Ermənistan radikalları: Azərbaycana inqilab! - - Azər Həsrət

Ermənistan radikalları: Azərbaycana inqilab! - Azər Həsrət

Dünəndən Prezident İlham Əliyevin Davosda keçirdiyi görüşlərə baxıram. Doğrusu, bu qədər gərgin rejimdə işləməyin necə mümkün olduğunu anlamaqda çətinlik çəkirəm. O sayda yüksək səviyyəli təmsilçiləri qəbul etmək, onlarla qısa da olsa fikir mübadiləsi aparmaq həqiqətən çox ağır işdir. Biz hələ adi fəallar olaraq bu qəbildən görüşlərin birini-ikisini keçirən kimi yoruluruq. Amma Prezident İlham Əliyev bir anı belə boşa xərcləmir, ayrı-ayrı dövlət rəsmiləri, dünyaca məşhur şirkət təmsilçilərilə görüşüb söhbət edir.

Təbii ki, bunlar sadəcə söhbət deyil, Azərbaycana yeni yatırımların cəlb edilməsi, ölkəmizin perspektivləri haqqında məlumatlandırma, iqtisadi imkanlarımızı genişləndirmək üçün axtarışlardır. Öncəki illərin Davos təcrübəsindən çıxış etsək, yenə də deyə bilərik ki, bu forumdan sonra Azərbaycan üçün yeni perspektivlərin açılacağını proqnozlaşdıra bilərik.

Bütün bu görüşlərdə hər kəsin, o cümlədən də bizim diqqətimizi çəkən daha biri var. Bu, Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla bir araya gəlməsidir.


Əliyev-Paşinyan görüşündən

Hələlik bu görüşün ayrıntıları haqqında geniş bilgi yoxdur. Heç bəlkə də olan deyil. Çünki belə görüşlər bir qayda olaraq bağlı qapılar arxasında keçirilir, tərəflər razılaşdırılmış ümumi açıqlamayla məsələni qapadırlar. Lakin bəzən o ümumi açıqlamadan da nəyisə zərrəbinlə çəkib mahiyyəti anlamaq olur.

Sözümüzün canı odur ki, Azərbaycan Prezidentinin Paşinyanla görüşü özlüyündə artıq fakt olaraq diqqət cəlb etməyə yetərlidir. Hələlik onu da bilirik ki, bu görüş saat yarım davam edib. Bir-birilə heç də xoş münasibətdə olmayan iki dövlətin təmsilçilərinin bu qədər uzun müddət ərzində sadəcə kef-hal soruşmadığı da gün kimi aydındır. Əgər görüş bu qədər uzun çəkibsə, ortada çox ciddi söhbət olub. Hər iki tərəf yəqin ki, Qarabağ münaqişəsinin həllinin həm Azərbaycanı, həm də Ermənistanı qane edəcək formatı barədə fikirlərini paylaşıblar. Bura onu da əlavə edək: lap bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra səslənən pozitiv notlar yəqin Əliyevlə Paşinyanın görüşünə də rəng qatmamış deyil.

Hələ o fakt da var ki, nazirlərin görüşünün ardından Ermənistanın ictimai TV-si “xalqların sülhə hazırlanması” ruhunda veriliş yayımlayıb. O veriliş də Ermənistandakı radikalların qəzəbinə tuş gəlib. Radikalların fikrinə görə, veriliş Azərbaycana rəğbət üzərində köklənibmiş…

Bununla paralel olaraq Ermənistandakı radikallar Azərbaycan müxalifətinin Mehman Hüseynov avantürası üzərindən fəallaşma cəhdindən də vəcdə gəliblər. Hətta belə fikirlər səslənib ki, Ermənistanın siyasi fəal kəsimi Azərbaycan müxalifətini bu ölkədə inqilab gerçəkləşənə qədər dəstəkləməlidir. İddia edirlər ki, Azərbaycanda hakimiyyət dəyişsə və hazırda müxalifətin önündə getdiyini deyənlər hakimiyyətə gəlsə, Ermənistan daha əlverişli şərtlərlə Qarabağ məsələsinin həllinə nail ola bilər…

İndi Ermənistandakı belə bir ictimai-siyasi ortam varkən Prezident İlham Əliyevin Nikol Paşinyanla söhbətə bu qədər vaxt ayırması anlaşılandır. Heç şübhə yox ki, görüşün uzun çəkməsi Paşinyanın ehtiyacı üzündən baş verib. Zatən onların görüşü başlarkən çəkilmiş şəkil və videodan da bəlli olur ki, Paşinyan heç də yüksək əhvalda deyil və Azərbaycan prezidentinin dəstəyinə ciddi ehtiyac duyur.

Bəs, belə bir dəstək necə ola bilər? Bu sualın cavabını biz təkrar-təkrar vermişik. Özü də məhz Prezident İlham Əliyevin çıxışlarına əsaslanaraq.

Azərbaycan Prezidenti davamlı olaraq Ermənistanın çiçəklənməsi üçün yollar göstərir, xoş məramlı tövsiyələr verir. Belə xoş məramlı tövsilər 2018-ci il dekabrın 31-də İlham Əliyevin Azərbaycan xalqına müraciətində, ondan sonra da Nazirlər Kabinetinin toplantısındakı çıxışında səslənib. Biz də o fikirlərdən hərəkət edərək bir daha Ermənistan üçün əsas çıxış yolunu dilə gətiririk.

Ermənistanın çiçəklənməsinin, ermənilərin ümumiyyətlə bir millət olaraq varlıqlarını qorumasının tək yolu işğalçı siyasətdən əl çəkmək, Azərbaycan və Türkiyə ilə ortaq razılığa gəlməkdən keçir. Hazırda təcrid olunmuş şəraitdə boğulan Ermənistan Azərbaycanla dil taparsa, Türkiyəylə anlaşılmazlıqlarını həll edə biləcək. Dil tapmanın tək yolu da işğaldan imtina və Azərbaycan torpaqlarından hərbi qüvvələri çıxarmaqdan keçir. Ermənistan bu addımı ata biləcəyi təqdirdə həm Azərbaycandan, həm də Türkiyədən milyardlarla ölçülən yatırımların o ölkəyə axması, iqtisadiyyatın dirçəldilməsi və ermənilərin normal şəraitdə insanca yaşaması üçün düyməyə basılmış olacaq. Paşinyan bunu anlayırmı? Əminik ki, anlayır. Sadəcə “öz əli – öz başı” olmadığı üçün qəti qərar verməkdə çətinlik çəkir. Ona görə də biz Azərbaycan ictimai rəyinin təmsilçiləri olaraq həm də erməni ictimai rəyini maarifləndirib işğaldan imtinaya hazırlamaqda yardımçı olmalıyıq…

Sözardı: Ermənistandakı radikallar o ölkənin ictimai TV-sində Azərbaycanlılara nisbətən yumşaq yanaşmayla müşayiət olunan verilişi də topa tutublar… 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !