Azərbaycan xalçaçıları Beynəlxalq Festivalda... - (+FOTOLAR)

“Azərbaycan xalçaçıları” Beynəlxalq Festivalda... (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, “Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya xanım Tağıyevanın verdiyi məlumata əsasən, 14-16 sentyabr 2018-ci il tarixlərində Gürcüstanın Axaltsixe qalası ərazisində, Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi və USAİD-n Gürcüstandakı Nümayəndəliyi tərəfindən maliyyələşdirilən Birinci Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı-Seminarları keçirilmişdir.
Beynəlxalq Festivalda ölkəmizi “Azərbaycan xalçaçıları” İctimai Birliyinin üzvləri: İdarə Heyətinin üzvü, bədii tikmə, bədii hörmə ustası Şəhla xanım Əsgərova və rəngkar, ağac, keramika üzərində bədii işləmə üzrə ixtisaslaşmış rəssam Leyla xanım Əliyeva təmsil etmişlər. Hər iki sənətkar Azərbaycan Rəssamlar İttifaqının üzvləri və bir çox beynəlxalq sərgi və festivalların iştirakçılarıdır.
Festivalda dekorativ-tətbiqi sənətin müxtəlif istiqamətlərinin: keçə, xalça, milli geyim, ipək, keramika və s. nümayəndələri olan tanınmış sənətkarların əl işləri nümayiş olunurdu. Festival iştirakçıları əsasən Türkiyə, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Azərbaycan və Latviyadan olan sənətkarlar idi. Onların təqdim etdikləri əl işləri isə yerli əhali ilə yanaşı, xarici turistlərin də diqqətini cəlb etmişdir.
Yaradıcı ab-hava, ənənələrin zənginliyi, təqdim olunan əl işləri – festivala gələn ziyarətçiləri riqqətə gətirirdi. Ziyarətçilərin “Ustad dərsləri”ndə iştirakı qeyri-adi marağa səbəb oldu. Onlardan hər biri buradan öz əli ilə hazırladığı, xatirə suveniri ilə ayrıldı.
Festivalın məqsədi – sənətkarların əl işlərinin təbliği ilə yanaşı, həm də öz ölkələrini təmsil edən sənətkarların məhsullarının yayımlanmasına kömək göstərmək idi.
Festival iştirakçıları – sənətkarlar yeni lokal və beynəlxalq əlaqələr qurmaq imkanı əldə etdilər ki, bu da onların gələcək inkişafına mühüm təkan verəcək. Mədəni turizmin inkişafında yeni yanaşmaları hədəfə alan Birinci Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı “Ustad dərsləri”nə artan marağı və bu işin iqtisadi potensialını nümunələr üzərində təşviq etdi.
Professor Röya xanım Tağıyeva daha sonra festival çərçivəsində keçirilmiş ənənəvi sənətkarlıq emalatxanalarının istehsal etdiyi əsərlərdən ibarət sərgi-yarmarkalar, şəxsi kolleksiyalarda və Gürcüstan Dövlət Xalq və Tətbiqi Sənət Muzeyinin kolleksiyasında saxlanılan qədim fotoşəkillərdən ibarət “XIX və XX əsrlərdə Gürcüstanın ənənəvi sənətkarlıq emalatxanaları” adlı sərgidən və “Ənənəvi sənətkarlıq-Emalatxanalarda xidmətlərin işlənib hazırlanması” - sənətkarlıq üzrə ustalar üçün təlimlərdən, turizm agentlikləri üçün təşkil edilən mövcud sənətkarlıq emalatxanaları, ustad dərsləri və xidmətlərinin təqdimatı, əlaqə məlumatı mübadiləsinə həsr edilmiş info-turdan, sənətkarların və müasir rəssamların müştərək fəaliyyətlərindən danışdı. Festival günlərində keçirilmiş “Ənənəvi sənətkarlıq ustalığı” nəşrinin təqdimatını, Ənənəvi sənətkarlıq üzrə ictimai mühazirələrin əhəmiyyətini xüsusilə qeyd etdi.
Sonda “Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədri, professor Röya xanım Tağıyeva Birinci Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı-Seminarlarına dəvətə və yüksək təşkilatçılığa görə Gürcüstanın Sənətkarlıq İrsi Assosiasiyasının direktoru xanım İrina Maniaya bir də dərin təşəkkürünü bildirdi.

Hörmətlə,


Professor Röya xanım Tağıyeva
Sənətşünaslıq elmləri üzrə doktor,
“Azərbaycan xalçaçıları” İB-nin sədri

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !