Anar Nağılbaz - - " KÜSÜB , BU DÜNYANI TƏRK EDİB GEDƏN İNSAN"

Anar Nağılbaz - " KÜSÜB , BU DÜNYANI TƏRK EDİB GEDƏN İNSAN"

AZpress.AZ xəbər verir ki, Azərbaycanlı reper Anar Nağılbaz dünyasını dəyişib.Bu  məlumatı müğənni Ceyhun Qala şəxsi İnstagram hesabında paylaşıb.

Reperin anasının sözlərinə görə, Anar Nağılbazın ölümünə son zamanlar yaşadığı stress səbəb olub.

 

Anar Cəbiyev 1974-cü ilin mart ayının 28-də anadan olub. Anar Nağılbaz Azərbaycanın ilk repçisi sayılır. O, replə məşğul olmağa 1988-ci ildə başlayıb. Artıq 1990-cı ildə A.Nağılbaz Yaltada beynəlxal festivalda "Bivəfa" mahnısı ilə təmsil edib. İlk albomunun 1996-cı ildə buraxıb.

 

Qeyd edək ki, Anar Nağılbaz Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı olan Rizvan Cəbiyevin oğludur.

***   ***   ***   

Anar Nağılbaz ölümündən 1 gün öncə nələr yazıb?

Bir neçə saat öncə dünyasını dəyişən reper Anar Nağılbazın ölümü ilə bağlı suallar səngimir. Modern.az xəbər verir ki, hazırda sosial şəbəkələrdə bununla bağlı qızğın müzakirələr gedir. Dostları, yaxınları onun son zamanlar ciddi stresslər yaşadığını yazırlar.

Musavat.com-un məlumatına görə, A.Nağılbaz son 24 saat ərzində sosial şəbəkədəki statuslarında hər şeyin daha yaxşı olacağı ilə bağlı fikirlər, şeirlər paylaşıb. Amma eyni zamanda daxilən nələrdəsə özünü ittiham etdiyi hiss olunur. Əsasən rus dilində paylaşdığı şeirlərin məzmunu isə aşağıdakı kimidir: “Hər şey gerçəkdən də axmaqdır. Ola bilər ki, insanın öz axmaqlığından. Amma mənimkilər həqiqi axmaqlıqdır. Yaxşısı budur, onların hamısı barədə susum”.

Daha bir statusunda isə o, optimizmini itirmədiyini yazıb. Hər şeyin öz yerində oturacağına işarə edib və hər kəsə xeyir arzulayıb.

Mərhum reper son 24 saatda paylaşdığı statuslardan birini isə həyat yoldaşı Aytənə həsr edib: “Aytəni sevirəm. O, mənimdir. Hər şey Ok olacaq. Sadəcə, dəstəkləyn. And içirəm, dünyanı parçalayaram. O, mənimdir. Please, məni dəstəkləyin”.

Bu statusun altında gedən müzakirələrdə bəzi dostları xanımı Aytənin onu tərk etdiyini yazıblar. Amma buna qarşı çıxanlar da olub və xanımı xəstə olduğu üçün Anarın belə əhvalda olduğunu bildiriblər.

Son illərdə isə A.Nağılbazın şəxsi həyatı qalmaqallarla zəngin olub. Keçmiş həyat yoldaşı ilə yaşadığı söz davası, mətbuat vasitəsilə bir-birlərinin ünvanına dedikləri ittihamlar, daha sonra reperin özəl görüntülərinin mətbuata yayılmasını bu qəbildən saymaq olar. Bir neçə il öncə isə A.Nağılbaz Çexiyanın paytaxtı Praqada mühacir həyatı yaşayıb. Amma o, daha sonra Azərbaycana geri qayıdıb. Bu barədə onun keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva da danışmışdı: “Bəli, o, ölkəni birdəfəlik tərk edib getmişdi. Lakin mənim boşanmaq istədiyimi bilincə geri döndü”.

Qalmaqallı şəxsi həyatının sonunda, bu ilin 30 iyununda A.Nağılbaz gizli şəkildə evlənib. Özündən yaşca kiçik olan Aytən adlı xanımla ailə quran Nağılbaz onunla birgə Masazırdakı ata evində yaşayırdı. Yanvar ayından birlikdə olan cütlük toy etməmişdi.

***   ***   ***   

Sabiq deputat oğlunun ölüm səbəbindən danışdı
 

AZpress.AZ xəbər verir ki, mərhum reperin atası, sabiq deputat Rizvan Cəbiyev bildirib: “Anar Nağılbazın ölümünə uzun müddətdir çəkdiyi stres səbəb olub”. 

Rizvan Cəbiyev oğlunun ölümü ilə bağlı Real TV-yə açıqlamasında bildirib ki, Anar Nağılbaz evdə, valideynlərinin yanında dünyasını dəyişib.

Rizvan Cəbiyev deyib ki, Anar Nağılbaz bir müddət əvvəl müalicə alıb: “Qara ciyəri iflas etmişdi”.

 

Reperin keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva da Nağılbazın ölümü ilə bağlı danışıb: "Bəli, Anarın vəfat etdiyi doğrudur. Qara ciyəri fəaliyyətini dayandırıb. Onda bu problem çoxdan var idi. Mənə qızlar zəng edib dedi. Mən də keçmiş qayınatamla danışdım. O da təsdiqlədi. Uşaqlara hələ deməmişəm. Necə deyəcəyimi bilmirəm. Hansı hissləri keçirdiyimi sözlə ifadə edə bilmirəm".

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !