Hacı Fəxri SADIQOV: - Qurban bayramının yaranma tarixi və İslamda yayılmasının sosial aspektləri

Hacı Fəxri SADIQOV: Qurban bayramının yaranma tarixi və İslamda yayılmasının sosial aspektləri

  İslam dinində olan bayramlardan biri də müqəddəs Qurban bayramıdır. AZpress.AZ saytı bununla bağlı ilahiyyətçi, Lənkəran rayonunun Sütəmurdov kənd məscidinin axundu Hacı Fəxri Sadıqovun fikirlərini təqdim edir.

"Qurban" sözü ərəb dilində Allahın rəhmətinə yaxınlaşma anlamına gəlir. Qurban bayramı Həzrəti İbrahim və onun oğlu İsmayılın adı ilə adlansa da, əslində "Qurban" sözünə Həzrəti Adəmin dövründə oğlanları arasında baş verən hadisələrdə rast gəlinir.
Allah müqəddəs Quranda deyir: “Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. Qurbanı qəbul olmayan oğlu öz qardaşına demişdi: “Səni hökmən öldürəcəyəm!” Qardaşı da ona belə demişdi: “Allah ancaq müttəqilərdən qurban qəbul edər”. (Maidə surəsi , 27-ci ayə).
Bu ayədən açıq-aşkar görünür ki, ilk qurbanı həzrəti Adəmin (ə.s.) oğlanları Allah dərgahına aparmışlar. Sonradan bu adət halını alaraq həqiqi mahiyyətindən çıxıb, şeytanın vasitəsi ilə müəyyən zaman ərzində vəhşi bir qanuna çevrilib. İnsanlar təsərrüfatından hər hansı bir şeyi (əkindən və ya heyvanlardan) qurban etmə əvəzinə öz övladlarını ilahələrə (bütlərə) qurban edirdilər.
Həzrəti İbrahim( ə.s.) zamanında isə bu ilahi nemət onun vasitəsi ilə qarışıqlıq və bidətlərdən təmizlənərək əsl mahiyyətini tapır.
Həzrəti İbrahim (ə.s.) və oğlu İsmayıl (ə.s.) vasitəsi ilə Allah bu qanunu kamil olaraq yenidən öz gözəlliyinə qaytarır.
Sonradan Həzrəti Muhəmməd ə.s-ın peyğəmbərlik dövründə isə bu, islamda Həcc mərasimində vacibat və müsəlmanlar arasında kütəvilik halını alır.
Qurban kəsərkən bir neçə məsələyə diqqət vermək lazımdır.
"Qurani-Kərim"də hansı heyvanların qurban kəsilməsi ilə bağlı buyurulur: “Biz hər bir ümmət üçün qurbangah (yaxud məbəd) müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi ənam (davarlar) cinsindən heyvanları kəsərkən Allahın adını çəksinlər (bismillah desinlər)”. (Həcc surəsi 34-cü ayə).
Qurban bayramında kəsilən qurbanlar üç növə bölünür:
1. İbil (dəvə cinsi) 5 yaşı tamam olmalıdır.
2. Bəqar (inək və camış cinsləri) 1 yaşı tamam olmalıdır.
3. Qoyun (qoyun və keçi cinsləri) 6 və ya 7 ayı tamam olmalıdır.
Qurbanı fərdi və ya müştərək qaydada da kəsmək olar. Daha yaxşı olar ki, xırda buynuzlu heyvan fərdi qaydada, iri buynuzlu heyvan isə müştərək qaydada kəsilsin. Müştərək qaydada kəsilən qurbanlıqda və bölünməsində müsəlmanlar şəriət prinsiplərindən kənar çıxmamalıdırlar.
Qurbanlıq üçün kəsilən heyvanın zahiri əlamətlərini bildirən məsələlər də İslamda öz əksini tapmışdır. Qurbanlıq heyvan hər şeydən öncə sağlam və nöqsansız olmalıdır. Kor, şikəst, axtalanmış, buynuzu qırılmış və ya hər hansı bədən üzvündə eybi olan heyvanı qurban kəsmək olmaz. Xəstə və ya qocalıb əldən düşmüş heyvanı da qurban kəsmək islami-əxlaqi cəhətdən icazəli deyil.
Qurbanlıq heyvanın erkək olması daha bəyənilir, amma dişi olsa da olar.
Qurbanlıq üzü qibləyə kəsilməli və kəsənin müsəlman olması vacibdir.
Yaxşı olar ki, bayram namazı qılınandan sonra Qurban kəsilsin.
Qurbanı kəsəndən sonra onun ətinin bölünməsi məsələsi də şəriət qanunlarına uyğun olmalıdır.
Həzrət Peyğəmbər (ə.s.) və məsum imamlardan gələn hədislərə görə, qurbanlıq əti 3 hissəyə bolünməlidir:
1. Qurban kəsənin ailə üzvlərinin payı;
2. Onun “sileyi-rəhm”, yəni qohum-əqrəbadan olan ehtiyaclıların payı;
3. Ona qohum olmayan qonşu və ətrafdan olan ehtiyaclı müsəmanların payı.
Bu bayramın əsas məqsədi heyvan kəsib ətindən yemək deyil. Uca Allah bu bayramın mahiyyətinə işarət edərək buyurur:
“Onların nə əti, nə də qanı Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə, Onu uca tutasınız deyə, bu (heyvanları) sizə beləcə ram etdi. Sən isə yaxşılıq edənləri müjdələ!”. (Həcc surəsi 37-ci ayə).
Bu il müqəddəs Qurban bayramı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının verdiyi fətvaya uyğun olaraq 22 və 23 avqustda qeyd ediləcək. Qurban bayramının namazı isə avqustun 22-də saat 08:00-dan etibarən məscidlərdə qılınmağa başlanacaq.
Allah kəsilən qurbanları, edilən ibadət və dualları qəbul etsin, bayramınız mübarək olsun!


Qələmə aldı: Ağaddin BABAYEV

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !