Elşad MƏMMƏDLİ: - Turizmə zərbə vuran möhtəkirlər

Elşad MƏMMƏDLİ: Turizmə zərbə vuran möhtəkirlər

 2015-ci ildən bu yana Azərbaycanda turizmin inkişafına dövlət səviyyəsində xüsusi diqqət ayrılır. Obyektivlik naminə, ötən müddət ərzində həm xarici turistlərin ölkəyə axını, həm də daxili turizmə meyl edən vətəndaşların sayının artması müşahidə olunur. Düzdür, sonuncu Yeni il bayramı ərəfəsində turistlər az gözə dəydi, amma bunun qlobal səviyyədə obyektiv səbəbləri də var. Təbii, subyektiv səbəblər də mövcuddur və bu, daha çox narahatedicidir.

Bu "subyektiv səbəb” dediyimiz isə yalnızca ölkədə xidmət sektorunda, iaşə obyektlərində - restoran-kafelərdə, istirahət-əyləncə mərkəzlərində, hotellərdə xaos hökm sürməsindən ibarətdir. İllərdir sahibkar mədəniyyəti, özəl sektorda normal yerli və xarici turizm təfəkkürü formalaşması haqda da danışılır, amma nəticəsi demək olar yoxdur.

Faktiki olaraq turistik xidmət sahələri möhtəkirlərin əlində qalıb. Əlbəttə, dünyanın hər yerində lüks standartlar, bahalı hotellər mövcuddur və onların xüsusi müştəriləri var. Lakin turistik zonalarda orta təbəqə, yerli turizmdə isə kasıblar üçün də standartlar mövcuddur.

Azərbaycanda isə nəinki kasıb, hətta orta təbəqənin belə istirahəti nəzərdə tutulmur. Faktiki olaraq əksər sahibkarlar əllərinə düşən fürsətdə "əlimizə keçəni qaz kimi yolaq” prinsipini prioritet seçiblər.

Xidmət səviyyəsi, xidmətçilərin müştəri ilə davranışı isə bahalı qiymətlərə rəğmən heyrət doğurur. Hətta müştərini döymək istəyən xidmətçilərə də rast gəlinib. Bəs xaricdə müştəri ilə davranış necədir? Elementar nümunələr deyim, 2017-ci ildə Ukraynada, 2018-ci ilin yayında Trabzonda qaldığım hotellərdən hələ də ümumbəşəri bayramlarda təbriklər alıram, çox ucuz qiymətə xidmətlər təklif edirlər...

Bakı və bölgələrdə restoranlarda, hotellərdə xidmət səviyyəsi, qiymət xaosu haqlı olaraq narazılıq yaradır. Bakı bulvarında, İçərişəhərdə, Fəvvarələr meydanında, paytaxtın digər ərazilərində, hətta ucqarlarında belə bu vəziyyət paytaxt sakinlərinə tanışdır. Artıq bütün ölkəyə yayılıb möhtəkirlik.

Məsələn, bu yaxınlarda jurnalist həmkarlarla rayonlardan birinə yas məclisinə gedirdik. Səhər saatlarında Ağsu aşırımında dayanıb, 1 stəkan çay içib yolumuza davam etmək istədik. Üz-gözünü turşutmuş xidmətçi dedi ki, çayı ancaq yeməkdən sonra verəcəyik, yoxsa 20 manata çay dəstgahı almalısınız.

Bayram günlərində eyni vəziyyətlə Sumqayıt bulvarında da rastlaşdıq.

Öncə onu qeyd edim, dövlət Sumqayıt bulvarında möhtəşəm iş görüb. Hörmətli Zakir Fərəcovun rəhbərliyi dövründə Sumqayıt bulvarı Bakı bulvarı qədər gözəl qurulub. Ümumilikdə, çox ürəkaçan işlər görülüb Sumqayıtda. Fəqət, xidmət göstərən özəl sahə möhtəkirləri dövlətə, şəhər rəhbərliyinə kömək olmaq əvəzinə, eybəcər fəaliyyəti prioritet seçib. Dövlət büdcəsi ilə qurulan Sumqayıt bulvarında müxtəlif sahibkarlara məxsus cəmi 3-4 kafe-restoran var. Əhalisinin 70-80 faizi əməkçi təbəqəsi olan Sumqayıt bulvarındakı məhdud sayda restoranlarda ancaq imkanlılar üçün xidmət göstərilir.

Məsələn, bulvardakı "Sweet” adlı restoranda (yeri gəlmişkən, restoranın adının ingiliscə olması da dilimizə hörmətsizlikdir) çay 24 manata satılır.

Restorana girib əyləşən kimi, üst-başı çirkli xidmətçi qaçaraq gəlir ki, nə yeyəcəksiz? Deyirsən, oğul, gecə saat 10-dur, nə yemək, şokoladla çay gətir.

Hikkə ilə deyir ki, yemək yemirsizsə, çay 24 manatdır. Ya da sizə çayı 7 manata (guya bu ucuzdur) yay zalında, istilik olmayan, buzxana effektli yerdə verəcəyik, durun keçin ora. Müştəriyə, yumşaq desək, anormal, tərbiyədən, xidmət qaydalarından kənar yanaşmanın tam özüdür ki, var...

Məsələ ondadır ki, Sumqayıt bulvarını az qala zəbt etmiş restoranların hamısında bu xaos hökm sürür. Nəinki kasıb, orta təbəqə adamları üçün də xidmət göstərmək istəmir əlahəzrət sahibkarlar.

Bu durum son 1 ildə ölkə boyunca daha biabırçı şəkil alıb. Möhtəkirlərlə vətəndaşlar bacara bilmir.

Bəs nə etməli? Lap ötənlərdən ta indiyə qədər acı bir reallığımız var: Əksər Azərbaycan insanları başının üzərində "dəmir əl”, nəzarətçi olmasa, özü özünü tənzimləməyə, bəlli qurallara, dəyərlərə, qanunlara əməl etməyə meylli deyil. Əksinə, müşahidələr göstərir ki, çoxluq azadlıqlar verildikcə bundan yalnızca sui-istifadə edir. Bu işin bir çarəsi qalır: bu sahələrə dövlət nəzarəti tətbiq etmək. Dövlət baba bu haqda mütləq qərar verməlidir, turistləri yolan, yerli müştəriləri qaçaq salan rəzalətli durum aradan qalxmalıdır. Yoxsa möhtəkirlər turizmin "tüstü”sünü boğub, məhv edəcəklər

 ədalət.az

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !