Kredit faizləri haqqında yeniliklər... -

Kredit faizləri haqqında yeniliklər...

Ekspert: “Bank sistemi sağlamlaşdırılmayınca…”

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov mətbuat konfransı keçirərək bir sıra maraqlı açıqlamalar verib. Onun dediklərindən aydın olub ki, bu ilin ilk doqquz ayında xarici ticarət balansında ÜDM-in təxminən 19 faizi səvyyəsində müsbət saldo yaranıb: “Beynəlxalq konyuktur son üç ayda da Azərbaycan üçün əlverişli olaraq qalıb. Ümumilikdə, doqquz ayda neftin orta qiyməti ötən ilin eyni dövrünə nəzərən 38 faizə yaxın artıb. Bu şəraitdə tədiyyə balansının profisiti artmaqda davam edir. Doqquz ayda xarici ticarət balansında ÜDM-in təxminən 19 faizi səvyyəsində müsbət saldo yaranıb. Qeyri-neft ixracı illik 13 faiz artıb”.

Baş bankir qeyd edib ki, Azərbaycanda bank siyasətinin kredit fazilərinə təsir imkanlarını artırmağa çalışırlar: “Bununla bağlı islahat gündəliyi var. Başlıca diqqət bu sahədə islahatlara yönəlib. İnflyasiyanın hədəflənməsi rejiminə keçməyə hazırlaşırıq. Hələ ki depozit və kredit faizlərinə təsir imkanları zəifdir. Bu rejimə keçəndən sonra təsir imkanlarımız arta bilər”.

E.Rüstəmov həmçinin deyib ki, hazırda neftin bahalaşmasının Azərbaycan manatının məzənnəsinin möhkəmlənməsinə təsiri cüzidir.

Yeri gəlmişkən, Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 10 faizdən 9,75 faizə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin buna müvafiq olaraq+/-2 faiz olması barədə qərar qəbu edib.

Qeyd edək ki, qurumun İdarə Heyəti bu ilin fevralından bəri uçot dərəcəsinin endirilməsi barədə 3 dəfə qərar qəbul edib. Fevral, aprel və oktyabr aylarında qəbul edilmiş qərarlarla uçot dərəcəsi 15 faizdən 9,75 faizə endirilib, faiz dəhlizinin yuxarı və aşağı həddi +/-2 faiz səviyyəsində müəyyən edilib (Report).

E.Rüstəmov bildirib ki, bu ilin ilk 9 ayında ölkədə orta illik inflyasiya 2,6 faiz təşkil edib ki, bu da Mərkəzi Bankın qiymət artımı üzrə hədəf dəhlizindən (6-8 faiz) aşağı nəticədir: “Həm xarici, həm də daxili risk amillərinin yumşalması fonunda Azərbaycan Mərkəzi Bankı bu ilin yekununda ölkədə inflyasiyanın 3-4 faiz təşkil edəcəyini proqnozlaşdırır”.

Ölkənin baş bankiri həmçinin deyib ki, uçot dərəcəsinin gələcəkdə dəyişdirilməsi proqnozlaşdırılan inflyasiyanın elan edilmiş hədəf intervalına uyğunluğundan asılı olacaq: “Biznes sektorunun inflyasiya gözləntiləri ticarət və xidmət sektorunda qiymət artımı gözləntilərinin azalması hesabına aşağı düşür. İstehlak qiymətlərinin cari dinamikası ev təsərrüfatlarının da inflyasiya gözləntilərinin stabillləşməsini şərtləndirir. Son makroiqtisadi proqnozlar inflyasiyanın bu ilin sonuna 3-4 faiz səviyyəsində qərarlaşacağını göstərir”.

Mərkəzi Bank rəhbərinin fikirlərini şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov bildirir ki, Azərbaycanda inflyasiyanı ikirəqəmli həddə çatdıran əsas amillərdən biri devalvasiyalar idi: “2015-ci ildə iki dəfə devalvasiya baş verdi. 2016-cı ildə devalvasiya olmasa belə, manat 15 faiz dəyərsizləşdi. İnflyasiyanı ikirəqəmli həddə qaldıran əsas səbəblərdən biri bu idi. Digər bir amil idxal məhsullarının bahalaşması ilə əlaqədar idi. Daha bir amil qonşu ölkələrdə milli valyutaların ABŞ dolları qaşısında dəyərsizləşməsi idi. 2017-ci ildən etibarən manatın dəyərsizləşməsi dayandı, inflyasiya yaradan digər amillərin təsiri də zəiflədi”.

Ekspertin fikrincə, bu il inflyasiyanın ikirəqəmli həddə olmayacağını ötən ilin ortalarından proqnozlaşdırmaq mümkün idi: “Çünki neftin qiyməti Azərbaycan dövləti üçün kifayət qədər əlverişli səviyyəyə qalxmışdı, bu il üçün proqnozlar da prosesin davamlı olacağını göstərirdi. Ölkəyə valyuta axını yenidən manat təklifini üstələməyə başladı. Bununla da manatın möhkəmlənməsi üçün zəmin yarandı. Əgər əvvəl Mərkəzi Bank bazara manatın ucuzlaşmaması üçün müdaxilə edirdisə, bu ildən artıq möhkəmlənməsinin qarşısını almaq üçün edir. Çünki manatın möhkəmlənməsi iqtisadiyyatda başladılan islahatlara mənfi təsir göstərər. Bütün bunların nəticəsində ilin yekununda inflyasiyanın hökumətin nəzərdə tutduğu 6-7 faizdən də aşağı olacağı gözləniləndir”.

Mərkəzi Bankın uçot dərəcəsində etdiyi dəyişikliyin isə ölkədə kredit faizlərinə ciddi bir təsiri olmayacaq: “Ona görə ki, Azərbaycanda kommersiya banklarının Mərkəzi Bankın maliyyə resurslarına çıxış imkanları məhduddur. Bu məhdudluq qaldığı bir şəraitdə uçot dərəcəsinin banklar tərəfindən əhaliyə və biznesə təqdim olunan kreditlərin faizinə təsiri belə cüzi olaraq qalacaq”.

Ekspertin fikrincə, uçot dərəcəsinin, Mərkəzi Bankın ölkədəki kredit faizlərinə təsir imkanlarını artırmaqdan ötrü ilk növbədə dövlət maliyyə resurslarına bütün banklar üçün bərabər çıxış imkanı yaradılmalıdır: “Lazımdır ki, hər hansı kommersiya bankına maliyyə resursu ayırmaqda Mərkəzi Bankın özü maraqlı olsun. 2008-2009-cu illərdə ABŞ-dakı ipoteka krediti böhranı zamanı dövlət faiz dərəcələrini 0-0,25 faizə endirməklə bankları böhrandan çıxartdı. Çünki normal bank sistemi vardı. Bizdə isə bank sistemi normal işləmir. Bu gün Mərkəzi Bank kommersiya banklarına istədikləri qədər maliyyə versə, onlar bundan iqtisadiyyatın qeyri-neft istehsal sektorunu maliyyələşdirmək üçün yararlanmayacaqlar. Onlar qısamüddətli dövrdə böyük gəlir əldə etmək həvəsi ilə vəsaitləri idxalçı şirkətlərə paylayacaqlar, bir hissəsini də valyuta alışına yönəldib ehtiyatlarını artıracaqlar. Bu baxımdan, Mərkəzi Bankı da qınamaq olmur. Demək istədiyim odur ki, kredit faizlərini aşağı salmağın əsas yolu onu təklif edən bankların sağlamlaşdırılmasıdır. Banklar normal bank fəaliyyəti göstərmədiyi təqdirdə, bu sahədə heç bir nəticə əldə etmək mümkün deyil”. 

minval.info

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !