...Dil hamımızındır; çalışın, onu süni qəfəslərə dürtüb inkişafını əngəlləməyəsiniz... - - İlqar Əlfioğlu

...Dil hamımızındır; çalışın, onu süni qəfəslərə dürtüb inkişafını əngəlləməyəsiniz... - İlqar Əlfioğlu

Son zamanlar dilimizlə əlaqədar statuslar yaman gündəmdədir. Dövlətdən azərbaycan dilini qoruyacaq qanunlar tələb edirlər...
Sadəlövhlər elə bilir, dilimizi qorumasaq, məhv olacaq. Bir o qalıb ki, əllərinə avtomat alıb milli mənliyimizin göstəricisi olan dilin keşiyində dursunlar; sözü yanlış işlədəni, ədatla bağlayıcını ayıra bilməyəni güllələsinlər...
Qədim zamanlarda bizə məktəbdə ifadə yazdırırdılar. Bəlli bir mətni müəllim oxuyurdu, sonra şagirdlər eşitdiklərini kağız üzərində ifadə edirdilər - fikri ifadə etməyi öyrənirdilər.Yuxarı sinflərdə ifadə çönüb inşa oldu. İnşa artıq, insanın təfəkkürünün göstəricisidir - müstəqil fikir yürüdə bilirsən, yoxsa yox; başın işləyir, yoxsa yox... İfadə ilə inşanın fərqini postsovet cavanları yəqin bilməz...
Amma dərd bunda da deyil. Əsl problem budur ki, ədəbi dildə, səliqəli danışmaq əvvəllər ziyalılığın göstəricisi, insanı qiymətləndirmək meyarı idisə, indi heç göstəricisi deyil. Cəmiyyətdə savadlı, natiq insanlar kultu yaradılmalıdır; gözəl danışmaq, fikrini səlis ifadə etmək cəmiyyət içində bir fərqlənmə nişanı olmalıdır. Belə səlis nitqli insanları parlamentdə, yüksək dövlət vəzifələrində görməliyik. Fərdlər inkişaf yolunun əlifbasını pul-parada, dost-tanışda, klan-tayfa əlaqələrində yox, dilinə sahib çıxmaqda, fikrini adam dilində izhar etməkdə görməlidir.
O ki qaldı dilimizi qorumağa, bu dil nə dilçilərin, nə yazıçıların, nə məmurların şəxsi malı deyil - dil hamımızındır; çalışın, onu süni qəfəslərə dürtüb inkişafını əngəlləməyəsiniz; qoyun sərbəst nəfəs alsın, onda dil özü-özünü təmizləyəcək də, qoruyacaq da. Eynən, dəniz kimi...
Bir də, unutmayaq ki, dilimizin yaşı xalqımızınkı qədərdir və onu tarix boyu top-tüfənglə qoruyan olmayıb. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !