tərəqqi etdiyi bir dövrdə özlərini lider adlandıranların küçə, yaxud çayxana müxalifətçiliyi dilində danışmaları müasir ictimai rəydə, eləcə də siyasi cəhətdən təfəkkürləri inkişaf edən insanlarda onlara qarşı istehza hissləri yaradır. Çünki çoxları bu gün həmin müxalifətin hakimiyyətdə olduqları zamanları unutmayıb. Məhz bu müxalifət iqtidarda olduğu zamanlarda nəinki siyasilərə, eləcə də media mənsublarına qarşı nə qədər amansızlıqlar ediblər, xoşlarına gəlməyən tənqidi yazı və məqalələrin dərc olunduğu qəzetləri jurnalistlərə zorla yedizdiriblər”.

Bəhruz Quliyev digər faktları da xatırladıb: “Bu gün çoxlarının yadındadır ki, yenidən hakimiyyət iddiasında olan bu müxalifət rəhbərləri televiziyalarda gedən canlı yayımlara hücum edərək efirlərdə özbaşınalıqlar törədiblər, insanları təhqir edərək, döyərək, onları alçaldıblar. Budurmu onların demokratiya uğrunda mübarizə üsulları? Yoxsa ki, onlar yenidənmi həmin hadisələri xalqa yaşatmağı arzulayırlar? Əlbəttə ki, xalq belə müxalifəti heç vaxt dəstəkləməyib və dəstəkləməyəcək də. Çünki xalq sabitliyin, inkişaf və tərəqqinin – mövcud iqtidarın yürütdüyü qətiyyətli, məqsədyönlü siyasətin yanındadır”.

Siyasi ekspert əlavə edib ki, eyforiya və total anarxiya üzərində aparılan bənzər siyasət hər zaman məhvə, süquta və uğursuzluğa məhkum olub: “Hansı müxalifət partiyası olmasından asılı olmayaraq, əgər həmin partiyanın rəhbərliyi “mənəm-mənəmlik” prinsipindən çıxış edirsə, özünü cəmiyyətə zorla, lüzumsuz çıxışları ilə lider kimi təqdim edirsə, habelə izafi eyforiyaya qapılaraq, total anarxiya siyasəti ilə hakimiyyətə gələcəyini hesab edirsə, belələrinin məğlubiyyəti, hətta deyərdim ki, rüsvayçı məğlubiyyəti mütləqdir. Gördüyümüz kimi, mitinqlər, aksiyalar vasitəsilə daxillərindəki çirkablıqları növbəti dəfə nümayiş etdirən bu “liderlər” 90-cı illərin həndəvərində var-gəl edirlər və bu var-gəllər, gərdişlər faktiki olaraq nəticəsiz qalır. Yəni, fakt budur ki, biz daha öncəki illərdə də bənzər mitinqlərin, həmin mitinqlərdə bənzər ifadələrin səsləndirildiyini görmüşük. Ona görə xalq onlara inanmır”. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !