Elnur Niftəliyev: - Qanlı körpü dən keçdinizmi...? (+FOTOLAR)

Elnur Niftəliyev: “Qanlı körpü”dən keçdinizmi...? (+FOTOLAR)

AZpress.AZ xəbər saytı Elnur Niftəliyevin "Qanlı körpü" haqqındakı yazısını oxucularla bölüşür:

Gədəbəyə qısamüddətli səfərim zamanı özüm üçün daha bir maraqlı məkanı kəşf etdim. Əslində səhər saat 08:00-da şəhərin mərkəzində taksi sürücüləri ilə maraqlı və fərqli məkan axtarışı ilə bağlı sualımın cavabı daha çox restoran və istirahət məkanları ilə bağlı oldu. Mənim axtardığım isə bu deyildi. Gədəbəy sakini olan sürücü qardaş, birdən arxaya çöndü və dayanacağın üzərində reklam xarakterli fotosu olan körpünü göstərdi və dedi ki, yəqin siz belə bir məkan axtarırsınız...
Söhbətin üstündən təxminən 20-25 dəqiqə keçmişdi, biz artıq fotodakı tarixi körpünü gözlərimizlə görürdük. Nahamar yollarla gəlsək də, hətta arada, avtomobilin bizi məkana sağ-salamat çatdıracağına şübhə etsək də, gəlməyə və görməyə dəyərdi.

Bələdçimizin “Qanlı körpü” haqqında bir cümlə belə məlumatı yox idi. Bu halda köməyimizə internet çatdı. Məlum oldu ki, körpü Siemens qardaşlarından yadigar qalıb. XIX əsrin ortalarında Azərbaycanın bu bölgəsində mis yataqları tapılandan sonra bir canlanma yaşanıb. 1855–1856-cı illərdə yerli sahibkarlar Gədəbəydə zavod tikiblər. 1865-ci ildə alman sahibkar Fon Siemens bu zavodu satın alıb. O gündən Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri Gədəbəydə Siemens-in yadigarları yer almağa başlayıb. Adi yolların əlverişsizliyini görən «Siemens» şirkəti Cənubi Qafqazda ilk dəfə uzunluğu 28 km olan və Gədəbəyi Qalakəndlə birləşdirən dəmiryolu çəkdirib. 4 lokomotiv və 33 vaqonun hərəkət edəcəyi dəmiryoluna əlavə kimi daş körpülər salınıb. Relyefə uyğun olaraq, körpülərin sayı artıb. Kiçik bir ərazidə 7 körpü salınıb.

Bu, irili-xırdalı, körpülərdən ən cəzbedicisi el arasında «Qanlı Körpü» adlanan və görüntüsü ilə insanı valeh edən bu körpüdür. Yol boyu körpünün adı ilə bağlı mütləq bir hekayənin olduğunu düşünürdüm. Axı nə baş vermişdi... ? Əmin idim ki, vahiməli təəssürat yaradan bu ad, əbəs yerə verilməyib.
Məlum oldu ki, yedditağlı bu körpü öz adını bir bədbəxt hadisədən götürüb. Fəhlələrlə dolu qatar mədəndən qayıdarkən həmin körpüdən aşıb və bir nəfər də sağ qalmayıb. Qalan yalnız körpünün yeni adı olub - «Qanlı Körpü».

Körpünün üstündə də gəzdik. Köhnə rels izləri, ərimiş metal qırıntılarına hələ də rast gəlmək olur. Bir əsr yarım yaşı olan bu abidənin varlığından hətta Gədəbəyin özündə belə çox insanın xəbəri yoxdur. Əziyyətimizi çəkən sürücünün son sözü isə məni çox məyus etdi. “Qardaş, 20 ilə yaxındır taksi xidməti göstərirəm, amma ilk dəfədir belə bir məkanı axtaran və yemədən-içmədən oradan ayrılan şəxs görürəm”.

Əslində bu, çox məqamlardan xəbər verir... Təbii ki, zövqlər, şəxsi tələbatlar müzakirə mövzusu deyil. Sadəcə dostlarıma hər zaman bir tövsiyyəm var. Getdiyiniz ölkə, şəhər və kəndlərdə tarixi məkanları, təbiət abidələrini, muzeyləri gəzin, övladlarınıza tanıdın. Bu informasiyanı hər kəslə paylaşın. Öz təcrübəmdən bilirəm ki, bu cür məkanlardan etdiyim paylaşımlar nəticəsində, onlarla dostum, tanışımda o məkanlarla bağlı böyük maraq oyanıb. Bir müddət sonra həmin məkandan maraqlı foto və təəsüratlar bölüşüblər. Əminəm, bu dəfə də istisna olmayacaq. Sizdən soruşuram: “Qanlı körpü”dən keçdinizmi...?

Elnur Niftəliyev
Gədəbəy, “Qanlı körpü”

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !