Naxçıvan: islam mədəniyyətinin paytaxtı mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb - (+FOTO)

“Naxçıvan: islam mədəniyyətinin paytaxtı” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb (+FOTO)

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq “Naxçıvan: islam mədəniyyətinin paytaxtı” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə baş tutan tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, eləcə də Türkiyə və İrandan elm adamları iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar.
“Naxçıvan” Universitetində açılışı olan konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov açıb.
Sonra AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvan: islam mədəniyyətinin yaşadıldığı məkan” mövzusunda məruzəsini təqdim edib. Bildirib ki, Naxçıvan şəhəri 2018-ci ildə “İslam Mədəniyyətinin Paytaxtı” seçilib. O, Naxçıvanın bəşər sivilizasiyasının ilk məskənlərindən olmaqla, həm də dini-mədəni abidələrlə zəngin olduğunu söyləyib.
Naxçıvan şəhərinin qədim və zəngin tarixə malik olduğunu bildirən akademik vurğulayıb ki, burada ilkin şəhər mədəniyyətinin beş min illik tarixi var. “Bu ərazinin Böyük İpək Yolu üzərində yerləşməsi, şəhərin Yaxın və Orta Şərqin şəhərləri, eləcə də digər ölkələrlə çoxsahəli mədəni-iqtisadi əlaqələrinin artması onun inkişafına əsaslı təsir göstərib. Böyük İpək Yolu ilə hərəkət edən ticarət karvanları, bölgəyə gələn tacirlər, səyyahlar, alimlər Naxçıvanın bu inkişafını görüb, öz qeydlərində bu haqda bəhs ediblər”.
Alim orta əsr mənbələrində Naxçıvan şəhəri haqqında çox dəyərli və maraqlı məlumatların olduğunu bildirib.
İsmayıl Hacıyev Naxçıvanın Eneolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin, həmçinin Naxçıvan şahlığının, eləcə də Azərbaycan Atabəylər dövlətinin həm siyasi, həm də mədəniyyət mərkəzi olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Naxçıvanın malik olduğu zəngin tarixi-mədəni irsi və burada İslam dəyərlərinin yaşadılması sahəsində görülən işlər, Naxçıvan şəhərinin müasir inkişafı, bu şəhərin İslam mədəniyyətinin paytaxtı olmağa tam əsas verir.
Akademik bildirib ki, milli dəyərlərin hifz olunduğu və yaşadıldığı muxtar respublikada bəşər mədəniyyətinin əvəzsiz inciləri olan Əlincə qalası, Möminə xatın, Gülüstan türbələri, Qarabağlar Türbə Kompleksi, Əshabi Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi və Xanəgah Abidələr Kompleksi kimi onlarca abidə var. Bu torpaqda 1000-dən çox tarixi abidənin mövcud olması və onlardan 60-a yaxın abidənin dünya əhəmiyyətli olması öz-özlüyündə Naxçıvanın qədim tarixinin göstəricisidir.
Diqqətə çatdırılıb ki, bu gün muxtar respublikada 211 məscid fəaliyyət göstərir və onlardan 74-ü yeni tikilib, 95 məscid, 23 dini ziyarətgah isə yenidən qurulub və ya bərpa olunub. Nuh peyğəmbərin məzarüstü türbəsinin yaxınlığında inşa olunan məscid kompleksi muxtar respublikanın ən böyük və memarlıq quruluşu ilə fərqlənən ibadət ocağı olacaq. Vurğulanıb ki, Nuh peyğəmbərin məzarüstü türbəsinin burada olması, “Qurani-Kərim”də adıkeçən Əshabi-Kəhf ziyarətgahı, imam övladlarının dəfn olunduğu imamzadələr, pirlər, məscidlər Naxçıvanda islami dəyərlərin illərlə qorunaraq günümüzədək gəlib çatmasından xəbər verir.
Tədbirdə akademik Nailə Vəlixanlı “Bölgədə islam dini və mədəniyyətinin təşəkkülündə Naxçıvanın yeri və rolu”, İstanbul Universitetinin müəllimi, professor Oktay Belli “Naxçıvanda olan türk-islam mədəniyyəti abidələrinin türk dünyası üçün əhəmiyyəti”, Ərzurum Universitetinin Sənətşünaslıq kafedrasının müdiri, professor Hüseyn Yurttaş “İslam motivli tac qapıların quruluşunda Naxçıvanın rolu”,, Təbriz Sənət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhram Acarlı “XII-XIII əsrlər Araz ətrafı Naxçıvan arxeoloji ehkamlarına dair təəssüratlar” mövzusunda məruzələri dinlənilib.
Beynəlxalq konfransda elm adamlarının “Naxçıvanda islam mədəniyyətinin tarixi”, “Naxçıvanın islam mədəniyyəti: arxeologiyası və memarlığı”, “Naxçıvanın islam mədəniyyəti ədəbiyyat və folklorda” və “Naxçıvanın islam mədəniyyəti mənbələrdə” adlı bölmələrdə 50-yə yaxın müxtəlif mövzularda məruzələri dinləniləcək.
2 gün davam edəcək tədbirdə iştirakçıların Naxçıvanın bir çox tarixi yerlərinə gəzintisinin təşkili də nəzərdə tutulub.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !