...Özümüz elə öz əlimizlə... - - Bahdəddin Həzi

...Özümüz elə öz əlimizlə... - Bahdəddin Həzi

Gənc tarixçi Şehla Cabbarlı araşdırıb ki, indi Şirvan adlandırılan keçmiş Əli Bayramlı şəhərinin köhnə adı Çıplaqlı, daha sonra isə Qızılayaq olub. Düzünü deyim ki, Əli Bayramlı şəhərinin adının bu dərəcədə məntiqsiz şəkildə dəyişidirilməsinə mən də zamanında öz mənfi münasibətimi bildirmişəm. Çünki Şirvan kimi qədim, tarixi siyasi-coğrafi bölgəmizin adını bir şəhərlə məhdudlaşdırmaq deməkdir və mənim fikrimcə, yanlışdır. Bu, Beyləqan şəhərinə "Qarabağ" adı vermək kimi məntiqsizdir. Əli Bayramlı şəhəri Muğana aiddir. Şirvana nə dəxli var?! (Hətta aid olsaydı belə, yenə də "Şirvan" daha qədim tarixi və geniş coğrafiyanı əhatə edir). Necə ki, Beyləqan Mil düzündə yerləşir, heç Aran Qarabağ da deyil. Şehla Cabbarlının araşdırıb tapdığı adları "yuxarı"larda da biliblər axı. Əks halda bu Elmlər Akademiyası, Tarix İnstitutu, Coğrafiya İnstitutu-filan nə işə yarayır?! Yaxşı, "Çıplaqlı" yaxşı səslənmir, uyğun gəlmir. "Qızılayaq" niyə olmasın ki?!
Mən neçə illərdir yazıram ki, Füzuli rayonunun adını dəyişmək və "Qarabulaq" tarixi adını qaytarmaq lazımdır. Mövlana Məhəmməd Füzulini çox sevirik, böyük şairimizdir, mütəfəkkirimzidir.Mənəviyyatımızın çox dəyərli bir parçasıdır. Mirzə Ələkbər Sabir, Mirzə Cəlil Məmmədquluzadə kimi böyük söz ustalarımız,dahilərimiz də həmçinin bizim üçün çox qiymətlidir. Ancaq onların adını rayonlara niyə veririk ki?! Sabirabad, Cəlilabad... Həmin məntiqlə Gəncəyə Nizami Gəncəvinin və ya Cavad xanın adını niyə vermirik?! Məncə, hər bölgənin öz tarixi adını özünə vermək daha doğru yanaşma olar. Biz Gəncəyə verilən yad adları necə ağrılı qarşılamışıq zamanında. Sonunda Gəncənin adını özünə qaytara bildik. Bu şəhərə hətta Nizaminin adını versəydilər belə, mən etiraz edərdim. Özümüz deyirik ki, bədnam qonşumuz, eləcə də, başqa qonşularımız o ölkələrdəki tarixi izlərimizi itirmək üçün bizə aid olan coğrafi adları, yer-yurd adlarını dəyişir, it-bata salırlar. Bunu haqlı olaraq qəzəblə qarşılayırıq. Ancaq burada -öz vətənimizdə özümüz elə öz əlimizlə eyni işi görmürükmü?! 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !